12 iyun 2018-ci ildə “Baku IdeaLab”-də “Equals” və İsveçrə Əməkdaşlıq Ofisinin layihəsi olan “Cəsur qızlar üçün hekayələr” kitabının təqdimat mərasimi keçirildi.
Kitabda uşaqlar üçün nəzərdə tutulmuş və gender stereotiplərinin aradan qaldırılmasına köməklik edəcək hekayələr və illustrasiyalar toplanıb. Hekayələr 20 azərbaycanlı qadın haqqındadır, qarşılaşdıqları çətinliklər və qazandıqları uğurları əhatə edir.
Təqdimatda kitab qəhrəmanlarından bir neçəsi də iştirak edib və uşaqlara özləri haqqında ruhlandırıcı hekayələri oxuyub, onlarla təcrübələrini bölüşüb.
Kitab əsasən uşaqlar üçündür, xüsusilə qızlara ünvanlanıb. Kitabın əsas məqsədi uşaqları ilhamlandırmaq, qadınların da istədikləri, seçdikləri peşəyə sahib olmağa haqqı olduğunu, kitab qəhrəmanlarından Leyla Kərimlinin sözləri ilə desək “Ətrafdakı insanlar səylərinin nəticəsiz olacağını desə belə, həyatdan istədiyini əldə etməyənə qədər təslim olma. Özünə inan. Sən bacaraqsan!” mesajını uşaqlara çatdırmaqdır.
İdeya haqqında
4 gənc qadın “Equals” (“Bərabərlər”) təşəbbüsünü gender bərabərliyini sosial media və tədbirlər vasitəsilə müzakirə və təşviq etmək məqsədilə 2016-cı ildə Bakı şəhərində yaradıb. Təşəbbüsün məqsədi gender stereotiplərindən azad bir mühitin yaradılmasıdır. Ancaq təşəbbüs başladığı nöqtədən daha uzaqlara gedib, 2 il ərzində “Equals” kino nümayişi, foto sərgi, panel müzakirələri ilə cəmiyyətin müxtəlif yaş və gender kateqoriyalı nümayəndələrini gender bərabərliyi haqqında müzakirələrə cəlb edə bilib.