Nəhəng siçan

Parisdə yerləşən kafelerin birində müştərinin şalvarının altına siçan girir. Balaca, toppuş siçan. Zahirən çox şirin görünən bu məsum varlığın, şalvarın altında nə işi olduğunu aydınlaşdırmaq istəyən müştəriyə, ofisiant-oğlan üzrhaqlıq edir, şokdan huşunu itirmiş balaca siçanı hadisə yerindən təxliyyə etmək üçün fəaliyyətə keçir. İntim həyatının təhqir olunduğunu iddia edən müştəri, tələsik ayaqyoluna qaçır ki, bəlkə şalvarının altına başqa şeylər girmiş olar, gecikməz olmaz. Yaxınlıqda oturan cütlük ofisiant oğlanın siçan əleyhinə yönəlmiş səylərini görüb, romantik görüşə ara verirlər. Xərək əvəzinə xəkəndaz gətirmiş ofisiant-oğlan ciddi cəhdlə siçanın təxliyyəsinə başlayır. Cütlük gözlərini biri-birindən ayırıb, olanları izləyir. Oğlan:

 

— Siçanın quyruğunun uzunluğu, onun əl və ayaq uzunluqlarının cəmi ilə düz mütənasibdir.

 

Qız:

 

— Əl-ayaq? Siçanların əlləri olmur axı.

 

(Çox güman) Çində istehsal olunmuş plastik xəkəndazda siçanın kafe zalından necə çıxarıldığını izləyən oğlan, sevgilisinin iradına əhəmiyyət vermir.

 

— Siçanlar çox ağıllı heyvanlardır. Hələ eramızdan əvvəl…

 

Bu zaman acığa, ya da yersiz təsadüfdən, kafenin o biri başında, geniş divanı zəbt etmiş ağırçəkili bir ailənin azyaşlı körpəsi ucadan ağlamağa başlayır. Elə ağlayır ki, elə bil ətini kəsirlər, elə bil əfqan emiqrantının oturum kartını alıb geriyə – Kabula göndərirlər. Səs qalxır, enir. Körpə, sütül ağciyərlər havanı udur və ömürçürüdücü səsin müşayəti ilə çölə buraxır.

 

Uşağın ağlama tembrinin təsirindən özünə gələn siçan qara-muncuq gözlərini açıb harada olduğunu anlamağa çalışır. Sonra başa düşür ki, ofisiant oğlanın xüsusi diqqətlə daşıdığı xəkəndazın içindədir və indi, qapağı açılmış zibil vedrəsinə doğru yönəlir. Ümidsiz məxluq bio-tullantıların arasına düşüb özünə gəlir, rahatlayır; vedrədə nə qədər istəsən, yemək var

 

Ayaqyoluna girən və intim əmlakın təhlükə altında olduğunu düşünən müştəri, qapını bağlayıb şalvarını çıxarır. Adəti üzrə unitaza tüpürür, sifonu çəkir. Üst-başına göz gəzdirir, şalvarını havada çırpır. Ehtiyatla və həyəcanla, alt paltarının altına nəzər salır, çatışmazlıq aşkar etməyib sifonu bir daha çəkir.

 

Bu zaman, həyacandan əlləri tərləmiş ofisiant tərəfindən axtarılan kafe administratoru, kafenin administrativ otağında hazırladığı sonuncu “xətti” burun dəliyinə dartıb, otağını tərk edir  və 15 saniyədən sonra gəmiricinin hücumuna məruz qalmış müştərinin qarşısında peyda olur. Şuluq administrator qəzəbli görünən müştərinin (hansının şalvarının qabağı açıq idi) qarşısnda iki dəfə mayallaq aşır. Müştəri əvvəl çaşır, sonra təəccüblənir, təşəkkür edib kafeni tərk edir. Əslində isə tərk etmir, tualetə qayıdıb, orada gizlənir.

 

Hadisələrin dinamik inkişafı bayaqdan kəsilməyən uşağın ağlaması ilə müşayiət olunur. Uşaq ağlamasını təbii proses sayan (ağciyərlərin genişlənməsi və özünə diqqət çəkmə haqda arqumentlər) qadın,  arada körpənin üzünə üzünü yaxınlaşdırıb “dü-dü, dü-dü” edir (mənası müəllifə və kafe administratoruna, hətta siçana belə naməlum işarələr sistemi), gülümsünür, sonra smartfonuna baxır. Ağlamanı təbii saymayan və onun hər hansı bioloji faydası ilə razılaşmayan kişi (körpənin atası), qadına “bəlkə altını batırıb, pampersinə bax” deyir. Qadın gözünü smartfondan çəkmir, ekrana baxaraq gülümsünür, sonra uşaq arabasının altındakı çantadan təzə bez götürür, körpəni qucağına alıb tualetə doğru gedir. Zala müəyyən sakitlik çökür, cütlük romantik görüşü davam etdirir, ofisiant dolu stolları gəzir ki, artıq şeyləri götürsün, administrator otağına qayıdır, siçan bio-tullantıların arasında var-gəl edir, gəmirici hücumuna məruz müştəri kişi tualetinda gizlin həyatını davam edir.

 

Əslində hər şeyi belə asayiş içində buraxıb ayrı kafeyə girmək və orada baş verənləri təsvir etmək olardı. Amma. Ancaq. Lakin!

 

Qəfildən kafenin qapısı açılır, sonra bağlanır. Sonra yenidən açılıb, bağlanır. Əlindəki sinini boş masalardan birinə qoyan ofisiant-oğlan qapıya yaxınlaşır. Və birdən içəri SİÇAN girir! Niyə böyük hərflərlə? Çünki bu, doğrudan da nəhəng bir siçan idi! Həmin məsum, qara-muncuq gözlü gəmiricinin – hansı ki, 20 dəqiqə əvvəl müştərinin şalvarının altında var-gəl edirdi – onun adam boyda olan versiyası. Düşdüyü zibilin içindəki bio-tullantıları yeyib bu boyda olubmuş.

 

Siçan amiranə addımlarla, quyruğunu bulaya-bulaya içəri girir. Qorxudan danışa bilməyən ofisiant oğlanın balaqlarına siçanın quyruğu toxunur. Quyruq şalvarın altına girir.

Sonra ordan çıxır.

 

Ətrafda isə ölü sükut. Kafedə olan müştərilər  susur, sadəcə olanları kameralarına çəkirdilər.

 

Siçan ictimai diqqəti dəyərincə qiymətləndirib, sözə başlayır:

 

— Əvvəl mən kiçik siçanciyəz idim, sonra isə böyüdüm. Hamısı da sizin yediklərinizə görə! Nə gəldi tıxırsız ərzağa.

 

Ofisiant astadan üzr istədi. Siçan davam etdi:

 

— Mən bunu əvvəl də demişəm, indi də deyirəm, sizi bizdən yox, bizi sizdən qorumaq lazımdır.

 

Bu sözləri deyib, ofisiantı qoltuğuna vuran nəhəng siçan kafeni tərk etdi. Mən də hesabı ödəyib bayıra çıxdım ki, görüm siçan ofisiantı hara aparır. Heç kimi tapmadım.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir