“Deutschland”a resenziya

 “Deutschland”a resenziya

Dünən rumın yazar Mirça Eliadenin “Images et Symboles” kitabını yenicə alıb oxumağa başlamışdım ki, “Rammstein”dən illər sonra yeni klip gəldiyini gördüm. Rammstein qrupu tarixə adını mübahisəli klipləri və ikonoqrafiyası ilə yazıb. Yeni klip olan “Deutschland” (Almaniya) da bu mübahisədən kənarda qalmadı.

 

Klipin analizinə keçmədən öncə gəlin sloven filosof Slavoy Jijekin Rammstein haqqında bir fikrinə yer verək:

“Onlar çox çətindir – məncə onlar dəhşətli dərəcədə proqressivdirlər. Onlara proto-faşist qrup demək tamamilə yanlış olardı. Onlar ki, aşkar şəkildə “Die Linke” adlı solçulara dəstək verirlər!”

Jijekin fikrincə Rammstein alman mədəniyyətindəki müəyyən elementləri Nasizmdən çıxarır, zövq alına bilən hala salır və beləliklə incəsənəti ideologiyadan azad edir. Nasizmi içindən dağıdır.

 

Klipin ilk saniyələrində səhnənin vaxtı və yeri göstərilir – “Germania Magna, 16”. Bu il Roma generalı Yuli Sezar Germanikin german tayfaları üzərinə yürüşü və 50000 nəfərdən ibarət ordusu ilə tarixi İdistavisa qələbəsini qazandığı ildir. Klipdə həmin səhnə romalı əsgərlərin alman xalqının və almanlığın şəxsləşdirilmiş halı – “Germania” ilə qarşılaşması ilə başlayır. Germania rolunu aktrisa Rubi Kommi ifa edir. Germania personajı klip boyu qarşımıza çıxır.

Klipin növbəti səhnələri Almaniyanın fərqli tarixi dövrlərini əks etdirir. Hindenburq faciəsindən tutmuş Almaniya Demokratik Respublikasınacan bir çox dövrlər səhnələşdirilib.

 

Döyüş klubu səhnəsi Birinci Dünya Müharibəsi və Veymar dövrünün səfalətini, insanların pul qazanmaqdan ötrü hər şeyi etdiyi dönəmləri göstərir. Germania burada da görünür.

 

Klipin başqa bir nöqtəsində Germanianı orta əsrlər dövrü zirehində, əlində qılınc və bayraqla görürük. Bayrağını yerə sancmaqla ölmüş əsgərləri bir daha dirildir və döyüşə çağırır. Zirehin sinəsindəki ikibaşlı qartal gerbi bizə bu səhnənin Müqəddəs Roma imperiyası dövründən bəhs etdiyini göstərir.

 

Almaniya Demokratik Respublikasının səhnələşdirildiyi səhnələrdə Sovet simvolistikasından əlavə klip ərzində yeganə iki qadını da görürük. Sarışınlıqları ilə rus stereotipinin vurğulandığı bu qadınlar Almaniyanın şərqinin SSRİ-nin kuklası olduğu dövrləri simvolizə edir. Klipdə başqa heç bir yerdə – Germania istisna olmaqla – qadın görmürük. Bu alman xalqının patriarxal strukturuna bir işarədir.

 

Növbəti səhnədə orta əsrlər qaranlığı əks olunub – din adamları və keşişlər əllərində xaçlarla yeməkxanaya gəlirlər. Səhnədə çox qısa şəkildə (2:47) 1700-cü illərin Prussiya əsgərləri geyimində şəxslər oturub içirlər. Digər tərəfdə isə din adamları Germanianın üzərinə tökülmüş yeməyi acgözlüklə yeyirlər. Bu da öz növbəsində açıq şəkildə kilsənin alman xalqını illərlə istismar etməsinin simvoludur. Germanianın düz altındakı qabda sado-mazoxist üslubda geyinən naməlum şəxslər də zülm edilən xalqı göstərir.

 

Klipdə təkcə tarix yer almayıb. “Rocket Ship Galileo” (Nasistlərin Ayda koloniya qurması teoriyasının əks olunduğu, 1947-ci ildən bir roman) və “Iron Sky” (Nasistlərin Ayda koloniya qurub yaşadığı və yeri işğal etməyə çalışdığı göstərilən 2012-ci ildən bir film) kimi əsərlərdən bəhrələnən bu səhnələr kosmonavtların ayda alman mədəniyyətinin qalıqlarını kəşf etməsini göstərir.

 

Klipdə müasir Almaniya və polis zorakılığı da əks olunub. Germania isə həmin səhnələrdə həbsxana gözətçisi rolundadır. Yəni “ana vətənin gözü” daim üstündədir.

 

Növbəti səhnələr klipin əsas hissəsini təşkil edir və ən çox mübahisəyə də məhz həmin hissələr səbəb olub. “Fotografieren verboten!” (Foto çəkmək qadağandır!) yazılı elanın qarşısında 4 yəhudi əsir edamı gözləyir. Onlardan biri asılır. Holokost qurbanlarından biri Şarlot Kloboxx bu səhnə ilə qrupun “xətti keçdiyini” deyib. Almaniya hökümətinin anti-semitizm üzrə komissiya üzvü Feliks Klayn isə “bu, incəsənət azadlığının duzsuz istismarıdır” deyib. Həmin səhnədə fonda göylərə uçan V-2 roketinin də Nasist istehsalı olub kosmosdakı ilk insan əliylə hazırlanmış əşya olduğunu da deyək.

 

Klipdən bir başqa səhnədə Germanianın alman çoban itləri və çevik polis alayı ilə bir yeraltı maşın dayanacağına daxil olur. Bir qrup silahlı şəxs Germanianı qaçırmağa cəhd edir. Məhz bu epizodda, sol tərəfdə Baader-Maynhof qruplaşması olaraq da bilinən ifrat solçu “Qırmızı Ordu Fraksiyası” üçün axtarış elanını görürük.

Sonrakı səhnələr dövrlərin qaynaşmasıdır. Kilsə inkvizisiya ilə Germanianı yandırdığı kimi nasistlər də kitabları yandırırlar. Bununla belə Germania ölmür, hətta növbəti səhnələrdə hamilə qalır. Kosmonavtlar, cəngavərlər hamilə qarnı oxşayırlar. Doğuş anı yetişdikdə bir kardinal geyimli həkim Germanianın qarnında daşıdığının bir it olduğunu görür. Çaxnaşmalar bundan sonra başlayır.

 

Karl Marks büstü fonunda tanklar, bir-biri ilə müharibə edən alman cəngavərlər, nasistləri edam edən yəhudi əsirlər, müasir dövrümüzdəki etirazlar və hadisələr. Klipin ilk hissəsi Germanianın ölümü, tabuta yerləşdirilməsi və kosmosda əbədi istirahətə göndərilməsi ilə bitir. Tam da Jijekin dediyi kimi ekstrim proqressivliyin nümunəsi olan bu klip Alman xalqının fərdləşdirilmiş personajı olan Germanianın artıq ölmüş olduğunu göstərir. Millət-dövlətlər dövrü bitir, Avropa öz simasını itirir – artıq dünyanın hamının olmaq vaxtı gəlib çatıb. Başqa sözlə, bu neonasizmin ustalıqla hazırlanmış bir tənqididir. Müharibələrə dayanmadan davam etməlimi yoxsa bir yerdə reallığı qəbul edib yeni gələcəyi qucaqlamalımı?

 

Klipin sonunda əməyi keçmiş şəxslərin siyahısı göstərilir. Burada hər cürə etnik mənsubiyyətə bağlı şəxs var – almanlar, türklər, hindlilər, polyaklar və s. Bu klip nasizm təbliğindən çox nasizmin tənqididir. Çox güman elə nasistlər əsas obrazın, yəni alman xalqını təmsil edən Germanianın rolunu Rubi Kommi – qaradərili bir aktrisa tərəfindən ifa edilməsinə qəzəblənəcək.

 

Klip siyasi-ictimai mesajlardan əlavə fanatlarına şəxsi bir mesaj da ifadə edir. Klipdə Du Hast, Engel, Mein Teil, Du Riechst So Gut kimi öncəki kliplərə də işarə olunub. Görünür yeni albom qrupun son albomu olacaq. Albom may ayında çıxır. Gözləməyə dəyər!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir