Ahmedowsky Trio – Caspian Broadcasting

 Ahmedowsky Trio – Caspian Broadcasting

Son zamanlar Azərbaycanın gənc musiqi səhnəsini çox izdihamlı və hərəkətli görürük. Demək olar ki, hər həftəsonu yerli qrupların orijinal və ya məşhur qruplardan kaver etdiyi mahnıların olduğu konsertlərə dəvət alıram. Kürdəxanıda yaşamaq məsələsi bu konsertlərə getmək işini çətinləşdirir təbii ki. Eyni problem Ahmedowsky Trio-nun ZION hostelin damındakı təqdimat konserti vaxtı da oldu və mən FuckUp Nights-da çıxış etməli olduğum üçün dəvətə gedə bilmədim. Bununla belə albomu trionun öz saytından dinləyə bildim.

 

Albom “Intro” trekiylə başlayır və Babəkin monoloqu gitara simləri ilə müşaiyət olunur. Albomun ştampı burada vurulur – Caspian Broadcasting məhz Bakı şəhərinin havası və suyuyla yoğrulub və nəsil fərqi qoymadan özünü gənc hesab edənlərə xitab edir.

 

Albomun ikinci treki Rasim Müzəffərlinin “Rekviem”inin Trio stilində ifasıdır. Intronun ruhunu davam etdirən bu trek bizi “keçid dövrü”nə, çoxumuzun uşaqlığına iz qoymuş 90-lara aparır. Bir növ sonrakı mahnılara və tərzə hazırlaşdırır.

 

“High Rider” sinql kimi onsuz da yayımlanmışdı və “alboma hazırlıq” funksiyası görürdü. Elə albomun da əsas tonunu bu trek təyin edir – Funky!

Jacklin/Egypt” isə Vaqif Mustafazadə təsirinin izlərini elə ilk notlardan biruzə verir. Amma ağlınız qarışmasın, addakı “Egypt” (Misir) sözündən də göründüyü kimi Qafqazdan çox, cənubun, Mesopotamiyanın folk musiqi tərzini daha çox xatırladır. Bunda yanıla da bilərəm. Ən azından Trionun təkcə bir tərzdən yox, bir çox janrdan bəhrələnib amalqam etdiyi məlum olur.

 

“Cavallo & Style” Charles Bukowski’nin “The Style” şeiri ilə müşaiyət olunur və Trionun başqa ilham mənbəyinə – andeqraund incəsənətə eyham vurur. Amerikan tonlarını, qış fəslini qızışdıracaq o izah edə bilməyəcəyim “isti caz” notları hiss etməmək mümkün deyil.

 

“Flame Towers” yenə Bakıya qaytarır. Dinləyərkən istər-istəməz pəncərədən küçəyə baxdım və Flame Towersi görmədim. Çünki mən şəhərin mərkəzində yaşamıram. Bununla belə, musiqinin oynaq olması və solonun yumşaqlığı, sintezator dilləri ilə oynaşma 80-lərin sonu və 90-ların əvvəllərinə aparıb AZTV-nin qırmızı-yaşıl işıqlarla bəzədiyi, musiqiçilərin stilə sahib olduğu bir konsert zalına atır.

“Və bir də” XXXPert ilə kollaborativ işdir. Əsasən Xpertin “Qəssab” albomunun “Və bir də” repi ilə müşaiyət olunur. Nə yalan deyim, elə də bəyənmədim. Ona görə yox ki, repi artıq bəyənmirəm. Bu trek sanki albomun ortasına məcburi şəkildə sonradan qoyulub. Bütün ruh halını dəyişir və elə bil albomu balta kimi ortadan kəsir.

 

“Xudu says go” Trionun ənənəvi tərzindədir. İstəmədən bu mahnını bir də metal tərzində təsəvvür etdim, beynimdə rifflər və sololar eşidildi. Xudayatın zövqündən qaynaqlanmış olmasın? Bu da müəmmalıdır. Yaxşısı budur, özünüz dinləyin, fikrinizi bölüşün.

 

“Alagöz” Rəşid Behbudovun ifasında eşitməyə alışdığımız həzin mahnının kifayət qədər müasirləşdirilib bizə servis edilmiş halıdır. Həzinliyi qorunmaqla yanaşı Trionun özünəməxsus tərzində bizə ötürülür, psixodelik effekt daşıyır.

 

Alboma adını vermiş, dəniz mövzulu “Caspian Broadcasting” nədənsə “Bohren und der club of Gore” qrupunun “Midnight Radio” albomunun ilk trekini xatırlatdı. Və ya bəlkə daha sürətlənmiş versiyası. Blues və cazın möhtəşəm sintezi olan bu trekə görə belə olsa bütün albomu dinləməyə dəyər.

 

Albom zövqlə hazırlanıb. Janrın (Asid caz/Fank) Azərbaycan musiqisindəki yeniliyi və andeqraundluğu Trioya öz sədaqətli dinləyici kütləsini artıq demək olar yaradıb – heç bir konsertində ayaq üstündə dayanmağa belə yer tapa bilmirik. Albomdakı əsas mənfi şey treklər arasında keçid effektinin azlığı və kulminasiyanın olmaması idi. Müsbət yönü isə əlbəttə ki, səs keyfiyyəti və daşıdığı ruh halıdır. “Caspian Broadcasting” sözün əsl mənasında Bakı albomudur; Bakının urbanistik təbiətini hiss etməyə dəvət edir və sizin özünüzü bu qarmaqarışıqlıqda itirməyiniz üçün çalışır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir