Brad Mehldau
Əsl adı Bredford Aleksandr Meldau (orijinal ad – Bradford Alexander Mehldau) olan Bred Meldau (1970-ci il avqustun 23-ü, Jacksonville, Florida, ABŞ-da anadan olub) ifalarına rok elementləri daxil etməklə, öz nəslinin ən təsiredici caz sənətçilərindən birinə çevrilmiş amerikalı caz pianoçusudur.
Caz pianoçusu Bred Meldau 1990-cı illərin əvvəllərindən başlayaraq geniş miqyasda studiya yazıları və canlı çıxışlar etməyə başlayıb. Meldaunun illər ərzində ən davamlı yaradıcılığı trio şəklində olub. 1996-cı ildən başlayaraq, onun qrupu Uorner Bros. leyblı üzərindən “The Art of the Trio” (Trio sənəti) adlı 5 albomdan ibarət seriya buraxıb (2011-ci ilin sonlarında Nonesuch tərəfindən 5 disklik qutu seti kimi yeni qablaşdırmada yenidən satışa çıxarıldı). Eyni dövrdə, Meldau, həmçinin, “Elegiac Cycle” (Elegiya Dövrəsi) adlı həm solo piano, həm də trio ifalarından ibarət “Places” (Məkanlar) albomunu təqdim edib .
Musiqi şəxsiyyətində ikililik barındıran Meldau ilk növbədə improvizatordur və spontan bir musiqi ideyasının birbaşa, real zamanda ifadəsindən ortaya çıxan təəccüb və heyrət onun üçün çox əzizdir. Amma musiqinin formal arxitekturası da Meldau üçün dərin heyranlıq mənbəyidir və onun ifa etdiyi hər bir şeydə öz izlərini göstərir. Ən ilhamlı ifalarında musiqi düşüncəsinin faktiki formasının özü onun üçün ifadə aləti funksiyasını daşıyır. O, ifa etdikcə fikirlərinin hansı şəkildə açıldığını və özlərini hansı sıralama ilə bəyan etdiklərini dinləyir. Hər mahnının aydın hiss olunan süjeti var və bu süjet özünü başlanğıcda və sonda göstərə və ya ümumiyyətlə, qəsdən sərbəst şəkildə buraxıla bilər. Meldaunun şəxisiyyətinin iki tərəfi – improvizator və formalistlik bir-birindən qidalanır və nəticə əksər hallarda idarə olunan xaosu xatırladır.
Yaradıcılığına təsir etmiş Kiz Cerret (Keith Jarrett) kimi Meldau da solo pianoçu kimi həssaslıqla ifa olunan kədərli balladalardan tutmuş, harmonik olaraq zəngin rapsodiyalara qədər dəyişən janrlarda improvizator kimi mükəmməl bacarıqlarını nümayiş etdirib. Onun repertuarı eklektik idi: O, Radiohead və Paul Simon da daxil olmaqla pop ifaçılarının mahnılarını, caz standartlarınə, həmçinin, öz mahnılarını ifa edirdi. “Elegiac Cycle” (1999), “Live in Tokyo” (2004) və “Live in Marciac” (2011) albomları onun soloçu kimi virtuozluğuna və çoxşaxəliliyinə dəlalət edirdi.
Buna baxmayaraq, caz idioması Meldaunun iddialarını bütünlüklə ehtiva edə bilməz. İllər boyunca Yohan Brams və Robert Şuman kimi klassik bəstəkarlar tez-tez onun ifa üslubuna təsir ediblər.
Onun musiqilərini müxtəlif filmlərdə eşitmək olar, bunlara Stenli Kubrikin “Qapalı Gözlər” və Vim Vendersin “Milyon Dollarlıq Otel” filmləri də daxildir. O, həmçinin, Fransız filmi “Ma Femme Est Une Actrice” (“Mənim qadınım aktrisadır”) üçün orijinal saundtrek də yazıb.
Pop prodüseri Con Brayonla “Largo” (2002) və “Highway Rider” (2010) albomlarında və gitaraçı Pət Mitini ilə “Metheny Mehldau” (2006) və “Quartet” (2007) albomlarında əməkdaşlığı Meldaunu yeni yaradıcı istiqamətlərə aparıb.
Brad Meldau ilk Qremmi mükafatını “Finding Gabriel” (Qabrieli tapmaq) albomu ilə 2020-ci ildə “Ən Yaxşı İnstrumental Caz albomu” kateqoriyasında qazanıb. Bu albomda Meldau piano, sintezator, perkussiya və Fender Rhodes alətində həm ifa edir, həm də oxuyur. Albomda Ambrose Akinmusire, Sara Caswell, Kurt Elling, Joel Frahm, Mark Guiliana, Gabriel Kahane, Becca Stevens və başqaları qonaq qismində iştirak edir. AP albom haqqında “Dövrümüzün saundtreki” deyə bəhs edir. “Sözsüz vokalların mürəkkəb istifadəsi heyranedicidir, gözəl səsini bu albomda ortaya çıxaran Meldau özü də ifaçıların sırasındadır. Məlahətli melodiyalar albomda bolluq təşkil edir.”
Mətnin yazılmasında Wikipedia, Encyclopedia Britannica, Brad Mehldau’nun şəxsi saytı və Grammy mükafatlarının saytındakı məlumatlardan istifadə olunub.