Tətilə getdiyim şəhərlərdə diqqətimi yerli insanlar yox, hər küçədən çıxan yapon turistlər çəkir. Təqaüdçü yaponlar kimi işdən-gücdən azad olub, başımda panama papaq, özümü yollara ata biləcəyim yaşdayam. Son maaşımı alıb otaqdan çıxandan bəri özümü, getməyə evi olmasa da gəzməyə bir dünyalıq şəhəri olan yaponlar kimi hiss edirəm. Hətta, sağolsunlar “mərətə“ qalmış dizlərim, pilləkən çıxanda yaşımı elə bəlli edirlər ki, bədənimin hər hüceyrəsinə “insanlara pilləkənləri qalxmağa kömək edək“ fikri toxunur. Deyirlər Yaponiyada da Bakıdakı kimi, evlər yaman bahadır…
Təqaüdə çıxandan cümlələrimin arasında əlaqə əməlli-başlı itib. Bu fikirdən ona tullanıram, ondan buna. Gərək zəng edim xəstəxanamızdakı xəstələrə musiqi ədəbiyyatından dərs deyən xanıma, görüm nə məsləhət verir…
Universitetdən məzun olub işsiz qalanda, diplomuma qarşı münasibətimi “mərətə qalmış“dan başqa birləşmə ilə ifadə edə bilmirdim. Elə o vaxtdan ən lazımsız əşyalarımı bu adla adlandırıram.
İlk işə başladığım xəstəxanada böyük dairəvi boş zal vardı. Otağın küncünə kökdən düşmüş piano qoymuşdular. Deyəsən dairənin küncü olmur, hər nə isə zalda piano vardı. Azərbaycanın özündən başqa bütün qonşu ölkələrdə gəzən şəhər əfsanəsi bizim xəstəxanaya da gəlib çıxmışdı.
Azərbaycandan gələn hər kəs göbək bağı kəsilən andan “do, re, mi “ deyir, sonra da piano çalır. Mənə də dedilər ki, “hələ xəstəxanada həkim artıqlığı var; sən, yaşlı həkimlərdən biri təqaüdə çıxana kimi xəstələrə yemək fasilələrində piano çal, sıxılanda da roman oxuyarsan, həm də dili yaxşı öyrənməyinə kömək olar“. Necə oldusa, tam iyirmi beş il – son maaşımı alana qədər işlədiyim xəstəxanada məni musiqi ədəbiyyatından dərs deyən həkim kimi tanıdılar. İyirmi beş ildə qoca həkimlər təqaüdə çıxdı, dünyasını dəyişdi, mən isə musiqi ədəbiyyatından dərs deyən həkim olaraq qaldım…
Yuxarıdan sayanda, işlədiyim illərin sayına bərabər iyirmi beş pilləkən olur. Dizlərim imkan versəydi aşağı enib sahildə gəzərdim…
Buradan baxanda musiqi alətinin qutusunu hazırlayan insanın əməyi lazımsız görünür.
“Guya, o olmasa biz musiqidən məhrum olacağıq?!“
-Böyük ehtimalla yox. Bəlkə də hə.
Belə çıxır iyirmi beş il, musiqinin qulağıma çatması yolunda əməyi keçənlərin içində ən lazımsız olanını – qutu hazırlayanın işini mən də xəstəxanada görmüşəm. Qutu olmasa, alət havada qalar, nəmlənər, sonra ahəngli səs çıxmaz. Özünə təsəlli verməkdə taxta medal uğrunda birincilik yüz faiz mənə düşür. Ahəng sözü ahəng qanununu ifadə etsə də özü bu qanuna tabe olmur, görəsən bunu bilmək adamın həyatına nə qata bilər?!…
Dizlərim çox da korlanmayıbmış, sayıqlamalarımla birlikdə yolun yarısını enmişəm. Sahil çox yaxın görünür. Mavi rəng bu məsafədən xəstəxana divarlarına oxşayır, dəniz də ele bil böyük dairəvi xəstəxana binasıdır. Sahilə enmə məqsədim nə dənizdi, nə də mavi rəng.
Tətilə çıxmamışdan öncə dənizə baxan otaq sifariş etdirmişdim. İyirmi beş il sonra həm də Bakıya gedəcəm, oraların da bir adəti var, uzaq yerdən arıq gələndə deyirlər “yəqin yaman korluq çəkmisən“. Ona görə oteldə doyunca yeyib, beş-altı kilo kökəlib, yanaqlarım, yaylaqdan yenicə enmiş dağ adamı kimi qırmızı olandan sonra hava limanına ağır enməyi düşünürəm. Sözüm onda da deyil, otağımın pəncərəsindən baxanda sahildə, üstündə yazı olan qutu görünür. İki gündü “o qutunun içində nə ola bilər“ fikirləşməkdən yata bilmirəm. Dizimin ağrılarını gözə alıb sahilə, qutunu görməyə gəlmişəm.
Axır ki, qocalmış dizlərim qutuya çatdı. Qutunun içində tısbağa yumurtaları var, üstündə “ey insanlar, biz dənizə aidik, bizi qoruyun və zamanı gələndə dənizə qaytarın“ yazılıb. Deyəsən, xəstəxanadakılar da məni iyirmi beş il qoruyub, həyata qaytarmışdırlar.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.