Fotoqrafiyanın sosial əhəmiyyəti
Öncə rəssamlıqla tanış olmaq lazımdır. Keçmiş dövrlərdə portret rəssamlığı sarayların bəzəmə tendensiyasına tabe idi, o dövrlərin bu utilitar tərəfi əsas idi. Rəsm geniş kütləyə xidmət edirdi, çünki digər xidmət vasitəsi yox idi. Rəsmdə fiqur, bənzərlik, kompozisiya və s. mühüm rol oynayırdı, sonra isə təkcə şəklin yox, həmçinin boyaların, rəngin, fakturanın ifadə olunması üçün vasitələrin və imkanların axtarışı başlayırdı. Bu zaman daha geniş kütlələrin hansısa tələblərinə xidmət edəcək təsvir yayılmağa başlayır. Çap orqanlarının yaranması ilə şəkil rəssamlıqdan uzaqlaşır. Rəsm bu işə daha bacarıqlı insanları cəlb edə bilir və bunun sayəsində rəssamlıq artıq ikinci plana keçir – rəssamlıq və şəkil ayrılır – kütlələrin arasına məhz ikinci daxil olur. Rəsm təkrarolunmaz monumental bir anlayışdır, şəkil isə geniş səviyyədə istifadə oluna bilər.
Bu xidmətin fotoqrafiya kəşf olunanadək hansı yollardan keçdiyini müqayisə edək. Günümüzdə isə artıq rəssamlıqdan şəkilə, şəkildən isə fotoqrafiyaya keçidi yaşamışıq. Mənim fikrimcə, ancaq kütləyə qoşulmaq məqsədi ilə yeni yollar axtarışında jurnallara və teatrlara gedən işçilər həqiqətən rəssamlıq edə və yaza bilirlər. Haqqında çox yazılan Riveranı götürək – deyirdilər ki, bizim rəssamlıq məhz ondan dərs götürməlidir. Rivera inqilabi xalq yaradıcılığı ilə məşğul olmağa başlayır və o freskalara əsaslanır, divarlarda yaradır və öz şəkillərini fəhlələrin çox olduğu yerlərdə göstərməyə çalışır. Bu freskalara baxaq, yəqin ki siz onlarla tanışsınız, çünki onlar jurnallarda çap olunur. Onun freskaları inqilab hərəkatını əks etdirmir, zənginliyi və yoxsulluğu təsvir edir. Bunlar az izahlı mücərrəd anlayışlardır. Biz rəssamlıqla məşğul olub təsvirə keçən başqa bir ustadı da tanıyırıq və onun işlərində rəssamlıq yanaşmasının və təsvir metodunun fərqliliyini görürük. Qrossa – inqilab hərəkatı baxımından Almaniyada baş verənlərə baxsaq, onun Riveradan daha geniş mənzərə təklif etdiyini görürük. Beləliklə, kütləni təşviq etmək üçün tələb olunan böyük mədəniyyətə baxmayaraq, təsvirin bir çox vasitə və imkanlara malik olmadığı halda, yenə də onun daha çox aktual olduğunu görürük. Fotoqrafiyanın yaranması ilə təsvirin aktuallığı azalır, lakin fotoqrafiya hələ gəncdir, buna görə də bir çox yerdə özünü qismən rəsmə bənzədir. Nəhayət, jurnal 80-90% faktiki material üzərində qurulur və heç bir təsvir, rəsm gündəmin sensasiyasını, hadisələrinin faktlaşdırmasılını, dokumentallığı əks etdirə bilmir. Biz daha çox fotoqrafiyaya inanırıq, çünki baş verdiyi anı göstərir və faktiki olaraq bizi bundan əmin edir. “Oqonyok”-un son sərgisində yeni sahə görünməyə başlayır – fotorəsm. Jurnal bugünkü hadisəni, böyük fotoqrafik tablonu verməyə çalışır və bizə hardasa simvolik, ümumi bir şey bəxş edir. Mən bunun yanlış olduğu haqda danışacam, belə tendensiya var və mən bunu qeyd etməliyəm.
Yanından diqqətsiz ötüb keçə bilməyəcəyimiz bir sahə var – fotosatira. Rəsm daha çox satiraya və jurnal karikaturasına dönüşür, fotoqrafiya isə getdikcə həqiqi hadisələri təsbit etməyə başlayır, təsvir bunu artıq təsbit etmir. Əvvəllər bunun üçün müxbirləri göndərərdilər, indi isə bu rola fotoqrafiya yiyələnib və öz işini ustalıqla görür. Mən təsvirin karikaturaya keçidini vurğulamaq istəyirdim və burada fotosatiranın təzyiqi başlayır. Sizə göstərəcəyim bir-neçə misal var. Rəssamlıqda təsvirin yeganə üstünlüyü var o da rəngdir, lakin bu rəngi biz fotoqrafiya üçün də icad etməliyik. Bu istehsal və texnologiya məsələsidir.
İndi isə fotoqrafiya sahəsində irəliləyən cəbhə haqqında danışaq – bu fotoşəkildir. Mən nə vaxtsa, bir sıra jurnal və fotosərgilərdə müşahidə olunan fotoşəklin nədən ibarət olmaması haqda yazmışdım. Bunlar tamamilə yolverilməz şeylərdir. Matros dayanıb və dodaqlarını boyayır, Qızıl Ordu əsgəri əlində tüfəng durub uzağa boylanır. 1925-ci ilə aid “Proyektor”-u götürək, budur bir qadın başı, traktorun üstünə daha biri, paraxodda isə üçüncüsünün başı görsənir. Bizim fotoqrafiyanın işi belədir. Bizim ilk jurnalımız olan “Plamya”-nın yaranmasını vurğulamaq istəyirdim, burada fotoqrafiya tamam başqadır. Burada sizə başqa şeylər görürsünüz: fransız inqilabı, burada fotoqrafiyaya zəif işarələr var, düzdür qısa şəkildə olsa da, fotoqrafiyanın tarixi məhz burdan başlayır. Əvvəl ən səmərəli nəzər nöqtəsi süjetin tam şəkildə çəkilməsi sayılırdı, indi isə zavodu yox, orada gedən işi çəkirdilər: sexin işini ən effektli nöqtədən çəkərək, bu sexin hal-hazırda nə istehsal etdiyini, nəyə sahib olduğunu və olacağını göstərirlər. İndi isə məsələ fototəsvirin çəkilişi barədə yox, fotokadrlardan gedir. Belə bir fikir var ki, sintetik fotoqrafiya vermək var, və biz tendensiyanı müşahidə edirik. Qızılordulunun pafoslu şəkli təkcə üz qabığına yaraşmır, o bir sıra jurnallarda da çap edilib.
Bizim tendensiya – təkcə faktiki material yox, həmçinin sosialistik nailiyyət olacaq fotoqrafiya və pafosu birləşdirməkdir. İndi gələk, nə çəkməli olduğumuza. Çünki, məsələn, küçəni və ya hansısa hadisəni çəkəcəyimiz təqdirdə, ortaya bir çox şey çıxacaq. Elə şeylər var ki, nümunəvi şeylərdir – asfaltı necə yola çəkirlər, küçəni necə sal daşlarla bəzəyirlər. Bununla birgə keçilməz palçıq və tamamilə bərbad yol da var. Hər iki tərəfi müşahidə etmək imkanına malik olmadığımız üçün ya ən yaxşısını, ya da ən pisini çəkməliyik və heç bir halda ortalama bir şey çəkməməliyik, çünki o bizi bir yerə çatdırmır. Amma asfaltın çəkilməsi zəruridir, çünki nə uğrunda mübarizə aparılmasını göstərir. Fotomüxbirlərə gəldik. Bəzi yoldaşlarımız Qərb reportajının ya da yeni Sovet nümunəsi üzrə çəkiliş aparır, elələri var ki, yeni reportaj üçün mübarizə aparır, elələri də var ki – köhnə fotorəssamlardır. Reportaj incəsənətinin qaydalarına riayət edərək çəkiliş aparan müxbirlər, bəzən formal nailiyyətlərin harada olmasını görmür. Çəkməzdən öncə sən bunu nə üçün və nə məqsədlə etdiyini bilməlisən. Maşının möhtəşəmliyini göstərmək üçün onu tam şəkildə çəkməməlisən, bir sıra şəkil göstərməlisən. Müxbirlər elə vəziyyətə düşüblər ki, işləri əksərən bu cürdür: hansısa israfçıların məhkəməsi var, Qızıl Meydanda təntənə baş verir, hansısa səfirlə görüş. Fotomüxbirlər göndərilir, kədərli və ya sevincli şəkillər alınır və yalnız bu çəkilişlər arasında asudə vaxt tapdıqda, özləri də səbəbini bilmədən, nə isə adi bir şey çəkirlər. Əgər müxbirə qolçomağı çəkmək tapşırığı verilibsə, o mütləq qolçomağı və vermədiyi buğda ilə dolu torbaları çəkəcək. Lakin o qolçomağın özünü, onun məişətini çəkməlidir. Adətən müxbirlər bəhanə edirlər ki, redaksiya qəbul etmir, çəkməyə icazə vermirlər, adi bir şeyi çəkdikdə belə, bunu mücərrəd şəkildə edirlər. Gündəlik işi təntənələrin, tədbirlərin və s. çəkilişindən daha mühüm etmək lazımdır.
Məsələn, əlimizdə nə var – böyük sayda təqvim çap edən “Qosizdat”, əksərən təqvimlərin asılacağı divarlara diqqət yetirir. Təqvim bədbəxt aqibətə məhkum edilir və heç bir mədəniyyətdən söhbət gedə bilməz. Almaniyadan işlək təqvim aldıqda ölüb yerə giririk, çünki həqiqətən də mədəni bir şey alırıq. Mədəniyyət təqvimin özündədir. Biz görürük ki, o 70-80% fotoqrafiyadan ibarətdir və adətən bizdə olan dünya miqyasındakı şəkillərə orada rast gəlməzsən. Bizim təqvimlə hansısa firmanın kapitalistik kataloqunun fotoşəkillərini müqayisə etsək analogiyaya rast gələcəyik: orada da, burada da heç nə ifadə etməyən insanlar və maşınlar, kapitalistik kataloqda necə onların gəlir əldə etdiyini görmədiyimiz kimi, bizim zavodların da necə tikildiyini görmürük.
Baxın iki kitab var: biri rusundur, digəri almanın. Alman kitabı siyasi motivlər səbəbindən öz ölkəsində qadağan olunub, bizimkisi isə – yox. Bu misal fonunda bizim işimiz haqda təsəvvürünüz yarana bilər. Biz fotoqrafik almanax buraxırıq. Təqribi olaraq saymışam: ziyanlı şəkil – dörd dənə, hər bir jurnalda ola biləcək, məsələn, profildən harasa baxan gözlər kimi heç nə ifadə etməyən şəkil – 12, körpünün yanında kasıb daxma, köhnə kilsə, budağa qonmuş sərçə – belələrindən 4 dənədir, 6 ədəd müsbət şəkil, – məsələn, Voroşilov atın üstündə oturub, parovoz təmirxanada, Lenin Mavzoleyi, idmançı suya tullanır və s. Fotoaparatı necə söküb-yığa biləcəyimiz haqda bir dənə də məqaləsi olmayan, yalnız bizə heç nə ifadə etməyən təsvirlərdən ibarət bu fotoalmanax çaşbaşlıqdan savayı bir hiss yaratmır. Biz köhnə tətbiqi incəsənət fakültəsinin əşyaların avadanlaşdırılması, mexaniki və elektrik armatura, və məişət qab-qacağı fakultəsinə dəyişdirildiyi “ВХУТЕМАС”-dan başlamışıq. Orada, təhsili bitirdikdən sonra mühəndis-rəssam kimi püxtələşən 9 nəfərdən ibarət böyük bir qrup çıxdı. Bu uşaqlar zavodlarda işləməyə başladı və onlara fasiləsiz tələbat var…