Bütün həyatı boyu rəssamlığı akademik standartların qandallarından qurtaran  impressionizmin banisi Eduard manenin əsərləri tənqidə tuş gəlib. Ümumi olaraq qəbul edilən normaların kəsaləti və konservatizmində batmış qraverin çağdaşları, rəssamlıq kanonları çərçivəsində çəkilmiş şəkillərdən valeh olub, incəsənətə yeni nəfəs gətirmək istəyən hər kəsi tənqid atəşinə tutardılar.

Publikanın uzun müddət boyunca rəssamın şəxsi dünyagörüşünü əks etdirən əsərlərini anlamadığı və qəbul etmədiyi səbəbindən, Manedən başqa Kamil Pissaro, Pyer Renuar, Pol Sezann, Frederik Bazil və Edqar Deqa kimi məşhurların daxil olduğu cəmiyyətin ilk rəsmi sərgisi fiaskoya uğrayır. Lakin bunlar sonra olacaq…

1832-ci il yanvarın 23-də, Parisdə Ədliyyə nazirliyinin rəhbəri Oqüst Manenin və diplomat qızı olan Ejeni-Dezire Furnyenin Eduard adlı oğlu doğulur. Gələcək impressionistin valideynləri sevdiyi oğullarının prestijli hüquq təhsili alaraq parlaq dövlət məmuru karyerası quracağına ümid edirdilər.

1839-cu ildə onlar övladını abbat Pualunun pansionuna verirlər. Oğlunun təhsilə tam laqeyd olması səbəbindən Öqüst Mane onu Rollen kollecinə göndərir. Orada Eduard 1844-1848-ci illərdə təhsil alır. Manenin rəssam olmaq arzusuna baxmayaraq, atası oğlunun ailə ənənəsini pozaraq, sabit işi yaradıcılığa dəyişməsinə qarşı idi.

Eduardın rəssamlıq istəyini görən dayısı Edmon-Eduard Furnye uşağa rəssamlıq üzrə mühazirə kurslarına getməyə imkan yaratmasa idi, bəlkə də biz indi impressionizm adında cərəyandan xəbərsiz idik.

Fantaziya qüvvəsinə malik olmayan müəllimləri akademik standartları rəssamın özünəməxsusluğundan üstün tuturdu, buna görə də rəsm dərsləri Manedə maraq oyatmırdı. O, yoldaşlarının portretlərini çəkməyi, gips heykəlləri kopyalamaqdan üstün tuturdu.

Hətta ölüm qorxusu altında belə oğlunun dövlət qulluğuna girməyəcəyini anlayan Öqüst, Eduradın dəniz səyyahlığı ilə məşğul olmasına göz yumur. 1848-ci ilin dekabrında Eduard yunqa rütbəsində gəmiyə qalxır. Atlantik okeanını qət edərək Rio-de-Janeyroya səyahət etməsi onun dünyasını alt-üst edir.

Parisin dumanlı səması altında dünyaya göz açan və burjua mühitində tərbiyə alan Eduard, özü üçün onu əhatə edən reallığın günəşli mənzərələrini və rənglərini, onların gözəlliyini kəşf edir. Mane anlayır ki, real həyatda gördüyünü kətan parçasına həkk etmək bacarığına tamamilə yiyələnməlidir. Beləliklə, 1849-cu ilin iyun ayının 13-də, fransız sahillərinə yan almış gəminin pilləkəni ilə düşən gəncin çantasında qələm ilə çəkilmiş  qaralamalar var idi.

Kruizdən sonra 1850-56-cı illərdə Eduard Mane o zaman məşhur olan rəssam Tom Kutyurun yanında rəssamlıq dərsi alır. Lakin bu dərslər zamanı güclü antaqonizm yaranır; Manenin canlı incəsənətə can atması və Kutyurun rəssamlığın janr və stilistik kanonlarına pərəstiş etməsi kimi uyğunsuzluq tapmaq çətin idi.

Tom Kutyur öz tələbələrindən klassik rəssamların yaradıcılığını öyrənməyi tələb edirdi. Bu amil isə, öz növbəsində, “Valensiyalı Lola” əsərinin müəllifinin təcrübəsinə müsbət təsir edir. Rəssamlıq məktəbinin mühafizəkarlığını geridə qoyan 24 yaşlı Eduard şəxsi təhsilinə başlayır. Mütəmadi olaraq Luvru ziyarət etməsi ilə birlikdə Mane İtaliya, Almaniya, Avstriya, Niderland, İspaniya muzeylərinə səyahət edir və hər bir təzəhəvəs rəssam kimi Tisian, Velaskes və Rebrandt kimi dahi ustadların əsərlərini kopyalamağa başlayır.

Populyarlıq qazanmaq istəyən hər bir rəssam öz yaradıcılıq yolunun başlanğıcında Paris İncəsənət Akademiyasının rəsmi ekspozisiyasında iştrak etməli idi. Mane tez-tez öz əsərlərini tədbirin münsiflərinə təqdim edirdi, lakin onlar aşırı dərəcədə konservativ olduqları üçün onun işlərini sərgiyə daxil etmirdilər.

1859-cu ildə Eduard dostları ilə birgə öz əsərlərini iki ildən bir keçirilən rəsm sərgisində sərgiləmək istəyir,  lakin onun “Absent həvəskarı” əsəri rədd cavabı alır. Buna baxmayaraq, 1861-ci ildə tənqidçilər onun iki əsərini – “Valideynlərin portreti” və “Gitarero”nu müsbət qarşılayırlar.

Eduard Manenin valideynləri
Eduard Mane - Avtoportret

60-cı illərin əvvələrində Manenin yaradıcılığında dəniz və ispan motivləri (“Valensiyalı Lola”, “Kirsaca”, “İspan baleti”, “Alabamalar”), plener səhnələri (“Lonq-Şandakı qaçışlar”), müasir tarixi mövzuları (“İmperator Maksimilianın güllələnməsi”), həmçinin dini süjetlər (“Ölmüş Məsih”) üstünlük təşkil edirdi.

1863-cü ildə imperator Lui Napoleon rəsm Salonunun rədd etdiyi əsərləri, yaxında yerləşən Sənayə sarayında nümayiş etdirilməsi haqda tapşırıq verir. Bu parallel sərgi “Səfillər salonu” adını alır və tədbir çərçivəsində bütün diqqətlər “Ot üstündə qəlyanaltı” əsərində cəmləşir.

Çağımızda bu əsər impressionizmin şedevri sayılsa da 1863-cü ildə Paris publikası əsl şok keçirir. Rəsmi Paris salonunda nümayiş etdirməkdən imtina edirlər, Mane isə çılğın üsyançı reputasiyasını qazanır.

“Səfillər salonun”da bu gün adları demək olar ki, bir çox incəsənət aləmi ilə maraqlanan insana tanış olan rəssamlar iştirak edirdilər. Pisarro, Uistler və Sezann kimi ustaların arasında Manenin əsəri əsl furora səbəb olur. Çılpaqlığın qeyri-ənənəvi təqdimatı sayəsində əsər sərginin ulduzuna çevrilir. Lakin bu, rəsmin tamaşaçıların xoşuna gəldiyi anlamına gəlmir. Deyilənə görə, kişilər həyat yoldaşları ilə bu əsərin yanından tezbazar keçirmiş, sonra isə tək qayıdıb doyunca ona baxırmışlar. Tənqidçilərdə bu əsər gülüş və hiddət yaradır.

Qeyd etmək lazımdır ki, çılpaq qadınlar Manedən də öncə təsvir olunurdular, lakin adətən rəssamlar ilahələri lüt vəziyyətdə çəkridilər. Manenin əsərinin baş qəhrəmanı isə heç də ilahə deyil. Öndə çılpaq qadın, onun yanında isə müasir libaslar geymiş iki kişi qızğın söhbət edir. Bu əsərlə Mane real insanları və hadisələri əks etdirməyə çalışır. Tənqidçiləri hiddətləndirən isə öndə oturan qadının “öz çılpaqlığından utanmayaraq, arsız-arsız gözlərini tamaşaçılara zilləməsi” olur.

İlk olaraq Eduard, ola bilsin ki, qadın çılpaqlığına daha “yumşaq” izah vermək üçün bu əsərini “Çimmə” (Le Bain) adlandırır. Lakin sonradan Mane, açıq seksuallığı səbəbindən böyük səs-küyə yol açan rəsmi zarafatla  “Dörd nəfərlik piknik” adlandırır. Bir az dəyişsə də, məhz ikinci ad oturuşur.

1515-ci ildə İntibah dövrünün ustadı Rafael “Parisin məhkəməsi” əsərini yaradır. Təxminən 300 ildən sonra, Rafaelin yaradıcılığından ilhamlanan Mane “Ot üstündə qəlyanaltı” əsərinin qəhrəmanlarını,  “Parisin məhkəməsi” əsərinin sağ alt küncündə təsvir olunan insanların pozasına identik olaraq yaradır.

Çılpaq qadınlarla birgə libaslı kişilərin təsviri Parisdə çaxnaşma yaratsa da yeni mövzu deyildi. 1510-cu ildə “Kənd konserti” (əvvəl onu Cordonenin əsəri sayırdılar, lakin günümüzdə mütəxəssislər bu rəsmin Tisianın erkən yaradıcılığının məhsulu olduğunu ehtimal edirlər) əsəri yaradılır . Bu əsərdə oxşar səhnə təsvir olunur.

Yeri gəlmişkən Manenin əsərində təsvir olunan kişilərdən biri onun qardaşı Ejen Mane, digəri isə gələcək qaynı, niderlandlı heykəltəraş Ferdinand Leenhoffdur.

Ön plandakı çılpaq qadın isə Manenin ən sevimli modeli – Viktorina-Luiza Mörandır. O 1800-cü illərin Paris rəssamlarının məşhur muzası idi. Miniatür vucuda, pəmbə üzə və kürən saçlara malik olmasından ona “Krevet” ləqəbi qoymuşdular. Mane onu “Ot üstündə qəlyanaltı” ilə birlikdə “Küçə müğənnisi”, “Madmuazel Viktorina matador kostümündə”, “Olimpiya”, “Tutuquşlu qadın”, “Gitaraçı” və “Dəmir yolu” adlı əsərlərinə də həkk edir.

Həmin ildə rəssam çılpaq qadın təsvir olunmuş daha bir əsər yaradır. Bu şəkildəki ağ balışın üzərində çılpaq vəziyyətdə yaslanmış qadın obrazı da Mörandan götürülmüşdür. 1865-ci ildə bu şəkil incəsənət tarixində ən böyük skandallardan birinə səbəb olur, çünki əsas personaj klassik çılpaq ilahələrdən uzaq idi və adi qadının seksuallığını nümayiş etdirirdi.

70-ci illərdə rəssam özünün ən işıqlı əsərlərini yaradır: “Dəmir yolu”, “Qayıqda” və “Arjantey”. Xəstəliyindən qaynaqlanan ağır düşüncələrinin əks-sədasını Eduard 1881-ci ildə “İntihar” əsərində həkk edir.

1879-cu ildə Manedə ağır ataksiya xəstəliyinin əlamətləri müşahidə olunmağa başlayır. Bu xəstəlik beyinə təsir edərək hərəkət koordinasiyasını sıradan çıxarır. Ölümünə bir il qalmış  rəssam layiq olduğu məşhurluğa qovuşur. 1882-ci ildə Mane XIX əsrin 70-80-ci illərinin ən mühüm əsərlərindən biri sayılan “Foli-Berjerdə bar” əsərini tamamlayır. Bu işinə görə Eduard Fəxri legion ordeni ilə təltif olunur.

Mane 1883-cü ilin aprelin 30-da qanqrena olmuş ayağının kəsilməsindən 11 gün sonra dəhşətli ağrılar içində dünyasını dəyişir. Rəssamın dəfn mərasimində yaxınları ilə birgə dostları Klod Mone, Edqar Deqa və Pyer Renuar iştirak edir. İmpressionizmin banisi sayılan rəssamın məzarı Parisin Passi qəbristanlığında yerləşir.

Renat Cəfərov

Tags: