Veyperveyv: heç vaxt mövcud olmayan janr

 

2814-ün 2015-ci ildə yayımlanan “Birth of a New Day” albomunun üz qabığı

Veyperveyv özündə üç duyğunu birləşdirir:

Bir: Yuxusuzluq qayğılarından, şəhər həyatının hədsiz qarışıqlığından uzaq kiçik bir yapon qəsəbəsini yağış ağuşuna aldığı vaxt yaranan sükut. Kiçik balkondan baxarkən parlaq Kyotonu görürsən; şəhərin işıqlarını seyr edir, maşın səsləri və arabir qonşu küçədən gələn “myau” sədalarının müşaiyəti ilə siqaret tüstülədirsən.

İki: Nostalji və 90-cı illərin sürətli hiper-istehlak mədəniyyəti. Heç vaxt ölməyən lift musiqisi, Kmart şoppinq səsləri, şənbə səhəri cizgi filmlərinin cızma-qaraları, mavi və bənövşəyi naxışlı karton stəkanlar. Fərdi kompyuterlərin yaranması, müasir texnologiyanın hələ ilk addımları, günümüzdə də bir qrup gənclərin istifadə etdiyi dayaz, klip-art qrafik dizayn.

Üç: Yunan büstləri və heykəlləri.

80-lərin elektro-pop-rok mahnılarını yenidən işləməklə və səs pərdəsini manik tezliklərlə bir araya gətirməklə standart bir Veyperveyv trekinin yarısını tamamlamış olursan. Bu üsul, xüsusilə, Macintosh Plus-ın “Floral Shoppe” albomunda çox istifadə olunub. Ramona Savyer bu adla yalnız bir trek çıxarsa da, “Floral Shoppe” Veyperveyv janrında cığır açan trek oldu. Eyni zamanda, onun “リサフランク420” mahnısı Veyperveyv musiqisini sevənlərin marşına çevrilib.

 

Veyperveyv paranormal hadisədir. Bu, onilliyin musiqiçilərinin 2000-ci ildə kifayət qədər fanat kütləsi qazandıqdan sonra musiqini daha fərqli bir şeyə mutasiya etdikləri zaman baş verən hadisədir – qəribə şəkildə önəmli və mədəni bir hadisə. Və bir mədəni fenomen kimi veyperveyv bir musiqi janrından daha artıqdır – o, incəsənət, filmlər və kompüter oyunlarını da öz qlitçli toxunacları ilə yoluxduraraq onların layiq olduğundan daha artıq qiymətləndirilməsinə şərait yaradır.

Hər bir fanat kimi, mənim janra marağım adı çəkilən Yapon mahnısını dinləyəndən sonra yarandı (tərcüməsi “Lisa Frank 420″dir). O mahnının yaradılışı, necəliyi, yorulmaz bir asılılıq yaratması haqqında izahedilməz bir şey var. Struktur sadədir və oldskuldur. Təkcə Diana Ross-un daha maskulin, ağır vokalının yapışqan sintezator melodiyasının sizə doğru axmasına icazə verirsiniz. Yuxu gətirəndir, artıq dozalı dərmandır. Və dinlənildiyi müddətdə xəyalların bitməsinə imkan vermir.

 

Və sözün əsl mənasında, Diana Ross-un mahnısının kəsilib tempinin aşağı salınmasından başqa bir şey deyil. Sizcə də çox qəribə deyil? Savyer  2012-ci ildə hələ təzə olan janrın bir hissəsini yaratdı. O vaxtdan bəri, Veyperveyv, daim parladı, öz stilini formalaşdırmaq üçün embient və trep musiqinin fərqli yönlərini özünə cəlb etdi. 2814-ün “Birth of a New Day” və ya  “新しい日の誕生”-in albomu Yaponiyadakı yağışlı gecənin simulakrumunu ifadə edir. Və ya Blank Banshee-nin eyniadlı yayımlarına baxaq – Bandcamp-dakı ən yaxşı bilinən albomlardandır və bir çox “bərk gedən” veyper subjanrlarını həvəsləndiriblər. Bu janrın həmişə elə bir yönü olacaq ki, memə çevrilsin – ESTETİKA, qiyamət xəbərdarlığı, korporativləşmə bəlasının diqqətə çatdırılması – hamısı ciddi qəbul olunan zarafatdır. Bütün bunlara baxmayaraq özünü bir janr kimi dəyərsizləşdirmir.  Veyperveyv bir okean kimi sizi özünüzə gətirir. Amma siz müasir musiqinin dərin sularında üzməyi sevirsinizsə, bu janr kolleksiyanıza gözəl bir əlavə olacaq.

Aşağıda dinlənilməyə dəyər bir neçə albom əlavə edirəm.

 

VAPERRORMana PoolAcid Arcadia

Əsas treklər: “Pretty Beam (Computer Love),” “Error on the Dance Floor,” “Krystal GB,” “Surf,” “808 Dreams”

Trep musiqilər Veyperveyvin əlçatan treklərindən başlamaq üçün ən yaxşı yollardan biridir. 1995-ci il reklamlarından kəsilmiş musiqi mənzərələri olsa da, Vaperror öz stilini qoruyur. Məsələn, “Mana Pool” kəsilmiş trep və buludlu sintlə oynaq 808 ritmlərindən başqa bir şey deyil. Digər tərəfdən, albom göstərir ki, veyperveyv heç də üstündə oynanmış 80lər musiqisi deyil. Əgər janr saflığından bir müddətlik qopmaq və oynamaq istəyirsinizsə yoxlayın.

Acid Arcadia bu konseptdə davam edir. Embient musiqi halüsinasiyalar maşınına çevrilir, ritm sizi otağın bu başından o başına tullayır. Açığı, albom kimi klassifikasiya etmək çox çətindir, çünki hər mahnı özünü başqa cür təqdim edir, amma bu kolleksiyadan “Arcadia” veyperveyvin ən yaxşılarından sayıla bilər.

 

Blank BansheeDiskoqrafiya

Əsas treklər: “Wavestep,” “Hyper Object,” “Dreamcast,” “Eco Zones,” “LSD Polyphony,” “Megaflora,” “Sandclock,” “Meteor Blade”

Bəli, bütün diskoqrafiya! Blank Banshee çox güman, janrdakı ən müvəffəqiyyətli ifaçıdır . BB1, BB2 və MEGA albomlarını dinlədiyiniz zaman özünüz də bunu anlayacaqsınız. Üçüncü və sonuncusu – MEGA internetdə partlayış etdi. Musiqi çox detallı və sempl əsaslıdır, tez-tez sürətli zərb ritmləri və sinth şəlaləri ilə tandemdə olan kəsilmiş vokal atmosferi çox gözəl təsvir edir.

“Frozen Flame” kimi mahnılar bu stili tam əhatə edir. Eyni anda 15 hadisə baş verir və sanki nəfəs almaq üçün yerin olmamağına baxmayaraq, Banshee bir müqəvva ustası kimi hər saniyə hər şeyi idarə edə bilir. Təkcə bu haqda belə yazmağa dəyər.

 

VektroidNeo Cali

Gözə çarpanlar: “Neo Miami,” “Splash,” “Calm,” “Yr Heart,” “Yr Mind,” “Neo Cali”

Ramona Savyer onilliyin ən önəmli musiqiçilərindən biridir, buna baxmayaraq çox da tanınmır. Sietldə hansısa bir qız öz kompyuterində mahnı yazır və bəzən ən güclü, bahalı, meynstrim səs yazılarını belə ötüb keçən sirli təbiəti bizə bəxş edir. Vektroid adı altında yaratdığı mahnılar elə ehtiraslıdır ki, hər hansı musiqi janrının həvəskarı onlardan yan keçə bilməz. Bu, 350 dərəcədə qatı bişirilmiş, duzlanmış, aşağı templi, embient, elektrokleş və sintpopdur. 80-ci illərdə gələcək belə səslənirdi.

Parlaq elektronika beyninizi dalğalarla yuyur; mahnılar az keyfiyyətli və seyrək klavişlərin inqilablarında təkamül edir; zərb və baraban trampolin kimi səslənir. Bu da Savyerin musiqiçi kimi “əsas” kartı ola bilər. Banshee kimi onun da mahnılarının öz xətti var, lakin daha uzundur. “Neo Cali” mövcud olmayan bir filmin saundtreki kimidir – lakin dinlədiyin zaman filmin hər səhnəsi beyində canlanır.

“Calm” və “Yr Mind” kimi trektlər embient və günün hər anı dinlənə biləcək minimalistik işlərdir. “Neo Miami” və “Splash” isə daha çox “əllər havaya” tərzi hedonist treklərdir. Bilmirəm, bəlkə də bəziləriniz bu albomu “adi” qəbul edə bilər – bu sev ya da nifrət et tərzi bir şeydir.Vaxtınızı ayırıb dinləsəniz, heç nə itirməyəcəksiniz.

2814新しい日の誕生 (Yeni günün doğuşu)

Gözə çarpanlar: 恢复

Kandzi yazısı sizi qorxutmasın, bu “Floral Shoppe”ni taxtından salan əsl veyperveyv albomudur. Embient albomlara baxanda görürsən ki, bir Brian Eno və ya Flashbulb deyil, amma əhvalı formalaşdırmaq üçün bənzərsiz məkanı var – Yaponiyada yağışlı bir gecə. 2814 iki məşhur veyperveyv musiqiçisi Telepath və HKE-nin birgə layihəsidir. 2814-ün 2016-cı ildə yayımlanan “Rain Temple” albomunun uğuruna rəğmən, bunu qrupun şah əsəri adlandırmaq olar.

Albomun üz qapağı albom haqqında hər şeyi deyir. “Neon xoşhallığı” bu musiqini ifadə etmək üçün ən dəqiq ifadədir. Heç vaxt Yaponiyaya getməmişəm, bəlkə də, hər şeyi yanlış anlamışam, amma qrupun Bandcamp icması bu sevgini 10 qat paylaşır. 2814 Yeni günün doğuşu ilə elə xüsusi bir şey edib ki, bunu hər trekin ruhunda hiss etmək mümkündür. Çox detallı, embient, psevdo-təsadüfi səslər ətraf-aləmi çox real formada hiss etdirir. Zərb alətlərini kəşf etdikdə neon küçələrdəki exolarını da duyursunuz. Lakin sintetik atmosferə gəldikdə isə bu albom ən möhtəşəmidir, fazadan kənardır, keyidici təsirə malikdir. Albom, heç vaxt bilmədiyiniz gözəl bir dünyanın təsviridir.

Hər nə qədər ilk baxışdan istiqamətsiz əhvalda görünsə də, “Yeni günün doğuşu” insanlar istəsə də, istəməsə də tarixə keçəçək bir albomdur.

Yazı orijinal mənbədən tərcümə olunub.

Bonus

VarYox sizi Veyperveyv janrından təsirlənmiş bir neçə serial və filmlərlə tanış edir.



VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir