Rolları Dəyişmək, Baxışı Dəyişməkdirmi?

Gender Flip və Kino Baxışının Paradoksu

Dünya kinosunda “gender flip” və ya “gender swap” adı ilə tanınan texnika bədii əsərlərdə qadın və kişi rollarının dəyişdirilərək yenidən təqdim edilməsinə əsaslanan narrativ strategiyadır. Bu texnikanın ilk nümunəsi kino tarixinin ilk qadın rejissorlarından Alis Ginin 1906-cı ildə çəkdiyi “Feminizmin nəticələri” (Les Résultats du féminisme) hesab olunur. Dövrü üçün kifayət qədər cəsarətli yanaşması ilə seçilən film kafe səhnəsi ilə başlayır.

Alis Gi, Feminizmin nəticələri, 1906.
Alis Gi, Feminizmin nəticələri, 1906.

Bu səhnədə qadınlar masalarda əyləşərək siqar çəkir, ucadan danışır və yanlarından keçən kişilərə sataşırlar. Bu hərəkətlər ənənəvi olaraq kişilərlə əlaqələndirilən davranış normalarını əks etdirir. Beləliklə, filmin ilk səhnəsində izləyiciyə gender rollarının tamamilə dəyişdirildiyi bir dünya təqdim olunur və bu, təəccüb doğurur.  Bu səbəbdən səhnələr həm yumor yaradır, həm də tamaşaçını alışmadığı bir mənzərə ilə qarşılaşdıraraq müəyyən narahatlıq doğurur.

Filmin finalında isə nəticədə patriarxal nizam qalib gəlir.  Bu sonluğu dövrün ictimai reallıqları ilə izah etmək mümkündür. Feminizm Avropada və dünyanın digər yerlərində hələ geniş yayılmamış, qadınlar isə kişilərin sahib olduğu bir çox hüquqdan məhrum idilər. Məhz bu kontekstdə “gender flip” texnikasından istifadə edərək belə bir filmin çəkilməsi yenilikçi və cəsarətli addım kimi qiymətləndirilə bilər.

Bu filmin çəkilməsindən 120 il keçməsinə baxmayaraq, həmin dövrdən bu günədək bu narrativ texnikadan müxtəlif dövrlərdə fərqli mədəniyyətlərə malik ölkələrin kinosunda istifadə olunub. Dünya kinosunda qadınların böyük ölçüdə kişi baxışı (“male gaze”) vasitəsilə təqdim edildiyini nəzərə alsaq, onların kinoda təmsilinin də uzun müddət bu baxış bucağı əsasında formalaşdığını demək olar. Bu nəzəriyyənin müəllifi Laura Malviyə görə, klassik kinoda qadın subyekt kimi deyil, kişi baxışının obyekti kimi təqdim olunur. Gender rollarının dəyişdirildiyi filmlər isə ilk baxışda kişi baxışına əsaslanan bu ənənəvi təmsil formasını pozur kimi görünür. Lakin gender rollarının sadəcə dəyişdirilməsi onların arxasında dayanan güc balansının avtomatik olaraq sorğulanması demək deyil. Nəticədə qadınların məruz qaldığı zorakılıq və ayrı-seçkilik satira və gülüş mövzusuna çevrilir. Beləliklə, gender bərabərsizliyi bir tərəfdən tənqid olunsa da, digər tərəfdən əyləncə vasitəsinə çevrilir. 

Məsələn, bu il nümayiş olunan Netflix istehsalı “Öncə xanımlar” (Ladies First, rej. Tea Şarrok, 2026) filmində qadınların kişilərə qarşı alçaldıcı münasibəti patriarxiyanın tənqidi kimi təqdim edilir. Film bir çox qadının iş həyatında qarşılaşdığı çətinlikləri və cinsi qısnamaları göstərsə də, bu problemlərə alternativ baxış və ya çıxış yolu təklif etmir. Rosamund Paykın canlandırdığı filmin qadın qəhrəmanı Alex ənənəvi olaraq kişi hakimiyyəti ilə əlaqələndirilən davranışları mənimsəyən bir obraz kimi təqdim olunur. Bu da filmin ən çox sual doğuran məqamlarından biridir. Çünki bu, hakimiyyətin qadınların əlinə keçəcəyi təqdirdə onların da kişilərlə eyni davranış modelini mənimsəyəcəyi fikrini yarada bilər. Bu yanaşma isə feminizmi bərabərlik uğrunda mübarizə kimi deyil, mövcud hakimiyyət münasibətlərində qadın və kişilərin sadəcə yer dəyişməsi kimi təqdim edir. Beləliklə, feminizmlə bağlı mövcud stereotiplər və qorxular yenidən istehsal olunur.

Digər bir nümunə isə Orxan Kamalın eyniadlı əsəri əsasında Ersin Pertanın ssenariləşdirib 1994-cü ildə ekranlaşdırdığı “Tersine Dünya” filmidir. Film gender rollarının tərsinə çevrildiyi alternativ bir dünya təqdim edir. Burada qadınlar zorakı və dominant, kişilər isə namus anlayışına bağlı və ev işləri ilə məşğul olan obrazlar kimi göstərilir. Film rolları tamamilə tərsinə çevirərək patriarxal sistemin kişilərə verdiyi imtiyazları və qadınları məruz qoyduğu ayrı-seçkiliyi aydın və tragikomik bir dillə göstərir, izləyicini isə davamlı olaraq özü ilə üzləşməyə məcbur edir. Kişilərin küçədə sataşmaya məruz qalmaqdan qorxduğu, namus qətlinin qurbanına çevrildiyi bu distopiya əslində hər gün yaşanan faciələrin nə qədər absurd təməllərə söykəndiyini göstərən güclü kinematoqrafik nümunələrdən biridir. Dialoqlar patriarxal quruluşun normal qəbul etdiyi düşüncələr əsasında qurulur. Məsələn, patriarxal cəmiyyətlərdə kişinin həyat yoldaşı vəfat etdikdə ev işləri, uşaqlara qayğı və digər səbəblərə görə yenidən ailə qurması cəmiyyət tərəfindən normal qarşılanır. Filmdə isə eyni vəziyyət qadının timsalında izləyiciyə təqdim olunur. Çoxpartnyorlu münasibətlər, fiziki zorakılıq və bu kimi bir çox məsələdə mövcud qəliblər alt-üst edilərək izləyici bu normaları yenidən düşünməyə sövq edilir.

Ersin Pertan, Tersine Dünya, 1994. 
Ersin Pertan, Tersine Dünya, 1994.

Bütün bunlara baxmayaraq, filmin sonunda rejissorun “Dünya tərsinə də dönsə, qadın-kişi savaşı daim olacaq” fikrinə yer verməsi 93 dəqiqə ərzində qadınların ailədə və cəmiyyətdə qarşılaşdıqları çətinlikləri və bu problemlərin ağırlığını sanki əhəmiyyətsizləşdirir.

Burada, eləcə də bəhs olunan digər filmlərdə Slavoy Zizekin “İdeologiyanın Uca Obyekti” (The Sublime Object of Ideology) kitabında irəli sürdüyü “totalitar gülüş” anlayışı əhəmiyyət qazanır. Zizekin totalitar sistemlərin necə işlədiyini izah etmək üçün irəli sürdüyü “totalitar gülüş” anlayışı gülüşün ideoloji sahədə dağıdıcı gücə malik olduğunu vurğulayan yanaşmalardan fərqlənir. Bu nəzəriyyəyə görə, gülüş insanlarda bezginlik və laqeydlik yaratdığı üçün mövcud repressiv ictimai reallığın hegemonluğunu sarsıdacaq gücə malik deyil. Əksinə, problemləri ideoloji müstəvidə tənqid obyektinə çevirməklə onlara qarşı laqeydliyin davam etməsinə şərait yarada bilər.

Azərbaycanda adı çəkilən xarici filmlərə bənzər filmlər çəkilməsə də, bu yanaşmanın müəyyən xüsusiyyətlərinə yerli ekran əsərində də rast gəlmək mümkündür. “Kişilər” televiziya tamaşası 1975-ci ildə Altay Məmmədovun eyniadlı əsəri əsasında rejissor Lütfi Məmmədbəyli tərəfindən çəkilib. Televiziya tamaşası pambıq tarlasında işləməkdən yayınan və məsuliyyətsiz həyat tərzi sürən kişilərdən bəhs edir. Onlar analarının və ya həyat yoldaşlarının qazancı hesabına yaşayır, bəziləri isə maddi cəhətdən təminatlı, işgüzar qadınlarla evlənərək rahat həyat qurmağa çalışırlar. Ancaq Sovet ideologiyasının təsiri ilə ərsəyə gətirilən bu tamaşada tüfeyli obrazlar sonda öz səhvlərini anlayır, islah olunur və cəmiyyətin qəbul etdiyi davranış normalarına yönəlirlər. “Kişilər” mövzu və yanaşma baxımından yuxarıda bəhs olunan filmlərdən fərqlənsə də, tamaşadakı bir obraz bu əsərlər arasında müəyyən paralellər qurmağa imkan verir.

Tamaşada aktyor İlham Namiq Kamalın canlandırdığı Hüseyn ağa xüsusilə diqqət çəkən obrazdır. Ekran əsərində “Hüseyn ağabacı” ənənəvi Azərbaycan kişisi modelinə uyğun gəlmədiyi üçün gülüş obyektinə çevrilir. O evlidir, lakin digər kişilərdən fərqli olaraq kolxozda işləyib ailəsini dolandırmaq əvəzinə ev işləri ilə məşğul olur və uşaqların qayğısına qalır. Elə buna görə də onu “Hüseyn ağabacı” çağırırlar. Hüseyn ağa bundan utanmır, əksinə, bu vəziyyətdən olduqca məmnundur. Onun “arvad ağa” deyə müraciət etdiyi həyat yoldaşı da buna etiraz etmir. Qaynanası isə daim gileylənir və ondan digər kişilər kimi işləməyi tələb edir. O isə ev işlərinin də əmək tələb etdiyini, heç də asan olmadığını və bu həyatdan çox məmnun olduğunu bildirir. Lakin tamaşanın sonunda işləmək istəməyən digər kişilərə qoşularaq pambıq yığmaq üçün tarlaya gedir. Başqa sözlə, patriarxal gözləntilər onu ev daxilində deyil, ictimai həyatda çalışan kişi roluna qaytarır.

Lütfi Məmmədbəyli, Kişilər, 1975.
Lütfi Məmmədbəyli, Kişilər, 1975.

“Kişilər” televiziya tamaşasında Hüseyn ağabacı obrazının qonşuları və dostları tərəfindən gülüş obyektinə çevrilməsi Zizekin “totalitar gülüş” anlayışı ilə əlaqələndirilə bilər. Zizekin yanaşmasına əsasən, bu cür gülüş mövcud stereotipləri tənqid etməklə yanaşı, onların möhkəmlənməsinə və ictimai şüurda adi və qəbul edilən bir hal kimi davam etməsinə də xidmət edə bilər.

Nəticə etibarilə, təxminən 120 ildir istifadə olunan “gender flip” narrativ texnikası gender bərabərsizliyindən qaynaqlanan problemləri üzə çıxaran mühüm kinematoqrafik vasitə kimi çıxış edir. Lakin bu texnikanın əsas ziddiyyəti ondadır ki, gender bərabərsizliyini görünən etmək mövcud münasibətləri dəyişdirmək üçün özlüyündə kifayət etmir. Slavoj Zizekin “İdeologiyanın Uca Obyekti” kitabında irəli sürdüyü “totalitar gülüş” anlayışı bu baxımdan “gender flip” texnikasından istifadə edilən filmlərin tənqidi potensialını və mövcud gender münasibətlərini dəyişdirmək gücünü sual altına qoyur.

İstinadlar

  • Guy, Alice, rej. Les Résultats du féminisme [Feminizmin nəticələri]. 1906.
  • Məmmədbəyli, Lütfi, rej. Kişilər. Televiziya tamaşası, 1975.
  • Mulvey, Laura. “Visual Pleasure and Narrative Cinema.” Screen, c. 16, № 3, 1975, s. 6–18.
  • Perkins, Claire. “Ghost Girls: Ghostbusters, Popular Feminism and the Gender-Swap Reboot.” Film Reboots, Constantine Verevis və Daniel Herbert (red.), Edinburgh University Press, 2020, s. 157–170.
  • Pertan, Ersin, rej. Tersine Dünya. 1994.
  • Sharrock, Thea, rej. Ladies First. 2026.
  • Žižek, Slavoj. The Sublime Object of Ideology [İdeologiyanın Uca Obyekti]. Verso, 1989.
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir