Əlindəki qan izlərini ağ parçaya silib süfrə arxasına oturan kişi, çəngəl və bıçağı götürüb balıqdan bir tikə kəsdi. Ağzına apardı. Armudu stəkana süzülmüş pivəni başına çəkdi:
-Bu həyatda əsl sevginin və əsl oğraşlığın bir forması var… Təəssüf… Poxa qalmış həyatın paradoksuna bir bax!… Niyə susursan?
Kişi ayağa durub səhərdən təkrarlanan mahnını dəyişdi, eyni müəllifin fərqli mahnısını qoydu. Yenidən yerinə keçdi. Plastik butulkadakı soyuq pivəni armudu stəkanın içinə buraxdı.
-Xəyanət edənlər – bu adamlar əsl aşiqlər və əsl yalançılardır… Mənlik deyil, qətiyyən mənlik deyil. Hamısını taleh belə edib, belə edir. Guya mən bunu etmək istəyirdim?… Gücsüz və iradəsiz adamam. Sevgim var idi, əvvəllər. Əlimdən almağa…
Qonşu otaqda telefon zəng çaldı. O ayağa durub, onu çağıran cihaza yaxınlaşdı. Dəstəyi qaldırıb, yerinə qoydu. Qayıtdı.
-Elə bilirsən içmək rahatdı, içdin qurtardı?! Elə deyil… Çiyinlərin gözəldir, bunu sənə əvvəllər deməmişdim. Amma əvvəllər qulaqların var idi, eşidə bilərdin, düzdür, eşitsən də heç bir reaksiya verməyəcəkdin; istənilən halda, çiyinlərini sevməyim heç nəyi dəyişməyəcəkdi…
Kişi hisə verilmiş balıqdan kiçik tikəni bıçaqla kəsib çəngələ keçirdi. Arada dizlərini yellədir, kürəyini qaşıyırdı. Yenə qonşu otaqdan telefon səsi eşidildi. O isə ayağa qalxıb, oturduğu otaqda səslənən mahnıya səs verdi. Yenə masa arxasına keçdi. Pivədən içib davam etdi:
-Mən inanmırdım. Onları qovmağa çalışırdım başımdan. Sən bilirsən axı onlar necə inadkar və tərsdirlər. Oturduqları, çökdükləri yerdən birdən birə durmazlar. Onlar şübhələrdir. Yox, əsla boş şeylərə fikir verən deyiləm… Daha doğrusu deyildim. Bir şeyin şahidi olduğum günə qədər… Həmin gün insanların boş şeylərə görə necə mübarizə apardıqlarını, öldürdüklərini, sevdiklərini və nifrət etdiklərini gördüm… Qırılmalı nəsilik.
O balıqdan bir tikə kəsib müsahibinə uzatdı:
-Məni ölümdən xilas etdiyin gün… Halbuki, bilmək olmaz hələ… Həmin gün huşsuz bədəni dartıb divana uzatdığın an… Bəlkə elə həmin an mənə ruh üfürdün. Naşükür deyiləm, amma bu gün, demək olar eyni şeyi etdim…səni xilas etdim…özümü xilas etdim. Gərək idimi? Yoxsa sən, sonra mən, sonra da fikirlər xəyanət burulğanında batacaqdır…Hətta səni xilas edəndə belə, çiyinlərini sevirdim. Ətrafda baş verən zəlzələyə fikir verməyib namazını davam edən imam kimi, mən də baş verənlərə, etdiklərimə fikir vermədən sənin çiyinlərini sevirdim. Sevirəm hələ də.
Armudu stəkandakı son pivə damcısını acgözlüklə içəri endirib:
-Əvvəllər belə sakit söhbət etməyimiz yadımda deyil. Sən demə, dinləməyi bacarırmışsan. Mən düzəlmədim amma. Nə mən düzəldim, nə sənin mənə qarşı olan azmış hisslərin. Yolu tapmağa belə cəhd etmədin – mən sənin çiyinlərini sevərkən, sən onun dodaqlarını sevməyə başladın. Az idim, sənə isə çox lazım idi.
Sözlərini bitirib başını əlləri arasına aldı. Saçlarını əlləri ilə dağıtdı, eşələdi və başını qaldırıb, bayaqdan önündə, eyni masa arxasında otuzdurduğu başsız cəsədə baxdı.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.