İqlim dəyişikliyi öz gücünü tam göstərməyə başladığı andan etibarən, dünya əhalisi ikiqat təşvişə düşdü. Artıq bəhanə və izahlar, milli və dini zəmində olan söhbətlər aktuallığını itirmişdi. Amerika qitəsinin yarısı donub buzlaqla örtülmüş, Şərqi Asiyanın çox hissəsi suya qərq olmuş, Avropada dözülməz soyuqlar düşmüş, Afrikada olan Böyük Səhra daha da genişlənmişdir. Və məhz Böyük Səhra bitdiyi yerdən, onun cənub sərhədlərindən etibarən Yaşıl Zona başlayırdı. Nəhəng Yaşıl Zona. Bəşəriyyətin xilaskarı, sivilizasiyanın var-yoxu olan yamyaşıl zona. Dünyada belə genişlikdə yaşıllıq qalan demək olar yeganə hissə.
İyirmi birinci əsrdə yaşayan orta statistik homosapien indi deyəcək ki, axır-əvvəl dünyada yaşayış üçün yararlı olan tək-tük ərazilərdən biri olan Yaşıl Zona uğrunda müharibə başlamalıdır, hamı ora yerləşməz. Belə halda adamların bir hissəsini azdırmaq lazım olacaqdı. Belə halda. Amma bizim halda istisna oldu. Müharibə başlamadı, əvəzində avropalıların miqrasiyası, tarixin ən böyük insan köçü başladı.
İtaliyanın, İspaniyanın, Yunanıstanın limanlarına, şəhər və qəsəbələrinə doluşmuş qərbi və şimali avropalılar, qanuni, qeyri-qanuni vasitələrlə Aralıq dənizini üzüb, Afrikaya keçməyə cəhd edirdilər. Qarşı tərəfdə, yəni dənizin o üzündə sahilboyu ölkələrdə yaşayanlar, Afrikaya keçmək istəyənlərin yarısına kömək edir, yaxşı pul müqabilində, yarısını cinsi istismar üçün eskort agentliklərinə, yarısını da qul bazarlarına satırdılar. Afrika ölkələrində iqtisadiyyat görünməyən rəqəmlərə çatır. Koloniyal həyat və qul əməyi barədə tarix boyunca qazanılmış, deyərdim hətta genetik səviyyədə oturuşmuş təcrübənin afrikalılara xeyri dəyir – Afrikada vahid iqtisadi, siyasi və siyasi zona – “Afgen” bloku yaradılır. Blok ölkələri arasında fiziki sərhədlər yığışdırılır. Bloka üzv olmayan ölkə vətəndaşlarına viza girişi tətbiq edilir.
Bilməyənlər üçün deyim ki, yuxarıda təsvir olunan hadisələr iyirmi birinci əsrin 50-ci illərindən sonra cərəyan edir. Elə həmin 2050-lərin əvvəllərində Avropa birliyi və ABŞ birləşərək yeni pul vahidi “avdo”nu təsis edirlər, “Afgen” ölkələri isə əllərinə düşən üstünlükdən yararlanaraq “afro”nu buraxırlar. “Afro” dönüb olur qlobal valyuta. Nəticədə bütün dünya, hətta Asiyanın ucqar dağ massivlərində (müəllif Tibeti nəzərdə tutur) sağ qalan camaat belə afroya keçir.
Afgen bloku ərazisinə keçmək, qul bazarına, ya fahişəliyə göndərilməmək hələ heç nə demək deyildi. Bundan sonra qorxulu səyahət başlayırdı – qərbi Afrikanın Atlantik okeanı sahil zolağı boyunca cənuba doğru hərəkət. Yolda dözülməz təbii şərait, quldurlar, adamyeyən qəbilələr, zombilər, vəhşi bloggerlər və daha nələr köç edən avropalıların işini çətinləşdirirdi.
Emiqrant axınının qarşısını az da olsa almaq, belə deyək “suyun qabağını bir azca kəsmək” məqsədi ilə Afgen ölkələri viza verilməsini dayandırırlar. Səbəb kimi çarəsiz avropalılara viza üçün kağızın qalmadığı göstərilir. Bunun ardınca, köhnə qitədə qalan avropalılar üsyan qaldırırlar. Vatikana məktub yazıb xahiş edirlər ki, “Papa həzrətləri, xeyir-dua versin, bu soxasoxda “Xaç yürüşünə” başlasınlar”. Təəssüf ki, məktub Vatikanın heç qapısına belə gedib çatmır. Özünə hörmət edən hər bir orta statistik Papa kimi, ona da Yaşıl Zonada yer verilmişdir. Belə baxanda dünyanın bir çox nüfuz sahibi, məmurlar və biznes adamları çoxdan köçüb, Yaşıl Zonada iqlim dəyişikliyi erasını qarşılayırdılar. Belə. Avropada qalıb şivən qoparanlar isə kasıb və orta təbəqə kəsimi idi.
Ümumdünya xaosuna az qalmışdı. Hətta dünya anarxistləri, hadisələrin onlar üçün belə ideal gedişini görüb, bayram edirdilər. Zərbə gözlənilməz yerdən gəldi. Bir gün, Qafqaz dağlarının o tayından, Xəzər dənizinin sahilində yerləşən bir şəhərdən (müəllif Bakını nəzərdə tutur, amma bilərəkdən yazmayıb) dəli-dolu hayqırtı səslənir. İnanılmaz rezonans doğurmuş bir xəbər, “bum” edərək dünyaya kəllə vurur. Deməli, bu şəhərdə (müəllif yenə Bakını nəzərdə tutur, amma adını yazmayıb) yaşayan gənc oğlan, hansısa universitetin ikinci kurs tələbəsi Qeyrət Xarizmalı, ikimərtəbəli evin damına çıxıb qışqırır ki, “iqlim dəyişikliyi yoxdur, uydurmadır, saxtadır, yalandır” və ləzgi dilində də bir neçə kəlmə əlavə edir. Əlində tutduğu ikisəhifəli kitabçanı havaya qaldırıb uca səslə davam edir:
-Burada var. Yazmışam. Sübut etmişəm. Lazım deyil, afro almayın, hamısı Amerikanın poxlarıdır!
Əl-qərəz, “Qeyrətin dam etirafı” adlanan ikisəhifəli kitabçada iqlim dəyişikliyinin olmadığı və baş verənlərin ABŞ-da yerləşən nəhəng şirkətlərin oyunları olduğu qeyd edilmişdir. Həm də yazılmışdır:
“İqlim dəyişikliyi bir şoudur. Növbəti həyat erasına keçiddir, hansında bizə, qara camaata yer yoxdur. Mən bilirəm. Buna görə valyutanı dəyişdirib hamıya afro aldırırlar. Camaata da hay salıblar ki, Afrikaya, Böyük Səhranın cənubuna köçsünlər, hamını bir yerə yığıb baltalayacaqlar. Mən bilirəm Çalışacam aşağıda hər şeyi izah edim:
Amerika qitəsinin yarıdan çoxunun donması əslində peşəkar imitasiyadır. Onlar ağ, bir az şəffaf parçadan, buz örtüyünü xatırladan nəhəng materiya hazırlayıblar. Onunla qitələrinin yarısını örtüblər. Məzələnirlər. Şərqi Asiya suya qərq olmayıb. Sakit və Hind okeanları öz yerlərindədirlər. TV və internetdə yayılmış görüntülər isə Çinin işləridir. Daha doğrusu Çində düyü və çəltik zəmilərini sulayanda oraları həmişə su basır, yəni şərqi Asiyanı. O ki, qaldı Böyük Səhraya, oradakı qumsallıqlar heç yerə hərəkət etmir və səhra genişlənmir. Sadəcə bir neçə ərəb milyarderi özləri üçün səhranın ortasında oazis-evciklər tikdiriblər. Bütün rəqəmsal xəritələrdə bilərəkdən oraları sarı göstərirlər. Ərəb şeyxləri pul veriblər. Avropada dözülməz soyuq yoxdur. Eyni iqlim şəraitidir. Soyuq hava kütlələrinin səbəbkarı isə külək enerjisi üçün tikilmiş stansiyalaralardır, bu da təbii enerjinin axırı. Pərləri böyükdür, havanı soyudur. Antarktidada da buzlaqlar ərimir, yeri gəlmişkən. Qopub suya düşmüş buzlaqları bu hala ağ ayılar və balinalar salırlar. Balinalar bellərini qaşımaq istəyəndə suyun altında buzlaqlara sürtünürlər. Ağ ayılar isə bikar olanda buzlaqların üstündə tullanıb düşürlər. Mən bilirəm. Buna görə illərlə daşlaşmış buz çat verir, sonra qopub düşür okeana. Bəyənib paylaşmağı unutmayın.”
Bu, qışqıran və belə deyək, nalə çəkən ikisəhifəli kitabça 36 dilə tərcümə edilərək, dünyanın dörd bir yanına göndərilir, özü də bir qrup naməlum şəxs tərəfindən.
Əvvəlcə polis maşını gəlib Qeyrəti şöbəyə aparır. Orada onu sakitləşdirirlər, su verirlər içməyə. Yoldaş Xarizmalı, hər şeyi, bu dəfə sakit tərzdə hüquq-mühafizə əməkdaşlarına izah edir. Ona inanırlar, daha doğrusu inanmaq istədikləri moment, şöbənin qarşısında beş-on qara xidməti maşının əyləci basılır – yerli səfirliklər qeyri-rəsmi surətdə Qeyrəti öz ölkələrinə dəvət edən məktubları göndəriblərmiş. Qeyrət maşınlardan birinə əyləşir, ona restoranda diplomatik yemək-içməyə aparırlar, oradan da haralarasa. Məlum olur ki, “Qeyrətin dam etirafı” da, Qeyrətin özü də Avropa, Afrika, ümumilikdə dünya xalqlarına lazım imiş.
Beləliklə, azərbaycanlı tələbə Qeyrət Xarizmalının yazdığı ikisəhifəlik “Qeyrətin dam etirafı”, iqlim dəyişikliyinin qarşısını bir müddətlik almış olur, ancaq beyinlərdə. Yəni faktiki olaraq söhbət davam edirdi. Amma bu kimə lazım idi? Qeyrətə inanırdılar. Dünyada hələ də Qeyrət kimi səfeh və olduqca sadəlövh birisinin olması, real durumu anlayanlarda ümid işığı yandırırdı. Hamının hər şeyi unutmaq istədiyi anlar idi.
Qeyrətin yalanı üzə çıxanda isə heç kəsin vecinə olmayacaqdı. Ölkələri su basanda, yanğınlar meşələrdən böyük şəhərlərə keçəndə, vulkanlar gəyirib parta-part püskürəndə, mavi planetin üzü boz buludlarla örtüləndə və göydən turşu yağışı yağanda, kim Qeyrət hayında olacaq?