Klassik, müasir, elektron musiqi elementlərindən ibarət miksləri sevən dinləyicilərə bəstəkar Ramin Kulievin 4 trekini təqdim edirik: Fear of loss, Hypnosis, Eternity, Overcast Head
Onun işləri klassik musiqi ənənələrini, müasir klassikanı, minimalizmi və müasir elektron musiqi nümunələrini əhatələyir. Musiqiçinin fikrincə, müəllifi olduğu treklər dinləyicilər tərəfindən hər zaman asanlıqla qəbul edilmir.
“Bəzi treklərimdə NASA-dan götürülmüş Yer və Saturn səslərindən istifadə etmişəm. Siz bu parçaları dinləyərkən kosmosa, fəzaya səyahət edə bilərsiniz, unuda bilərsiniz, musiqilər sizi titrədə bilər və daxilinizdə nəyinsə titrədiyini hiss edib, beləcə bədəninizdən ayrıla bilərsiniz. Treklərin hər biri 1-2 saat ərzində hazırlanıb. Nə barədə düşündüyümü dəqiq deyə bilmərəm, sadəcə belə alındı.”
Ramin Kuliev 1990-cı ildə doğulub və Bakıda böyüyüb. O, 35-ci Şaroev Musiqi Məktəbində, Bakı Musiqi Akademiyasında əfsanəvi bəstəkar və müəllim Arif Məlikovun sinfində, daha sonra Brno şəhərində yerləşən Janacek adına Musiqi və İfaçılıq Sənəti Akademiyasında fortepiano təhsili almışdır. Hal-hazırda Çexiyada yaşayır.