Heyif deyildi Sovetin vaxtı

 Heyif deyildi Sovetin vaxtı

Azərbaycanın sovet təcrübəsi mədəni, sosial və siyasi həyatın hər bir aspektində öz izlərini buraxmışdır. Bu təsirin ötürülmə mexanizmlərindən biri və başlıcası iqtisadiyyat olduğu üçün sovet dövründə Azərbaycan iqtisadiyyatının necə şəkilləndiyini anlamaqda fayda vardır. Bu məqalədə vaxtilə SSRİ-nin tərkib hissəsi olmuş Azərbaycan iqtisadiyyatı ilə bağlı bir neçə mühüm xüsusu müstəmləkəçilik paradiqmasından təhlil edəcəyəm.

1918-ci ilədək Çar imperiyasının tabeçiliyində olan Azərbaycanın SSRİ tərkibində də siyasi müstəqilliyə sahib olmamasını (Nove və Newth, 1967) nəzərə alsaq, sovet dövründəki iqtisadiyyatımıza kolonial çərçivədən baxmaq yararlıdır. Ancaq SSRİ-nin sosialist sistemə mənsubluğu iqtisadi münasibətlərin xarakterini kapitalist imperiyalardan fərqli edir. Bu səbəbdən ənənəvi müstəmləkəçilik siyasətinin iqtisadi ədəbiyyatda necə araşdırıldığını bilmək və SSRİ-yə tabeçiliyin müstəmləkəçiliyin tərifinə uyğun gəlib-gəlmədiyini müzakirə etmək önəmlidir.

Müstəmləkəçilik bir qrupun digəri üzərində ərazi, dil, hüquqi, epistemik, mədəni və iqtisadi dominantlığına deyilir (International Encyclopedia of Human Geography, 2009). SSRİ dövründə mühüm siyasi, sosial və iqtisadi qərarların demək olar ki, hamısının Moskvada verildiyini (Nove və Newth, 1967) və mərkəzi hakimiyyətdə azərbaycanlıların qərar vermədə iştirakının cüzi olmasını (Shahrani, 1993) nəzərə aldıqda Azərbaycanın Rusiyanın dominantlıq etdiyi Sovet hakimiyyətinin müstəmləkəsi olduğunu deyə bilərik. Bəs müstəmləkə olmağın iqtisadi nəticələri nələrdir?

İqtisadi ədəbiyyatda müstəmləkəçilik

İqtisadi ədəbiyyat müstəmləkəçilik siyasətinin insitutları “mənimsəyici” hala salmaqda maraqlı olduğu üçün iqtisadi inkişafı zəiflətdiyini deyir (Acemoglu və b., 2001; Dell, 2010; Acemoglu və Robinson, 2012). Mənimsəyici insitutlar mülkiyyət hüquqlarını tapdadığı, bazara giriş haqlarını bir qisim qruplara limitlədiyi, qısacası, iqtisadi və siyasi iştirakı vətəndaşların əllərindən aldığı üçün iqtisadi inkişafa mane olur (Acemoglu və b., 2001). Digər tərəfdən isə, bəzi iqtisadçılar müstəmləkəçilik siyasətinin infrastruktur inkişafı vasitəsi ilə müsbət sosial-iqtisadi nəticələr yaratdığını qeyd edir (Dell və Olken, 2019; Huillery, 2009; Cage və Rueda, 2013). Kolonialistlər müstəmləkələrdəki iqtisadi məhsulu mənimsəməyin ən optimal yolunu infrastruktur investisiyaları etməkdə və bəzi bilik və bacarıqları yerli xalqa otürməkdə gördükləri üçün iqtisadi inkişafa müsbət təsir edə biləcək addımlar ata bilirlər (Dell və Olken, 2019).  Bəs bu nəzəriyyələr Sovet kolonializminə də tətbiq edilə bilərmi?

Yuxarıda qeyd edilən nəticələri kortəbii şəkildə sovet nümunəsinə tətbiq etmək və sovet sisteminin mənfəət yönümlü olmadığını nəzərə almamaq yanıldıcı ola bilər. Müstəmləkəçiliyin sosial-iqtisadi təsirləri barədə araşdırmalar, əsasən Avropa ölkələrinin ənənəvi koloniyaları üzərindən aparılıb. Bu koloniyalardakı istismar Avropadakı bir sıra özəl şirkətlərin mənfəət yönümlü məqsədlərinə uyğun həyata keçirilirdi. Sovet hakimiyyətində isə özəl şəxslərin kapital akkumiliyasiyası məhdud olduğu üçün, Avropa koloniyalarından fərqli olaraq, iqtisadi siyasətin kökündə təbii sərvətlərin talan edilməsi və işçilərin qul əməyinə yaxın şəraitdə istismara məruz buraxılması yerləşmirdi. Sovet insitutarının repressiv olmağına baxmayaraq, ittifaq respublikalardakı maaşların miqdar bölgüsünə, respublikalar arası idxal və ixrac hesablarına, investisiyaların həcminə və infrastrukturun bir çox müstəvidə inkişafına nəzər salsaq görərik ki, Azərbaycanda qurulan insitutlar Böyük Britaniya, Fransa, Niderland və başqa imperiyaların müstəmləkələrdə qurduqları insitutlardan fərqlənirdi. Bunları nəzərə aldıqda kolonializm ədəbiyyatındakı ikinci yanaşmanı – müstəmləkəçiliyin infrastruktur inkişafı və bilgi paylaşımı hesabına iqtisadi inkişafa müsbət təsirini, sovet təcrübəsini təsvir etməkdə uyğun çərçivə kimi qəbul etmək cəlbedici ola bilər.

Sovetin dövrü bir başqa idi

İqtisadi ədəbiyyatda bu yanaşmadan çıxış edən bir çox alimlər müstəmləkəçi imperiyaların işğal etdiyi ərazilərdə qurduqları yol, təhsil və səhiyyə infrastrukturlarının o bölgələrə müsbət sosial və iqtisadi təsirlər etdiklərini iddia edirlər. Məsəl üçün, Niderland Yava adasında qurduğu şəkər çuğunduru plantasiyalarında istehsal edilən məhsulun emalı üçün fabriklər tikmiş və daşınması üçün yollar çəkmişdi. Dell və Olken (2019) göstərirlər ki, 19-cu əsrdə İndoneziyada bu cür infrastruktur investisiyaları və insan kapitalı axınlarının yönəldiyi ərazilər günümüzdə daha yüksək iqtisadi inkişafa sahibdirlər. Oxşar şəkildə Caicedo (2018) göstərir ki, indiki Argentina, Braziliya və Paraqvayda yerləşən müstəmləkələrdə Yezuitlərin dini və təhsil missiyaları 250 il sonra belə həmin bölgələrin daha yüksək elmi nəticələrə və gəlir səviyyəsinə sahib olmağına səbəb olmuşdur.

XX əsrdə Rusiya tərəfindən SSRİ-nin tərkibində olan respublikalara yönəlmiş təhsil, səhiyyə və sənaye investisiyaları sovet müstəmləkəçiliyinin mübət sosial-iqtisadi təsirinə istinad yaradır (Nove və Newth, 1967; Newton, 1976). Sovet statistikalarına əsasan, Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi 1940-cı ildə 1928-ci ilə nəzərən 4.5 dəfə, 1958-ci ildə isə 1940-cı ilə nəzərən 2.5 dəfə artmışdır. SSRİ-nin sosial-iqtisadi siyasətinin nəticəsi olaraq erkən nikah hallarında azalma baş vermiş, qadınların təhsil alması və əmək bazarına qatılması konservativ-patriarxal dəyərlərin yayğın olduğu Azərbaycan cəmiyyətində ciddi ölçüdə normallaşmışdır (Evans, 2021).

Bəs bu inkişaf trendləri Azərbaycanda sovet müstəmləkəçiliyinin mədəni, sosial və iqtisadi aspektlərdən müsbət təcrübə olduğunu iddia etməyə icazə verirmi? Bu suala qanedici cavab vermək üçün əlimizdə əks fakt ssenarinin olması zəruridir. Belə ki, sovetin tərkibində olmadığı təqdirdə Azərbaycanın necə bir inkişaf xəttindən keçəcəyini bilmək bizə SSRİ-nin təsirinin müsbət və ya mənfi olduğunu anlamaqda vacibdir. Bunu etmək isə elmi ciddiyətin yüksək olduğu və detallı datanın istifadə edildiyi araşdırma tələb edir. Ona görə də yazının növbəti hissəsində çatdıracağım fikirlər səbəb-nəticə əlaqəsi qurmağa deyil, mövzuya yeni perspektiv gətirməyə xidmət edir.

Sovet hakimiyyətinin gətirdiyi sosial-mədəni “rifah”-ı, siyasi təzyiq və repressiyalardan əlahiddə analiz etmək yanlış olardı. Çünki repressiv üsullarla aparılan islahatlar qorxu ilə təşviq edildiyi üçün, yeni siyasətlərin implementasiyası davamlı olmaya bilər. Marksist-leninist ideologiyaya sahib sovet höküməti də apardığı islahatlarda repressiv üsullardan istifadə edirdi. Sovet höküməti sosialist iqtisadi siyasətinin uğurlu olması üçün ağa və bəyləri öldürərək feodal klan və tayfa quruluşlarını zəiflədir, qadın haqlarını qorumaq və genişləndirmək üçün dini icmaları zorakılığa məruz qoyur, sovet ideologiyasına yaxından və ya uzaqdan təhlükə yarada biləcək elementləri – şair, yazıçı və muqisiçiləri, sürgünə göndərir ya da öldürürdü. Marksist-leninist utopiyaya çatmaq üçün tətbiq edilən bu siyasətin repressivliyi bəlkə də Azərbaycanda sovetin söz verdiyi inkişaf səviyyəsini heç vaxt əldə etməməyimizin səbəbidir.

Azərbaycan sovet müstəmləkəsi kimi

1980-ci illərdə Azərbaycan və Mərkəzi Asiya respublikaları rifah indikatorlarına görə SSRİ-nin digər respublikaları ilə müqayisədə geridə qalırdılar. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən elmi işçi sayı, SSRİ ortalamasının 65 faizini, Rusiya ortalamasının isə 45 faizini təşkil edirdi (BVF, 1991)[1].  1989-cu ildə hər 1000 nəfərə düşən xəstəxana çarpayısı və həkim sayı, müvafiq olaraq, Rusiyadakı sayın 70 və 83 faizini təşkil edirdi (BVF, 1991). Adambaşına düşən ev sahəsi SSRİ ortalamasının 10 faizinin altında idi (BVF, 1991). Qadınların əmək bazarında iştirakına baxdıqda görə bilərik ki, patriarxiyanın dağıdılmasına xidmət edən sosial siyasətin uğuru məhdud idi. 1989-da işçilərin yalnız 43 faizi qadın idi və buna statistikaya görə Azərbaycan SSRİ-də sadəcə Türkmənistan və Tacikistanı qabaqlıyırdı (BVF, 1991). Eyni şəkildə, məktəbi bitirən mütəxəsis işçilərin də sadəcə 44 faizi qadın idi. Qadınların ali təhsildə iştirakında SSRİ-nin ilk dövrlərində artım müşahidə olunsa da, bu artım erkən səngiməyə başlamış, kişilərlə müqayisədə ali təhsilli qadınların sayı az olmağa davam etmişdir.

[1] Beynəlxalq Valyuta Fondu (BVF) dərc etdiyi statistik məlumatları SSRİ Milli İqtisadiyyat (Народное хозяйство) komitəsinin illik statistik məcmuələrinə istinad edir. Sovet statistikaları bir çox hallarda ciddi şəkildə şişirdilmiş və təhrif edilmişdir.

10000 nəfərə düşən mütəxəssis dərəcəsi, 1987

Azərbaycanla ittifaq respublikaları arasındakı fərqlər sadəcə sosial deyil, həm də iqtisadi idi. İlkin baxışda Azərbaycana yönlənən kapital axınının yüksək dərəcəsini və sənayeləşmənin sürətini sovet iqtisadi siyasətinin respublika iqtisadiyyatına verdiyi müsbət töhvə kimi qiymətləndirmək olar. Amma dərindən baxsaq görə bilərik ki, Azərbaycan və SSRİ-nin digər ölkələri arasında ciddi iqtisadi bərabərsizlik var idi. 1970-ci ildə adambaşına düşən gəlir sovet ortalamasından 35 faiz az idi. 1989-cu ildə SSRİ ölkələri arasında ən aşağı maaş səviyyəsi Azərbaycanda idi. SSRİ dövründə Azərbaycandakı sənayeləşmə siyasəti dar şaxəli olduğu üçün respublikada sənaye məhsullarının istehsal həcmi bir çox ittifaq respublikasından ciddi dərəcədə geri qalırdı.  1968-1988 arası kapital investisiya dərəcəsi Azərbaycanda sovet ortalamasının iki dəfəyə yaxın altında idi. 1928-1958 arasında Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi 1000 faizdən daha çox artsa da bu sahədə işləyən işçilərin sayı cüzi miqdarda artmışdır. Azərbaycandakı əmək qüvvəsi digər SSRİ respublikalarıdan fərqli olaraq böyük ölçüdə aqrar sahədə olmuşdur.[2]

[2] Mərkəzi Asiya ölkələri istisna olmaqla

Neft istehsalının artım dərəcəsi
Orta aylıq maaş, SSRİ ortalamasına münasibətdə 1989, faizlə

Adambaşına düşən sənaye məhsulunda Azərbaycanın SSRİ-də ən son sıralarda olmasının səbəbi respublikadakı sənayeləşdirmə siyasətinin əsasən neft sənayesi ilə limitlənməsində idi. 1970-ci illərdə Sibirdəki neft və qaz yataqları istifadə olunmağa başlayandan sonra Azərbaycana olan kapital investisiyaları və yataqlardan çıxarılan neftin miqdarı kəskin şəkildə azalmağa başladı. Bu da öz növbəsində urbanizasiyanın erkən tıxanması, kənd təsərrüfatı ilə məşğul əhalinin insan kapitalını inkişaf etdirə bilməməsi, universitetlərə yalnız bir qism insanların gedə bilməsi ilə, və digər respublikalar ilə  sosial-iqtisadi qeyri-bərabərliyin artması ilə nəticələndi. Digər sovet respublikaları sənayeləşmənin bəhrələrini gördükləri halda, Azərbaycan sovetin dəyər zəncirinə zəif inteqrasiya etmiş, aqrar respublikaya çevrildi.

İstinadlar

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir