İdeallıq və mükəmməlik anlayışlarından altmış beş milyon işıq ili qədər uzaqda olan bu bəndə (yəni mən), 1966-cı ildə Yevlaxda dünyaya göz açıb. Doğulandan sonra hələ uzun müddət gözübağlı yaşayıb, qırmızı qalstuk taxıb, müəllim olmağı arzulayıb. Hə, bu mən idim.
Gorbaçov yenidənqurma və şəffavlıq elan etdikdən sonra, mən də şəffavlaşdım və yenidən qurulmağa başladım. Baxışlarım dəyişməyə başladı, hətta ayaqqabı ölçülərim də dəyişdi – yenidənqurmaya qədər istehsal edilən ayaqqabının “42” ölçüsü tam ayağıma otururdu, yenidənqurmadan sonra buraxılan ayaqqabının “43”ü ayağıma güclə girirdi.
Azərbaycan Neft İnstitutunu bitirdim, əsgərliyi el adət-ənənəsi ilə yola verdim, yəni xidmətə getmədim. Bakıda qaldığım məhəllənin yanında xudmani koorperativ dükan açdım. Al-ver mənlik olmadı. Dükanı bağlıyıb, gedib N.Nərimanov adına istrahət parkında “yellənçəyə baxan” düzəldim. İşim xoşuma gəlirdi, uşaqlar məni çox sevirdilər, məni “dayı” deyə çağırırdılar. Ailə qurmağa tələsmirdim, evdəkilər də yadıma salmırdılar. “Montin”də ikiotaqlı evdə tək qalırdım, kirayə tutmuşdum.
Bakıda “meydan hərəkatları” başlayandan sonra bazarım öldü. Hamı mitinqlərə gedir, yellənçəyə uşağını gətirən böyüklərin sayı azalırdı. Mənə isə elə gəlirdi ki, böyüklərin ciddi söhbət və görüşləri “yellənçəklərdə” baş tutarsa, böyüklər müharibə meydanında həll etdikləri məsələləri hər hansı uşağ bağçasında gündəmə gətirib görüşlər keçirsələr, bir çox münaqişələrdən qaçmaq olar. Bu pasifist düşüncələrimə cavab olaraq 1990-cı ilin yanvar ayının 19-da Bakıya “xilasikər sovet əsgəri” girdi.
Hamıdan küsdüm – hökumətdən də, onun vətəndaşlarından da, ədalət və bərabərliydən də. Artıq çökməkdə olan SSRİ-dən də, balacalarını yellənçəkdə yellənməyə gətirməyən böyüklərdən də küsdüm. Bircə uşaqlardan küsmədim; onlar dünyanın ən səmimi insanlarıdır – yenidənqurmadan əvvəl də belə idi, sonra da. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollandım…
Və boşluq. Yaddaşımda müharibədə olduğum günlərin heç bir xatirəsi qalmayıb. Bilirəm ki, bizi “adamlar” isimliyi olan yük maşınlarında gecə ilə Ağdam tərəflərdə olan bir hərbi hissəyə gətirdilər. Maşından düşüb sıraya düzüldük. Yadımdadı ki, bizə “boyunağı” paylayanda şəhadət barmağımı hansısa cücü dişlədi, barmağım şişib sosiskaya döndü. Tibb məntəqəsinə göndərdilər, ardı yadımda deyil.
Atəşkəsdən sonra cəbhədən evə qayıtdığım günü xatırlayıram. İyun ayı idi, tərslikdən həmin gün yağış yağırdı. Üst-başım su içində evə gəldim. Sonrakı üç gün demək olar ki, qurumadım. Sonra yadıma düşdü ki, mən məğlub ordunun əsgəri kimi evə dönmüşəm, yəni belə.
Ətrafımda olanlar hər dəfə bir ağızdan “inşallah, Qarabağı da qaytararıq” deyəndə, sözlərini kəsib deyirdim ki, “Qarabağ yerindədi, onu qaytarmaq lazım deyil, o heç yerə getməyib ki – biz getmişik, gərək biz qayıdaq onun yanına”.
Arada vicdan əzabı keçirirdim – niyə müharibə barəsində yadımda heç nə qalmayıb. Yəni nədən beyin hər şeyi xatırlayır, amma döyüşdüyüm 3 ili xatırlamır. Hafizəmdə yaranan bu uçqunu təhlil və bərpası üçün psixoloqa müraciət etdim. İlk görüş günü anladım ki, yanına gəldiyim psioxoloqun özünün də psixoloqa ehtiyacı var. Daha ikinci görüşə getmədim.
Sonra ailə qurdum. Hər şey ani baş verdi, düzdü özüm də istəyirdim. Bir aylıq rayona gəldim, bir həftəyə qız tapdılar, iki həftəyə elçiliyimi, dördüncü həftəyə də toyumu etdilər. Toydan sonra arvadımı qoltuğuma verib, göndərdilər Bakıya.
Bakıda birotaqlı mənzilə köçdük, Neftçilər metrosu tərəfdə. Ev darısqal olsa da, mənə və yoldaşıma bəs edirdi. O vaxtlar “Neftçilər-Semaşko” marşrutu ilə işləyən 331 nömrəli avtobusda sürücü işləyirdim. Yoldaşım isə şirniyyat bişirərək yaxınlıqdakı ərzaq dükanına satırdı. Beləcə dolanırdıq.
Səhv etmirəmsə, may ayı idi. Bakıda istilər tez düşmüşdü həmin il. Avtobusu şərikimə verib evə qayıdırdım. Metrodan tezəcə ayrılmışdım ki, qarşımı hündürboy, saçları ağarmış, amma üzdən cavan olan bir kişi kəsdi. Əynində geydirmə “adidas” idman geyimi olan adam sözə başladı:
-Xoş gördük.
Əl uzatdı. Əlini havada qoymadım.
-Tanımadın? Yadına düşmürəm?…
Ona diqqətlə başdan ayağa süzdüm. Əmin idim ki, təzə qonşum deyil və yüz faiz bir yerdə işləmirik. “Ola bilər sərnişinlərdəndi, avtobusda nəyisə unudub” deyə düşündüm. Dedim:
-Qardaş, yadıma düşmədin. Necə bəyəm, nə məsələdi? Kimsən ki?
Sonrasın xatırlamıram. Məni rəsmən söndürdülər. Gözlərimi alaqaranlıq bir məkanda açdım. Əllərim arxamda bağlı, başımda ağrılar, sol gözümün altı şişmiş. Önümə iki nəfər durmuşdu, biri bayaq məni “söndürən”, birisi isə qara, qalın saqqallı kişi. Elə söhbətə də saqqalı başladı:
-Həə… Demişdim görüşəcəyik, tapacam səni. Dediyimi etdim. İndi əlimdəsən.
Var gücümü toplayıb cavab verdim:
-Mən sizi tanımıram, siz məni kimləsə səhv salmısız.
-Düz deyirmişlər, yaddaşın qalmayıb. Amma məni xatırlamalı idin.
Məni söndürən oğlan bir siqaret yandırdı.
-Elə məni də tanımadı guya. Ə pox yeyir, bu qodux qoyub özünü axmaq yerinə. Artistlik edir.
Ətrafıma, olduğumuz yerə bir də diqqətlə baxdım. Köhnə qarajı xatırladırdı, otağın bir küncündə mismardan sallanmış elektrik lampası xırda detalları görməyə imkan vermirdi. Saqqalı kişi sözünə davam etdi.
-Deməli unutmusan məni, indi xatırlayarsan, yadına düşərəm. Müharibədə harada olmusan?
-Yadımda deyil, vallah xatırlamıram.
Saqqalı həmsöhbət mənə doğru əyildi. İndi onun üz cizgilərini az-maz seçirdim; qısa saçlı, qalın saqqalı, düyünlü qaşları olan biri. Lap özümü xatırlatdı, müharibədən qayıdanda mən də belə gündə idim.
-Qulaq as, neçədə getmisən müharibəyə?
-91-də
-Birinci sizi hara gətirdilər, hələ döyüşə girməzdən qabaq sizi hansı rayona gətirmişdilər, yadına sal.
Bu yadımda idi. Yeganə xatırladığım şey bu idi.
-Ağdama gətirdilər.
Saqqalı yanındakı baxıb gülümsündü:
-Görürsən, yadında hamısı qalıb, tam silinməyib… Deməli, Ağdam. Yadındadı səni tibb məntəqəsinə gətirdilər? Barmağın başın boyda idi.
-Hə… Amma sonra nə olduğunu xatırlamıram. Müharibə illəri silinib hafizəmdən.
-Silinəcək də o cür poxlardan sonra. Sən tibb məntəqəsində olanda orada bir MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçu) var idi, o mən idim. Bu qardaş da yanımdakı çarpayıda yatırdı, “pinevmaniya”dan…
Xatırlamırdım. Vallah xatırlamırdım
-Ayağıma yara çıxmışdı onda. Sən məntəqəyə gəldiyin günün səhəri məni evə buraxmalı idilər, qardaşımın toyuna; guya “xəstə” kimi Bakıya hospitala göndərilirdim. Amma göndərilmədim, bilirsən niyə?
-Xatırlamıram, yadımda deyil vallah.
-Çünki bir oğraşın halı gecə ikən pisləşdi və səhər alatoranda tibb məntəqəsinin yeganə maşını, hələ mən yuxuda olarkən, həmin oğraşı Gəncə hərbi hospitalına apardı, oradan da Bakıya…
Bilmirəm necə, amma anladım ki, həmin “oğraş” mən olmuşam.
-..Hərbi hissədən çıxacaq maşın yox idi, yeganə maşın səni aparmışdı! Mən də qaldım belə, qardaşımın… doğma qardaşımın toyunu sənə görə buraxdım!
Onun danışdıqları mənə yuxu kimi görünürdü, heç bir detal yadımda deyildi. Bunu hər iki yoldaşa izah edə bilmədim. Onlar da mənim mitlimə bir-iki dəfə də yaxşıca çəkdikdən sonra, gözlərimi də bağlıyıb həmin yerdən çıxardılar. Neftçilər tərəfdə maşından düşürüb, sürüb getdilər. Sonra nə oldu yadımda deyil. Lap sonra da nə olduğunu xatırlamıram…
İndi də uzanmışam özüm kimi “özünü xatırlamayan”ların yanında. “455” nömrəli palatada. Çarpayımın yanında dolab durur. Orada bir qələm və bir dəftər var. Bunu dolaba baş həkimin tapşırığı ilə qoyublar. Özü də ancaq mənim dolabıma. Həkim deyir ki, xatirələrimi yazsam, silinmiş xatirələrin yenidən bərpa olunma şansı arta bilər. Mən də onun göndərdiyi dəftərdə yazıram. Yazıram və anlayıram ki, mənim hafizəmi tibb qaytara bilməyibsə, ədəbiyyat çətin qaytara. Həm də TV və radiodan, həmçinin internetdən izlədiyim qədəri, indi çöldə, “özünü tanımayanlar”ın sayı çoxalıb. Mən də çıxsam say lap çoxalar, ağ olar. Ona görə də palatamda qalsam və arada yazsam daha yaxşıdı.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.