Mənəviyyat və masturbasiya

 Mənəviyyat və masturbasiya

Herakl evdə darıxırdı. Yaşadığı daxmadan 3 gün idi ki, çölə çıxmırdı. Düşünürdü ki, əgər Yamaykaya gəlib çıxıbsa, deməli nəsə böyük bir şey etməlidir. Böyük şey, ya böyük iş – əslində bu iki ifadə arasında fərq olsa da Herakl bu fərqi ağcaqanad vızıltısı qədər dəyərsiz hesab edirdi. Nəhayət özünü toparlayıb masa dolabını açdı. Pul kisəsini və pasportunu götürüb evi tərk etdi.

 

2 saatdan sonra hava limanına çatan cənab Şalvarzadə böyük iş görmək üçün Avropaya üz tutmaq qərarına gəlmişdi. Təyyarədə iki bokal viskidən vurub yatdı.

 

Ayılanda təyyarə salonunun boş olduğunu gördü. Nə qədər qəribə olsa da heç nəyə fikir verməyib gözlərini yumdu. 5 dəqiqədən sonra kiminsə onu dümsüklədiyini və oyatmağa cəhd etdiyini hiss etdi. Gözünün birini açdı. Budur, qarşısında əcaib skafandrda biri durub – ikinci gözünü də açdı. Skafandrın üz şüşəsi qara olduğuna görə onu oyatmaq istəyənin siması görünmürdü. Skanfandrlı şəxs Herakla “durub təyyarə salonunu tərk et” işarəsini verdi. “Yəqin hava yollarının sürprizidir, ya da Marsa uçuş təşkil edən şirkətin piyar kompaniyasıdır”  deyə düşünən Herakl təyyarə qapısına yaxınlaşdı. Aha, burada tamam ayrı mənzərə açıldı.

 

Təyyarə pillələri ilə enən Herakl anladı ki, hava gəmisi hansısa ayrı gəminin içindədir. Pilləkənlərin başında skafandrlı 3 nəfər durmuşdu. Ətrafda tam sükut idi, yalnız kar uğultu ilə nəyinsə mühərrikinin səsi eşidilirdi. Pilləkənin başında duranlardan biri təyyarədən enən Herakla yaxınlaşdı:

 

-Cənab Şalvarzadə?

-Məzələnirsiz?

-Biz yadplanetlilərik.

-Tanıyıram, sizinkilərdən Azərbaycanda çoxdur.

-Anlamadım… Bu sizin planetə ilk ziyarətimizdir. Mənim adım Cekstofiradır.

-Siz marixuana çəkməyə cəhd etməmisiniz hələ? Bizim planetdə bitən koldur.

-Təyyarə tərəfimizdən girov götürülüb və indi bizim uçan boşqabın içindəsiz. İstədik digər sərnişinlər və ekipajla danışaq, amma hamı ya qışqırır, ya beynəlxalq konvensiyadan danışır, ya da huşunu itirirdi. Görünür yeganə adekvat canlı sizsiniz. Sizə bir neçə sualımız olacaq.

-Yoldaş Cekstofira, mən vəkil tələb edirəm.

-Cənab Şalvarzadə, zəhmət olmasa bizimlə birgə istirahət otağına buyurun.

 

Heraklı ilk dəfə idi ki, yadplanetlilər tərəfindən girov götürülürdü, buna görə özünü necə aparmaqda qərarsız idi. Amma ümumi situasiya onu yaxşı mənada həyacanlandırırdı.

 

Onlar anqar kimi yeri tərk edib bir dəhlizə daxil oldular. Dəhlizin sonundakı iri pəncərəli işıqlı otağın qapıları avtomatik açıldı və hamı içəri girdi. Otağın mərkəzində iri dairəyə bənzər ağ divan vardı. Otağın divarlarında rəngbərəng  düymələr yanıb sönürdü. Yalnız bundan sonra yadplanetli ciyəzlər üzlərini örtən qara şüşəni aşağı saldılar. Yumuruq boyda qara rəngli gözlər Herakla zilləndi. Cekstofira oturmaq üçün yer göstərib özü də üzbəüz divanın bir tərəfində oturdu. Herakl təşəbbüsü ələ götürməyə cəhd etdi:

 

-Sizi əvvəlcədən xəbərdar edirəm ki, mənim Azərbaycanın müxalif qüvvələri və onların xaricdəki havadarları ilə heç bir əlaqəm yoxdu. Ümumiyyətlə mən çox əlaqəsiz və dəxilsiz adamam. Buna görə də ölkəmdən deport edilmişəm.

-Cənab Şalvarzadə – Cekstofira sakit tonda dilləndi və davam etdi – sizin müxalifətlə qonşu şöbə məşğul olur, biz mədəniyyət şöbəsinin nümayəndələriyik.

-Bu çox yaxşı oldu, mənə dönərxana açmaqda kömək edə bilərsizmi?

-“Dönərxana“ nədir? Bu bir mədəni üslubudur?

-Demək olar ki, hə. Bu bir mədəni məkanın adıdır. Ora hamı buyurur, məmurundan tutmuş aftafa daşıyana kimi.

 

Cekstofiranın yanındakı yadplanetli qaqaş Herakılın hər dediyi sözü balaca planşetə qeyd edirdi.

 

-Cənab Şalvarzadə, biz Dombalaq qalaktikasının Ancikoni planetindən gəlmişik, sülh niyyətli məqsədimiz var. İnsanları müxtəlif aspektlərdən öyrənmək istəyirik.

-Mənası yoxdu, biz özümüzü öyrənib başa çıxmamışıq. Başımızı yığırıq dalımız qaçır, dalımızı tuturuq başımız qaçır.

-Sizi tədqiq etməyə başlamazdan öncə xüsusi səsqəbuledici cihazla insanların gündəlik ünsiyyətdə işlətdikləri söz və ifadələri araşdırmışıq. Misal üçün, Bakıda ən çox işlədilən sözlər “mənəviyyat“ və “masturbasiya“ olub. Bizə bu sözlərin mənası və niyə tez-tez işlədilmə səbəbin anlamaq lazımdı.

 

Herakl hər cür suala hazır idi. Nizaminin “Xəmsə“si, Hitlerin “Mein Kampf“ı, Bulqakovun “Master və Marqaritta“sı barədə, iqlim dəyişikliyinin səbəbləri, Donald Trampın prezident seçkilərində qələbəsinin nəticələri haqqında suallar gözləyən adam üçün yuxarıdakı sual çox qəribə görünürdü. Bir az düşünüb cavab verdi:

 

-Mənəviyyat içimizdəkilərdi, masturbasiya isə içdəkilərin çölə çıxarılmasıdı.

-Yəni bu qədər sadə?

-Ondansa gedin Suriyada baş verənlərlə maraqlanın.

 

Yadplanetli maraqla soruşdu:

 

-Mənəviyyatı anlamaq üçün Suriyaya getmək lazımdı?

-Əksinə, mənəviyyatın olmamasının hansı nəticələrə gətirib çıxardığını görmək üçün Suriyaya getmək lazımdı. Bir şeyin olmadığı təqdirdə nələrin baş verdiyini  görsəz, onun olacağı təqdirdə nəyi dəyişə biləcəyini anlayacaqsız.

 

Cekstofira susdu. Sonrda əlavə etdi:

 

-Herakl, mən sizi başa düşmürəm.

-Yoldaş Cekstofira, siz “çıldağ“a getmisiz nə vaxtsa?… Nə isə, bunun əslində mövzuya aidiyyatı yoxdu. Masturbasiya cinsi orqanların stimulyasiyasıdır. Mənəviyyat isə masturbasiya etməyi və bu haqda danışmağı ayıb sayan əxlaq normalarının cəmidir… Biz insanlar çox belə absurd varlıqlarıq. Sevdiyimiz, arzuladığımız, ağzımızın suyu axan şeylərə qadağa qoyaraq özümüzü sınağa çəkirik… Xiyarlar o boyda Koperniki yandırıblar vaxtında. Yetim düz deyirdi axı –  Yer Günəşin ətrafında fırlanır. İndi də qadınların bir hissəsi döşlərini bayırda qoyub qadın bərabərliyi uğrunda mübarizə aparır və kişi seksistliyini tənqid edirlər, təsəvvür edirsiz? Hələ Trampın Meksika və ABŞ arasında ucaltmaq istədiyi divarı demirəm. Yer öz oxu ətrafında fırlansa da, sivilizasiya öz oxundan çoxdan çıxıb. Birisi zadın bayırda qoyub gəzir və bunu azadlıq adlandırır, digəri qaraya bürünür və bunu mənəviyyat adlandırır. Başqası şəhvət hisslərinə yiyə dura bilmədiyi üçün qadınları az qala ayrı planetə köçürmək istəyir. Dünyanın yarısı 4 nəfərin ölümü üçün yas saxladığı vaxt, gündə öldürülən minlərlə günahsızı heç kəs vecinə almır, çünki həmin min nəfərin ölüm piyarı zəif aparılır. Başa düşürsüz? Bu… Belə mənəviyyatdansa, masturbasiya etmək daha yaxşıdı. Və ümumiyyətlə sizə çətin lazım olsun belə mənəviyyat. Ondansa, mənə kömək edin dönərxana açım.

 

Cekstofira təəccüb içində idi, düzdür üz quruluşu bunu biruzə verməsə də. Yadplanetli həmyerliləri ilə baxışıb deyir:

 

-Herakl, bəs niyə Bakıda gündəlik danışıqda bu sözlər belə tez-tez işlədilir?

-Bunun səbəbi çox sadədi; mənəviyyat pərdəsi dalında nə istəsən etmək olar. Camaat da bunu edir… Dönərxana açmağa kömək edəcəksiz?

 

Yadplanetlilər bundan sonra Yer sakininə suallar verməyin əhəmiyyətsiz olduğunu anladılar.

 

Sonra isə Herakl huşunu itirdi. Gözlərini açanda artıq təyyarənin içində idi. Sərnişinlərlə birlikdə. Gəmi kapitanı Parisin Şarl de Qol hava limanına eniş haqqında elanı səsləndirirdi.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir