“Həqiqət – sürətdədir. Nə qədər tez ürəyini boşaltsan, nə qədər tez yazsan, o qədər dürüstsən. Düşüncə – yavaşlamaqdır. Gecikmək isə həqiqət çatmaq yerinə üslub cəhdlərini yaradır; həqiqət isə ən böyük üslubdur.” Rey Bredberi
Ədəbi mühit ölüb. Basdıranı yoxdur. Ədəbiyyat “ölüləri” yaşadıqlarını zənn edirlər. Bir ölkə bir yazıçının kitabı ilə dünyaya tanına bilər. Hətta şəhər, kənd tanınar. Məsələn, Peterburq deyəndə Ermitajdan sonra Fyodor Dostoyevski yada düşür. Yasnaya Polyana deyəndə Lev Tolstoy gözümüzün önünə gəlir. İstanbulu yada salanda Orxan Pamukun əsərlərindəki küçələr, tinlər, döngələr xatırlanır. Tanpınara gerçək ustadım deyən Orxan Pamukun məlum romanlarından sonra Türkiyəyə turist axını artıb. Vaxtı ilə A.Düma(ata) Qafqaza səfər edəndən sonra “Qafqaz səfəri” adlı kitabı çıxır. Orada Azərbaycana səfəri də yer alıb. Yazıçı əsərində olduqca maraqlı məqamlara toxunub. Hətta milli mətbəximizdən, tarixi məskənlərimizdən, adət-ənənələrimizdən söz açıb. Bu kitab ilə avropalılar, asiyalılar və digər bizə, mədəniyyətimizə bələd olmayan xalqlar, dövlətlər bizi az da olsa tanıdı. Knut Hamsun isə ” Nağıllar diyarında” əsərində Azərbaycanı yada salır, insanlarından danışır və buranı tərk edəndə təəssüfləndiyini bildirir… Öz tarixinə biganə olan xalqlar tənəzzülə uğrayır. Hələki çöküş halında yaşayırıq. Tarixi abidələr dağıdılır. Yerinə isə göydələnlər tikilir. Turistlər göydələni görmək üçün uzağı bir dəfə gələr. Belə tikililər isə dünyanın hər yanında var. Tarix unudulmağı sevmir. Qorunmağı, əzizlənməyi sevir.
Bu yaxında yerli istehsal olan “Üçüncü günün adamı” filminə baxdım. Film kimi zəif təsir bağışladı. Ssenari sırf reklama hesablanmışdı. Amma müsbət tərəfi o idi ki, tariximiz və bizi dünyaya tanıdan çox şeyi göstəriblər. Məsələn, Qarabağ atları, xalçaları və ən əsası təbiəti nümayiş olundu. Qoy dünya bilsin ki, bunlar bizimdir. Ermənilər hər şeyi özünküləşdirə bilməzlər. Lakin onlar hər fürsətdən yararlanmağı sevirlər. Sanki xalq olaraq missiyaları budur. Oxuyub savadlanmaq və bütün mümkün yerlərdə yerləşmək. Hələ Əhməd bəy Ağaoğlu xatirələrində yazır: “Ermənilər çoxdan rus məktəblərinə göndərilmiş, yerli rus idarəçiliyini ələ keçirmişdilər. Bizdən bambaşqa bir tərzdə həyat sürürdülər. Yadımdadır, erməni qocalar, kişi və qadınları bizim kimi geyinir, dilimizdə danışırdılar, bizdən heç bir fərqləri yox idi. Fəqət yenilər, gənclər bambaşqa idilər. Onlar dilimizdə danışmır, başqa paltar geyinir, bizə yuxarıdan aşağı baxırdılar.” Əhməd bəy Ağaoğlu Peterburqa təhsil almağa gedəndə təəccüblənmişdi. Buradakı ədəbi mühit onu valeh etmişdi. Turgenevdən, Dostoyevskidən kitablar oxuyurdu. Şuşaya geri dönəndə isə özü ilə ailəsi arasındakı uçurumu hiss edirdi. Atası, əmisi və digər kənd sakinləri ancaq dini öz kiçik şüurları ilə müzakirə edirdilər. Başqa məşğuliyyətləri yox idi. Bir sözlə inkişaf getmirdi. Yadıma gəlir bir vaxtlar elmi jurnallar var idi. 4-5 nömrəsini özüm almışdım. Dünyanın hər yerindən maraqlı məlumatlar var idi. Xub, tutaq ki, internet əsridir. Jurnala maraq azdır. Bəs, internetdə neçə insan elmi məqalələri oxuyur. Statistik siyahı tutsaq, heç əhalinin 5 faizi eləməz. İnkişaf ləng gedir. Bunun səbəbləri isə çoxdur. Bir ara meyxananın bayağı janr olmağından ağız dolusu danışırdılar. Meyxana şairin düşüncələrinin səslənməsidir. Deməli, problem meyxanada deyil. Onu yaşadanlardadır. Meyxanaçı informasiyalı, oxumuş olsa, səsləndirdiyi fikirlər də ona uyğun olar.
Qayıdaq ədəbi mühitə. Gənc yazıçıların əksər hissəsi, daha doğrusu özünə yazıçı deyən gənclər Azərbaycan ədəbiyyatını oxumurlar. Heç olmasa sağ olan müəlliflərdən oxusalar, dilimizin zənginliyini, incəliyini öz gözləri ilə görərlər. Heç olmasa, Kənan Hacıdan, Aydın Canıyevdən, Yaşar Bünyaddan, Süleyman Abdulladan, Azər Qismətdən, Şərif Ağayardan, Pərviz Cəbrayıldan, Zahid Sarıtorpaqdan, Azad Qaradərəlidən öyrənsinlər. Hələ mən sağ qalan müəlliflərin adını çəkdim. Cəmi üç hekayə ilə ədəbiyyatımızın dibinə enən, çoxlu ssenarilər yazan, ədəbiyyat tarixini mükəmməl bilən Vidadi Məmmədovun həmin o üç hekayəsini oxusunlar. İkisini qeyd edirəm. “Çarpaz bucaqlar arasında” və “Vağzalda”. Üçüncünü özünüz tapın. Dünya ədəbiyyatından 5-6 roman oxuyub yazıçı olmaq milyondan bir adamda alınar. Məsələn, Frans Kafka demək olar kitab oxumurdu. Hələ mən ilkin mərhələni dedim. Təkcə oxumaqla və istedadla iş bitmir. Mənim rəğbət bəslədiyim fransız yazıçısı Martin Paj Daria adlı gənc yazara məktubunda yazır ki, yazıçı gərək hər işə baş qoşsun. Məsələn, gəmi haqqında yazmaq istəyirsə, gəmi haqqında oxumaqdan başqa onların düzəldilməsi prosesinə baxsın. Özü kiçik bir qayıq yığmağa çalışsın. Bir işin içinə girib dərinliyə üzdükcə öyrənirsən. Hətta ustasına çevrilə bilərsən. Bir də yazıçılar səyahət etməlidirlər. Seyr etmək, müşahidə aparmaq vacib amildir. İstisnalar heç bir faiz olmaz. Dostoyevski İtaliyaya, Tolstoy İngiltərəyə səyahət etmişdilər. Elə təkcə Rusiya ərazisini gəzmək ömrün bir hissəsini aparır. Martin İdeni yazan Cek London gəmidə səyahət etməyi xoşlayırdı. Düma, Hamsun ən azı Qafqazı görmüşdülər.
Sveyqin özü neçə-neçə ölkələrdə yaşamışdı. Volter gəmilərlə ölkələrə səyahət edərək ticarətlə məşğul olurdu. İndi Azərbaycanda gənc müəlliflər bütün qəzet və jurnallarda çap olunsalar belə aldıqları qonorarla 3 gün Gürcüstana səfər edə bilməzlər. Sonra da deyirlər ki, otur yaz. Ortaya bir şey qoy.
Müəllif: Nemət Mətin — “Ədəbiyyat” və “Ədalət” qəzetində, edebiyyat.az, kulis.az, avanqard.net kimi saytlarda hekayələri və məqalələri yayımlanıb. Türkiyə, İran, Rusiya kimi ölkələrdə hekayələri, yazıları qəzet, jurnal və internet dərgilərində dərc edilib. İlk kitabı “Ədəbiyyat və kütlə” 2018-ci ildə, ikinci kitabı “Sonuncu uçuş” isə 2020-ci ildə çap olunub.