Udi kilsə musiqilərini dirçəldən Diana Qovasari ilə tanış olun

Azərbaycanda 15-dən çox fərqli etnik icma olsa da biz həmin icmalardan çıxmış incəsənət xadimləri ilə çox tanış deyilik. Bu icmalardan biri də Qafqaz albanlarının davamçıları olan udi icmasıdır. Onlar əsasən Azərbaycanın Nic kəndində, Oğuz şəhərində və həmçinin Gürcüstanın Zinobiani kəndində kompakt halda məskunlaşsalar da Rusiyada, Ukraynada və digər ölkələrdə də yaşayırlar. VarYox vətəndən kənarda yaşayan etnik udi musiqiçilərindən Diana Qovasari ilə müsahibəni təqdim edir.

Əvvəlcə tanımayanlar üçün özünüz haqqında bir az məlumat verə bilərsinizmi? Siz Moskvada doğulmusunuz, amma adi rus deyilsiniz.

İlk növbədə icazə verin, bu gözəl müsahibə üçün sizə təşəkkürümü bildirim. Mən əslində İvanovo şəhərində anadan olmuşam. Moskvadan təxminən 300 km məsafədə yerləşir. 15 yaşında mən ailəmlə birlikdə Moskvaya köçdük və orada iki təhsil ocağında musiqi təhsilimi aldım: Moskva Caz Kolleci və Rusiya Qnesin adına Musiqi Akademiyası. Mənim etnik olaraq udiyəm və mən bu çox kiçik icmanın bir fərdi kimi bütün dünya xalqları arasında unikal hiss etməkdən çox qürur duyuram. Bütün kainatda cəmi 10.000 nəfər udi var.

İfa etdiyiniz mahnıların bəzilərinin bəstəsi Larisa Qovasariyə aiddir və ya həmmüəllifidir, ailəniz də musiqi ilə məşğul olur?

Bəli, o mənim sevgili anamdır. Bir neçə il əvvəl ingilis dili kursları aldığım və 3 ay qaldığım ABŞ-dan gələndə məni ifa etmək üçün böyük Qafqaz etnik konsertinə çağırdılar. O vaxt tamaşaçılara göstərmək üçün udicə mahnımız yox idi, ona görə də anam mahnı bəstələmək qərarına gəldi.  O, birinci və ikinci mahnıları bəstələyib və mənimlə birgə bəzi mahnılar yazdı (əsasən də “The Song for Lord” və “Sa vard”). Bu, sadəcə inanılmaz bir an idi, insanlar bizi də xoş edən mahnıları çox bəyəndilər. Baxmayaraq ki, ailəmdə məndən başqa heç kim peşəkar musiqiçi deyil.

Musiqi karyeranız nə vaxt başlayıb? Sizi hara apardı?

Mən 2 yaşımda oxumağa başladım. Valideynlərimdən xahiş edirdim ki, divanda oturub öz mahnılarıma qulaq assınlar. 3 yaşında olanda bağça tərbiyəçisi anama demişdi ki, oxumalıyam və bununla hər şey başladı. Anam beləliklə məni böyük səhnədə ilk addımlarımı atdığım və hətta bir neçə dəfə ilk mükafatları qazandığım musiqi vokal məktəbinə yazdırdı. O dövrdən mən klassik, ya da pop, caz müğənnisi olacağımı anlamışdım. İndi isə özümü hər tərzin müğənnisi kimi hiss edirəm, çünki musiqini insanlarla paylaşmaq inanılmazdır. O qədər müxtəlif mahnılar, operalar, caz kompozisiyaları, etnik musiqi var ki… Bütün bunları oxumaq üçün bütün həyat lazımdır.

Rus və ingilis dillərində oxuduğunuz kimi görünsəniz də, udi dilində də dini ilahilər və məzmurlar oxuyursunuz. Reaksiya necədir və udi dilinin gələcəyini necə görürsünüz?

Bu üç dildə özümü o qədər rahat hiss edirəm ki, mənə dil öyrənmək və müxtəlif mahnılar ifa etmək üçün çoxlu imkanlar verdiyi üçün həyata minnətdaram. Bəli, reaksiya çox gözəl idi… Müxtəlif ölkələrdən insanlar mənə yazaraq bu mahnıların sözlərini soruşdular və onların tarixi haqqında suallar verdilər. Heç vaxt mahnılarımı indiki qədər dinləyən, bu qədər çox dinləyicim olmayıb, dediyiniz kimi, mahnılarımın əksəriyyəti rus və ingilis dillərində yazılıb. Amma indi bizdə udicə kilsə ilahiləri də var. Bu, həqiqətən qəlbimi isindirir və məni anamla birgə udicə yazmağı davam etdirmək barədə düşünməyə vadar edir. Hazırda udilər mədəni aspektdə və qədim udicə mətnlər üzərində çox çalışırlar.. dilimizi bərpa etməyə çalışırlar. Həqiqətən ümid edirəm ki, dilimiz mümkün olduğu qədər çox uzun müddət yaşayacaqdır.

Azərbaycanda yaşayan udilərlə əlaqəniz varmı? Udi kimliyini vətəndən uzaq tutmaq çətindir?

Bəli, orada mənim və ailəm üçün çox əziz olan qohumlarım var. Mən də uşaqlığımda iki dəfə orada olmuşam. Mən Azərbaycanı və insanlarını bütün qəlbimlə həqiqətən sevirəm. Biz də bir gün Bakıda olduq, adət-ənənələri, insanları ilə gözəl idi. Və bilirəm ki, indi daha da gözəlləşib. O ki, qaldı udi kimliyinə… Bəli, çox çətindir. Çünki Rusiyada yaşamaq, məsələn, mənim üçün rus cəmiyyətinə daxil olmaq demək idi.. musiqi, dostlar, müxtəlif rus icmalarının əhatəsində olmaq. Mənim öz şəxsiyyətimi, o cümlədən bütün bacarıqlarımı əsasən bunlar yaratdı.

Siz həm də vokaldan dərs deyirsiniz, bu çətin işdirmi və musiqi karyeranızı pedaqoji karyera ilə tarazlaşdıra bilirsinizmi?

Aa bax bu sual mənim üçün həqiqətən maraqlıdır. Fikirləşim… Yaxşı, Musiqi Akademiyasında ilk imtahanımı xatırlayıram. O vaxt öz-özümə düşünürdüm ki, heç vaxt insanlara öyrətməyəcəyəm.. “Mən müğənniyəm” – dedim öz-özümə. Amma sonra başa düşdüm ki, mənim nə qədər enerjim var və bunu vokal tələbələri ilə bölüşə bilərəm. Düşünürəm ki, bunu başa düşməyim böyük bir iş idi. Və bu gün ciddi şəkildə deyə bilərəm ki, mən ürəkdən edirəm və mənə çox asan gəlir. İnsanlara mahnı oxumağı öyrədəndə özümü okeandakı balıq kimi hiss edirəm. Bundan əlavə bəzi musiqi əsas nəzəriyyələrini də öyrədirəm. Tələbələrim unikal və həvəslidir. Onların bəziləri hələ Akademiyada təhsil alır, digərləri isə artıq öz mahnılarını və musiqilərini yazır, kliplər çəkirlər. Düşünürəm ki, bu, onlara bunu edə biləcəklərini və buna layiq olduqlarını başa düşmək üçün çox xeyirlidir.

Siz də bəzi məşhur mahnıları kaver etməyi sevirsiniz, ən çox sevdiyiniz sənətçi və ya qruplar kimlərdir? Hansı janrı dinləməyə və ya ilham almağa üstünlük verirsiniz?

O qədər var ki! Çoxdur… Məsələn Adele, John Legend, Lionel Richie, Andrea Bocelli, həmçinin bəzi rus müğənniləri: Boris Qrebenşikov, Nikolay Noskov, Zemfira, Tamara Qverdtseli… Bu mənim əhvalımdan asılıdır. Əgər özümü yorğun və ya gücsüz hiss edirəmsə – sakit mahnıları dinləyirəm. Ya da əksinə. Bundan əlavə, mən Vivaldiyə pərəstiş edirəm və rus və xarici klassik şeirləri çox oxuyuram. Heç vaxt köhnəlmir. Mən özümü dərk edəndən, evimizdə həmişə mahnı oxunurdu, bizim evdə və ya maşınımızda musiqi səslənirdi.

Bəzən uşaqlar musiqiyə maraq göstərdiklərini deyəndə, bəzən valideynləri bu işdə pul olmadığını deyəndə ruhdan düşürlər. Beləliklə, bu uşaqlar xəyallarından imtina edirlər. Musiqiçi olmaq istəyənlərə, xüsusən də sizin kimi etnik icmalardan olanlara mesajınız nədir?

Təslim olmamaq lazımdır! Bu, verə biləcəyim əsas məsləhətdir. Və inanın… Valideynlərim həmişə mənə dəstək olublar. Necə deyərlər “özünüzə inanın”!

Tezliklə yeni albom buraxmağı planlaşdırırsınız?

Mən çox istəyirəm ki, bir albom buraxım və yalnız bir deyil, müxtəlif janrlarda olsun. Fərqli dillərdə, müxtəlif dünya musiqiçiləri ilə.. Ən böyük xəyallarımdandır! Və ən böyük səhnələrdə çıxış etmək…

Bir gün Azərbaycanda çıxış edərdinizmi? Bəlkə Xodver Live layihələrimizdən birində?

Dəvət üçün çox sağ olun! Çox istərdim! Əgər Azərbaycana getsəm – mütləq sizi ziyarət edəcəm və bir neçə mahnı oxuyacağam.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.