Biri var idi, ikisi yox idi, şimal ölkəsində küsəyən bir kral hökmranlıq edirdi. Yaman darıxırdı. Hər gün eyni şey – səhər duran kimi dişlərini yuyur, sonra şirinçay və pendir-çörək, sonra səfeh vəzirin məruzəsi. Günorta maraqlı heç nə baş vermirdi – ya hava yaxşı olanda ova çıxır, ya da sarayda oturub paxla şorbası içirdi. Axşam düşəndə toyuq qızartmasından yeyib yatırdı. Kral darıxırdı.
İş o yerə çatmışdır ki, kral saray xadimlərinə anonim məktublar yazır və sonra hadisələri qıraqdan izləyib gülürdü. Misal üçün, bir dəfə saray xəzinədarına yazır ki, guya onun arvadı saray qəssabı ilə eşqbazlıq edir, xəzinədar da qəssabı duelə çağırıb onu öldürür. Bir dəfə isə saray münəcciminin cibinə bir baş şey soxuşdurub, sonra da polis çağırıb adamı tutdurmuşdu; polis də yazıqdan 10000 qızıl alıb buraxmışdı. Yəni kral belə mırt adam idi, sadacə tez-tez darıxır və bir şey olmamış küsürdü.
Kralın arvadı tam başqa aləm idi. Kraliça geyinir keçinir, ətir-mətir vurur, parik taxır, seksual alt paltarında gəzirdi. Gəl ki, ağzını açan kimi hər şeyin poxu çıxırdı.
Kralın diplomatik görüşləri olurdu, uzaq ölkələrin səfirləri yanına gəlirdi. Bir də gördün rəsmi görüşlərin birində kraliça ucadan gəyirdi, yaxud da zırt-pırt etdi. Yazıq kral vəziyyətdən çıxmaq üçün qaşqabaqla saray tərcüməçisinə baxır, sanki “utanmırsan, bu nə zırt-pırtdı salmısan, zadına yiyə dura bilmirsən?“ deyirdi. Bu üzdən kral arvadını tez-tez səfərlərə yollayırdı, gah Banqladeşə, gah da Almaniyaya, harada ucadan zırt-pırt etmək, deyilənə görə, normal bir şey sayılırdı.
Nəsə ki, günlərin bir günü, kral səhər oyanan kimi, dişlərin yumamış və səhər gimnastikasını etməmiş vəziri yanına çağırıb ona tapşırıq verir:
-Get mənə “orqazmın alqoritmini” tap.
Alqoritm haqqında heç nə bilməyən yazıq vəzir, kralın konkret olaraq nə istədiyini anlamır və qərara gəlir ki, kral üçün park saldırsın. Buna görə yaxınlıqda olan kəndi boşaltdırır, sakinləri isə Şimal Buzlu Okeandakı adaların birinə ekspedisiyaya göndərir. Ordan-burdan bağbanları yığır, cürəbəcürə ağaclar gətizdirib parkda əkdirir, ölkənin müxtəlif bölgələrindən ən gözəl qızları yığıb buraxır parka. Qızlara əmr verir ki, parkda yaşasınlar, bəzilərini ağaca dırmaşdırır, bəzilərini kolların arasında dolanmağı tapşırır – təki kral razı qalsın. Sən demə kral da özü-özlüyündə vəzirlə mırt tuturmuş; hansısa internet saytda bu ifadəyə rast gəlib, düşünüb ki, vəziri bir az təkərə salsa günü şən keçər.
Vəzir isə bir həftə kralın gözünə görünmür, heç səhərlər də məruzəyə gəlmir. Nəhayət kral vəziri ayaqyoludan çıxan yerdə yaxalayır, yuyur və aparır paltar ipindən sərməyə. Birdən yadına düşür və vəziyyəti ondan soruşur. Vəzir cavabında deyir:
-Kral sağolsun, ərazidə iş gedir. Tezliklə “orqazmın alqoritmi” tapılacaq.
Kral anlayır ki, vəzir söhbətin dərinliyinə gedib. ”Aydındı” deyib vəziri buraxır. Sonra oturub yeni əyləncə növü axtarır, çünki kral darıxırdı.
Nahar vaxtı beyninə əntiqə ideya gəlir. Paxla şorbasından növbəti qaşığı ağzına aparıb başlayır öskürməyə, boğazın tutub qışqırır ki, ”boğuluram, xilas edin”. Aləm dəyir bir-birinə, xidmətçilər oyan-buyan qaçışır, sarayda əməlli başlı küy qalxır. Adam göndərib saray həkimini çağırtdırırlar. Xüsusi xidmət şöbəsinin rəisi yemək bişirən aşbazı və mətbəxin bütün işçilərini basır saray zindanına. Kral isə yatağında uzanıb gah qarnını tutur, gah burnunu tutur, özünü zəhərlənmiş adam kimi göstərməyə çalışır. Həkim gəlir, heç nə başa düşməyib başlayır kralın qarnını masaj etməyə, kral yatır. Bu vaxt aşbaz və onun iki əsas köməkçisi nəinki krala qarşı sui-qəsdi, həmçinin tarix boyunca olmuş bütün sui-qəsdləri boyunlarına alırlar. Üçünün də boynu vurulur, cəsədləri zooparkdakı timsahlara atılır. Kral axşam oyanır, eşidəndə ki, 3 nəfərin boynu vurulub hamıdan küsüb girir toyuq hininə və 2 gün bayıra çıxmır.
Bir həftə sonra kraliça növbəti səfərdən qayıdır. Baxıb görür ki, sarayda it yiyəsini tanısa da, kralın kefi yoxdur. Tumanını başına keçirib cumur ərinin yanına və hər şeyi yıxır vəzirin üstünə. Həm də deyir ki, səfər boyu bir çox uzaq ölkələrdə kralların öz adlarına bulaq tikdirdiklərinin şahidi olub, guya camaat da bulağın suyundan içib rəhbərlərinin sağlığına duadan-muadan oxuyurlar. Kral vəzirlə bağlı ittihamı rədd edir, amma bulaq ideyası xoşuna gəlir.
Səhər tezdən vəziri yanına çağıran kral əmr verir ki, bundan sonra ölkənin hər yerində “kral qulağı” tikilsin (”bulaq” sözün unudur), qoy camaat problemi olanda gəlib həmin qulağa pıçıldasınlar. Artıq günorta ustalar kralın qulaq ölçülərin götürürlər. Amma kraliça yenə də dilini dinc qoymur:
-Mənim kralım, başıboş vəzir başınızı dumanlandırdı, siz də “kral qulağı” tikdirirsiz. Axı kimə lazımdı başsız qulaq? Ondansa əmr verin “kral qulağı” əvəzinə, “kralın başını” tikdirin. Camaat da başa düşər ki, qulaq kimə məxsusdu, ağzına gələni danışmaz.
İdeya kralın beyninə batır, vəziri çağırtdırıb deyir ki, “daha “kral qulağı” istəmirəm, əvəzində “kralın başını” tikdirin. Yenə ustalar gəlirlər, kralın baş ölçülərini götürüb gedirlər. Kral anlayır ki, kraliça bir az da sarayda qalsa vəziri timsahlara yedizdirməli olacaq. Buna görə arvadını Avstraliyaya səfərə göndərir.
Nəsə ki, 1 aydan sonra krallığın hər bölgəsində “kralın başı” peyda olur. Deyilənə görə məhz həmin vaxtdan başlayaraq, hökmdarlar və liderlər tabeliklərində olan ərazilərdə öz heykəllərini ucaldırlar. Sadəcə “kralın başı” ifadəsi söyüş kimi səsləndiyinə görə ləğv edilir.
Ömrünün son illərini kral sarayın 2-ci mərtəbəsində keçirir, dediyinə görə, 1-ci mərtəbədə həyat daha maraqsız keçirmiş, ikinci mərtəbədə isə eyvandan aşağı baxan saray xadimlərinə arxadan yaxınlaşıb təpik vurmaq və onları aşağı atmaq olurdu. Bu isə kral üçün çox əyləncəli görünürdü.
Beləcə, ölənə qədər kral bütün krallıqla məzələnir. Ölməmişdən qabaq əmr verir ki, saray işçilərinin hamısı şalvarlarını başlarına keçirib gəzsinlər; istəmirdi onun ölümünə kimsə şahid olsun. Bu da məzəli kralın son əmri olur.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.