Uzun illər boyu musiqinin təbiəti melodik inkişafdan davamedici təkrarlanan parçalara çevrilib və bu, hamımızın çox asanlıqla qəbul etdiyi bir anlayış oldu. İstər qəbul edin, istər yox – musiqi belə inkişaf etdi. Lakin indi başqa mövzudan danışacağıq.
Bekka Stivens – amerikalı müğənni, bəstəkar və gitarist, sözün əsl mənasında musiqiçidir. Bir sıra tanınmış musiqiçilərlə əməkdaşlıq edən Bekka Stivens, Gretchen Parlato ilə eyni qrupda ifa etmiş, Bred Meldau, Timo Andres kimi musiqiçilərlə birgə çıxış etmişdir. O, Şimali Karolina İncəsənət Məktəbində (North Caroline School of Arts) klassik gitar və Nyu-York Caz və Müasir Musiqi Məktəbində (The New York School for Jazz and Contemporary Music) caz vokalı üzrə təhsil almışdır.
Bekkanın yaratdığı musiqi indie, folk, caz və pop janrlarının qarışığıdır. O, kariyerası ərzində 3 albom çıxarmışdır. Biz onun 3-cü albomu olan “Regina” haqqında danışacağıq. İlk öncə onu qeyd etmək lazımdır ki, ukulele səsi albomdakı bütün musiqiləri müşayət edir. Gitar keçidləri, yumşaq sintezator pedləri Bekkinin az da olsa səssiz tembrli səsinin özünü bərkitdiyi sirli çərçivə yaradır. Onun səsini dinlərkən, bu səsi “yaratmağın” çox asan olduğunu düşünürsən amma harmonik komponent çox dərin və zəngindir. Onun işlərində modern musiqinin içdən titrədən sub-bass tonu yoxdur. Hər şey otaq musiqinə uyğun, həmçinin dinamik və energetikdir.
Albomu dinləyərkən rahatlıq, dinclik bəxş edən emosiyalar sizi öz ağuşuna alır. Sakitcə pəncərədən baxaraq düşüncələrə dalmaq, xəyallarınızın sizi xoş hisslər müşayətində dərinlərə aparmağını istəyirsinizsə, bu albomu dinləmək tövsiyyə olunur.
Buradan tıklayıb endirə bilərsiniz / facebook / instagram / website