9 avqust 1839-cu il tarixində Fransa Elmlər Akademiyasında ilk fotokameranın icadı bütün dünyaya bu sözlərlə elan olundu : “Cənablar! Həyat işıq vasitəsiylə bir səthin üzərinə ötürüldü!”
1826-cı ildə evinin pəncərəsindən görünən mənzərəni gümüş lövhə üzərinə köçürməyi bacaran Josef Nips (Joseph Niepce) tarixdə ilk fotoşəkli çəkdikdən sonra həyatını əsasən 3 nəsnəyə həsr etmişdi : Daha dərin görüntü əldə edə bilmək, görüntünün qalıcılığına əmin olmaq və rəngləri lövhəyə ötürə bilmək.
Lakin həqiqi mənada ilk fotokameranın varlığını Nips görmür. O, 1833-cü ildə öldükdən sonra estafeti Luis Daqer (Louis Daguerre) alır və 1839-cu ildə fotokameranın icadını dünyaya yuxarıdakı elanla səsləndirir. Bu icadla bərabər, həmçinin, insan təbiətə hökm etmənin növbəti bir yolunu tapmış olur. Kodak şirkətinin sahibi Corc İstman (George Eastman) çox böyük iqtisadi təkan edərək, yəni daşına bilən ilk fotokameraları bazara çıxardaraq, hər kəsin foto çəkə biləcəyini vurğulayan sloqanı bütün dünyaya bu şəkildə yayır: “Düyməyə basın, nəticəni bizə buraxın!”
Fotonun ixtirası üzərindən kinonun kəşfi
İstmanın təcrübələriylə sürətli şəkildə yayılan fotoqrafiya ilk məşhurluğunu itirməyə başladığı zamanda – 1878-ci ildə Edvard Maybric (Eadweard Muybridge) adlı fotoqraf yeddinci sənətin ilk addımını bir hipodromda (at yarışları keçirilən meydança) atırdı. Dövrünün Kaliforniya qubernatoru, həmçinin, yarış atları sahibi Leland Stanford yüksək təbəqədən dostları ilə at yarışları izləyərkən bir mərc başladır. O və bir qrup dostu iddia edirdi ki, atlar qaçışda olan zaman 4 ayağı birdən yerdən kəsilir. Ancaq digər qrup insan bunun əksinə, atların hər zaman ayaqlarının yerlə təmasda olduğu fikrini irəli sürürdü.
Belə ki, qubernator Stanford fotoqraf Edvard Maybricdən öz iddiasını isbat etməsini istəyir. Maybric meydançada 16 ədəd foto kamera yerləşdirir və kameraların çəkim düyməsinə sintetik iplər bağlayır. Beləcə atlar qaçış maneələrdən hoppanarkən bu ipləri qoparır, beləliklə anlıq görüntülər əldə olunur. Çünki bu iplər çəkim düymələrinə bağlı idi və avtomatikləşdirilmiş şəkildə foto çəkirdi. Yəni, düymə atların hərəkətindən asılı olduğundan görüntünü lazım olan anda çəkirdi. Lentləri yuduqdan sonra Maybric fotoları ard-arda düzür, hər anı çəkmiş fotoların bir hərəkət, təsvir yaratdığını kəşf edir. Planlanmamış şəkildə çəkilmiş bu fotoserianın, ibtidai filmin başrolunda sadəcə bir madyan idi. Bəli, atın dörd ayağının da yerdən kəsildiyi bir an var idi və Stanford bu mərci qazanmışdı. Kinonun altılı qanyandan başlayacağını kim inana bilərdi? (altılı qanyan – at yarışlarında qaçışdakı atların altısının da qalibiyyətinin ardıcıl olaraq təxmin edildiyi iddia, mərc).
Edison hadisələri təhvil alır
Maybric, hərəkətli görüntünü əldə edə biləcəyini anladıqdan sonra bunu müxtəlif yerlərdə açıqlamağa başladı. O zaman dünyanın ən önəmli ixtiraçısı və taciri Tomas Alva Edisonun qulağına bu fikir çatanda o, cəld davranaraq kineteskop adlı cihazı bazara təqdim edir.
Kineteskop bir növ individual kino zalı idi, yəni kameradan eyni anda yalnızca bir nəfər gözünü böyük qutunu xatırladan kameranın baxacına dayayaraq istifadə edə bilərdi. Lakin bu cihaz kütləvi olmadığı üçün o qədər də geniş yayılmadı. Kineteskopun sərgiləndiyi salonlarda bir nikgel pul ilə istifadə olunduğundan ona, həmçinin “nickeledeon” deyilirdi. Bu salonlar hal-hazırda yayımlanan Nickelodeon kanalına öz adını vermişdir.
Lumierlərlə başlayan sinema
Fransada fotoləvazimatlar istehsalı ilə məşğul olan Oqust və Luis Lumier qardaşları (Auguste Lumiere, Louis Lumiere) bəlkə də tarixi dəyişdirəcəklərindən xəbərsiz idilər. Ataları Anton Lumier Parisə səyahəti ərəfəsində 6000 frank qarşılığında kineteskop alır və emalatxanasına gətirir. Lumier qardaşları bu cihazı görəndə sehrlənirlər və onların ağlıllarına belə bir fikir gəlir: Görüntünü yüzlərlə dəfə böyüdə bilərlərmi?
Uzun araşdırmalardan sonra 13 fevral 1895-cı ildə “sinematoqraf” adlı cihaz Lumier qardaşları tərəfindən emalatxanada hazırlanır. 27 dekabr axşamı Harri Hudinin (Harry Houdi) davamçısı olan məşhur sehrbaz Corc Melisin (George Melies) nümayişi var idi. Oqust Lumier, nümayişdən sonra Melisin kulisinə daxil olmağı bacarır bu sözləri ona deməyi fürsət bilir : “Sabah Qrand Kafedə həyatında heç vaxt görmədiyin bir sehr edəcəyik!”
Qrand kafenin zirzəmisində qurulan 120 nəfərlik salonda Melis də daxil olmaqla sadəcə 35 nəfər var idi. Tarixi hadisəyə şahidlik edəcəklərini bilmədən toplanan 35 nəfərlik qrup, heç görülməmiş bir sirrə şahid olurdular. Luis və Oqust təsviri yüzlərcə dəfə böyüdüb pərdəyə yansıtmağı bacarmışdılar. Sinematoqraf işləyəndən etibarən təxminən 1 dəqiqə davam edən, 17 metr uzunluğundakı film pərdədə təsvir olunmağa başladı. “Qatarın voğzala girişi” adlı filmdə divardan özlərinə doğru qatarın gəldiyini görən tamaşaçılar sağa-sola qaçışıb, stolların altında gizlənməyə çalışmışdılar. Kino, vizual sənət öz sehrini, gücünü daha ilk nümayişində təsdiqləmişdi.
Fransız dilində “işıq” mənasına gələn “lumiere” soyadına sahib iki qardaş, işığın köməyi ilə hərəkətli təsviri pərdəyə ötürə bilmişdilər. İcad etdiklərinin dünyanı dəyişdirəcəyindən xəbərsiz idilər. İllər sonra bir müsahibəsində Luis Lumier öz sənətini bu şəkildə təsvir etmişdi : “Həyatı yansıtmaq.”
Ömrünü həyatı yansıtmağa həsr edən bir çox insan yaşadı və öldü. Ömrünü Nipsin estafetini alıb, rəngi lövhəyə köçürməyə həsr edərək yaşayan, 20-ci illərin sonunda məqsədinə çatan İstman, 1933-cü ildə intiharından öncə belə demişdi : “İşimi bitirmişəm, nəyi gözləməliyəm?”
“İşıq” qardaşlar sinematoqrafı heç vaxt lazım olan qədər önəmsəmədilər amma uzun illər həyatı yansıtmağa və həyatın davamı olaraq gördükləri kinoya tutunmağa davam etdilər. Yəni, bir növ missiyalarını tamamlayıb öz künclərinə çəkildilər.
Lumier qardaşları sinematoqrafı icad etdikləri gün Fransız Elmlər Akademiyasının bəyaz mərmərli pilləkanlarında danışmaq şansları olsaydı çox güman bu çıxışı edərdilər : “Əziz insanlar, bizim aləmimiz “işıq” vasitəsiylə bir səth üzərində hərəkətə gətirildi!”
Mələk Bayramlı VarYox-un daxili fəaliyyətləri üzrə koordinatorudur. Kino və Televiziya ixtisasından məzundur. Hal hazırda fotoqrafiya ilə məşğul olur. Bakıda və Tiflisdə qrup sərgilərində fotoları nümayiş olunub. Müstəqil platformalarda araşdırma və analitik yazıları paylaşılır.