Söhbətəbaxan kəndinin hörmətli sakinlərindən biri olan və məhlənin ağsaqqalı hesab olunan Abbas kişi, adəti üzrə axşam vaxtı köhnə “06”-ın götürüb taksilik edərdi. Bugünki kimi. Məhlədən tərpənib mərkəzi dairəyə çıxdı. Dairəyə çatmamış bir nəfər əl etdi; “yerli camaatdan deyil” Abbas öz-özünə düşündü. Maşın dayandı. Müştəri Sabunçu tərəfdə bir ünvanı söylədi. Taksi yerindən tərpəndi. Yol boyunca demək olar ki, bir kəlmə söz belə kəsmədilər, nə sürücü, nə müştəri. Deyilən ünvanda avtomobil dayandı. Müştəri cibindən 50 manat çıxartdı:
-Ağsaqqal xırdanız olar?
-Olar, niyə olmur?
Müştəri pulu uzadıb maşından düşdü. Abbas kişi salonun işığın yandırıb danışa-danışa pulu xırdalayıb qalığı ayırmağa başladı:
-Bu on, bu iyirmi, bu da on beş. Düzdü?
Abbas başın qaldırıb ətrafa boylandı. Maşının ətrafında heç kəs yox idi; nə önündə, nə arxasında, nə sürücü tərəfdə, nə də sərnişin tərəfdə. Küçədə də adam yox idi ki, kimdənsə soruşsun; qaranlıq, küləkli küçə. Həyət evlərinin heç birində işıq yanmırdı. Haradasa uzaqda it ulamağa başladı. “Yaxşı işarə deyil” düşündü Abbas kişi. Sərnişin və özü tərəfdən pəncərəni qaldırdı, içəridən qapıları kilitlədi. Salonun işığın söndürüb bir daha diqqətlə ətrafa boylandı – heç kəs yoxdu. Sirrli müştəri 50 manatı verib yoxa çıxdı. Abbas kişinin bədənindən soyuq tər keçdi. Köhnə “06”-ın işə salıb yerindən götürüldü. Düz evə sürdü.
Evdə rəngi ağarmış ərini görən Zöhrə xala məsələni bütün detallarına qədər öyrənib, üzərinə bir-iki qoyub belə işlər üzrə mütəxəssis olan qonşu arvad Sənəmə hər şeyi nəql etdi. Abbas kişi isə “bismillah” ilə bir stəkan su içib, paltarın soyunub yerinə girdi və yatdı.
Səhəri gün bütün kənd bu sehirli hadisədən halı oldu. Kəndin beş başbilən mollası günortadan Abbasın evinin qabağın kəsdilər ki, həm din nümayəndələri kimi bu müəammalı insident barədə fikirlərini bildirsinlər, həm də bir stəkan çaya, bəxt gətirsə nahara qonaq olsunlar.
Zöhrə xala da, qonşu Sənəm kimi yoxa çıxan müştərinin hansısa müqəddəs adamın – ya ağır seyidin, ya pirin, ya da hələlik heç kəsin tanımadığı övliyanın ruhu olduğu versiyasını irəli sürürdü. Mollalar bu barədə yekdil fikirə gəlməsələr də, “50 manatlığ”ın müqəddəs olmasını hər kəs qəbul etdi.
Abbas kişidən başqa. O söhbətlərdən kənar durdu, həmin gün yatağından da qalxmadı.
Evə yığışan “kənd komissiyası” isə əlliliyi xüsusi diqqətlə nəzərdən keçirir, “müqəddəs kağız”ın sonrakı taleyini müzakirə edirlər. Bu məsələdə fikirlər ayrılırdı – hərə bir variant təklif edirdi. Mollalardan biri, molla Məkan pulu bir kisəyə qoyub kəndin başındakı ağacdan asmağı məsləhət gördü, molla Məzahir pulu xeyriyyə məqsədi ilə məçitə verməyi təklif etdi. Molla Alverdi pulu yandırıb külünü ailə üzvlərinin alnına sürtülməyinin tərəfdarı oldu; Sənəm xala bu aksiyanı atəşpərəstlik adlandırdı. Digər (eyni mədrəsənin məzunları olan) iki molla pulun, evin həyətində basdırılmağının və həmin yerin “pir” elan edilməyinin tərəfdarları idilər. Əslində bu təklif daha perespektivli görünsə də, Zöhra xala bu təklifdən vaz keçdi.
Nəticədə qonşu Sənəm daha alternativ variant irəli sürdü – əlliliyi xırda-xırda hissələrə bölmək və qohum-qonşuya, yetim-yesirə paylamaq ki, hər kəs xeyir görsün; bu həm savab iş olar, həm də pulu verən müqəddəs görər ki, Nadir kişinin ailəsi kasıb da olsalar, mərd adamlardı, simic deyillər, xeyirlərini hamı ilə bölüşdürəndirlər. Molla Məkanın yersiz replikasını nəzərə almasaq, iclas iştirakçıları bu variantı məqbul saydılar.
Nəsə ki, evdən bir qayçı tapdılar. Qayçını təmiz yudular, onun paklığı üçün mollalardan biri “gigiyena duası” da oxudu. Sonra qayçıya qırmızı lent bağlayıb düşdülər heç nədən xəbəri olmayan “müqəddəs əlliliy”in üzərinə. 24 bərabər hissə alındı, bir hissəni də iki yerə böldülər ki, 25 olsun. Siyahı tutuldlu. Sənəm paylayıcı vəzifəsini boynuna götürdü. Bibi, xala, əmi, dayı, nəvə – əlqərəz hər ailəyə bir hissə verdilər. Kimsə kağızı asdı. kimsə yandırdı. kimsə çaya atıb dəmləyib içdi.
Aradan bir müddət keçdi, ara sakitləşdi. Keçən üç həftə ərzində hər kəs “əlliliyi” unutdu. saxlayanlar da vardı. Amma Abbas kişi arada taksi reydinə çıxsa da, axşamlar çox qalmırdı. İstəmirdi həmin “səmavi sərnişin”i bir daha görsün.
Növbəti ay Abbas yerli poliklinikaya getməli oldu, sağlamlığı haqqında sənədi götürəcəkdi. Köhnə “06”-ın işə salıb sürdü tibb idarəsinə. Maşından düşüb qapıya yaxınlaşanda gözləri iki oldu – Abbas həmin naməlum müştərini, ona əlli manat verib bir göz qırpımında yoxa çıxmış sehirli adamı gördü. Ruh yox a, əsl adam – cisim. Qorxudan dizləri bükülən kişi az qala yıxılacaqdı. Poliklinikanın qapısından çıxan başı bağlı adam cəld tərpənib kişinin biləyindən tutdu və hamının başa düşdüyü azərbaycan dilində dedi:
-Salam dayı, necəsiz? Tanıdız məni?
-Qardaş… sən o gün bəs hara yoxa çıxdın?? Az qala ürəyimi yemişdim.
-Yadınıza düşdüm? O gün siz maşını çox uğursuz yerdə saxladız?.
-Yəni səhv ünvana sürmüşdüm? Onda yox çıxmaq nəyə gərək, düz ünvanı deyərdin, sürərdim ora.
-Yox e, ünvan düz idi. Ancaq maşından ki, çıxdım e… Ayağımı bayıra atan kimi düşdüm qapağı açıq kanalizasiya quyusuna. Huşumu itirdim. Səhər imdad səsimə qonşular gəlib çıxdılar. Kömək etdilər. İndi də sarğını dəyişməyə gəlmişəm.
Abbas mat-məətəl qalmışdı. Bir az tonunu aşağı salıb dedi:
-Sən Allah üzrlü say, bilərəkdən o quyunun yanında saxlamamışdım, yəqin anlayarsan… Qorxmuşdum o gün. Başımı əydim – qaldırdım sən yoxsan… Şükür salamatsan. Səhəri molla-zad çağırmışdım evimə.
-Başa düşürəm sizi dayı, nə edək, oldu keçdi. Şey.. söz soruşmaq istəyirəm… axı siz o gün mənim 50 manatımı xırdalayıb pulu çıxmadız…
-Əslində elə onu xırdalayanda sən yoxa çıxdın, yəni indi bildim ki, onda artıq quyuda idin… Hə, sən dayının telefonun yaz, axşama pulun qalığın gətirib çatdıraram. Üstümdə yoxdu indi.
Başı bağlı eks-müştəri mərifət xatirinə əlavə etdi:
-Yoxunuzdu qoy qalıb.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.