İkinci Dağlıq Qarabağ müharibəsinin başlaması ilə ölkədə müharibə tərəfdarı və əleyhdarı olan iki düşərgə yarandı, müharibəni həll yolu kimi dəstəkləməyən insanlar böyük əksəriyyətin qınağına tuş gəldi.
Rejissor Atanur Nəbiyeva da müharibə dövründə oxşar vəziyyətlə qarşılaşanlardan idi. Belə bir vəziyyətdə o qərar verir ki, cəmiyyətdə müşahidə olunan bu dinamikanın ailəsindəki təcəssümünü sənədləşdirsin. Həmin dövrdə bəzi kəndlərin bombalanması nəticəsində cəbhə bölgəsində yaşayan qohumlar da Nəbiyevlər ailəsinin evində müvəqqəti məskunlaşmışdılar.
Müəllif çəkiliş boyunca müharibə ilə bağlı bitərəf mövqeyindən çıxış etməyə çalışıb, “Kim haqlıdır?”, “İnsan ölümünə dəyərmi?”, “Konfliktin başqa bir həll yolu ola bilərmi?” kimi fundamental suallar qaldırıb. Cavab axtarışları bəzən valideyn-övlad arasında ciddi mübahisələrə gətirib çıxarıb. Ailə üzvlərinin fikirlərini qeyd-şərtsiz qəbul etməkdən imtina etməsi, onların mövqeyini sorğulaması isə Atanurun doğmalarını acıqlandırır, evdə təklənməsinə səbəb olur.
Atanur Nəbiyeva freelans videoqraf və rejissordur. Nəbiyeva hal-hazırda DocNomads proqramı çərçivəsində Sənədli film sahəsi üzrə magistr təhsili alır. O, 2019-cu ildə İstanbul Universitetinin Radio Televiziya və Kino ixtisası üzrə bakalavr təhsilini tamamlamışdır. Atanur Nəbiyeva, bir neçə qısa sənədli filmin müəllifidir.
Filmoqrafiya:
- Paltarlar (2019)
- Kirşan (2019) [2020-ci il DokuBaku Sənədli Film Festivalının Yerli Sənədli Filmlər üzrə qalibi]
- Boz Tərəf (2021)