Biz ixtira etməklə yanaşı, həm də başqalarının yaratdıqlarından faydalanırıq. Başqa əsərləri genişləndirərək dəyişirik və bu proses daim təkrarlanır. Bəlkə də bunu bacaran yeganə varlıqlar biz insanlarıq.
Keith Jensen
TedxTalks-un onlayn kanalında dolaşarkən qabağıma Chagall adlı musiqiçinin videosu çıxdı. Videoda o, “sehirli əlcəklərdən” istifadə edərək “üçölçülü musiqisini” necə yaratdığından danışır. Daha dəqiq desək, səsləri və vizual proyeksiaları əl hərəkətlələri ilə manipulasiya edərək əsərini, elekton musiqisini jestlər və hərəkətlər ilə səsləndirirdi. İlk baxışda, eyni anda bir neçə sahə ilə bağlı təəsürratlar yaradan bu alət diqqətimi çəkdi və haqqında araşdırmağa başladım. Öyrəndim ki, Mi.Mu gloves adlanan bu əlcəklərin adının mənası “mən və mənim musiqim” anlamını verir. Onların yaradıcısı İmogen Hipin (Imogen Heap) sözlərinə görə, o, “alimlərin yer altı dünyasına” səfərindən – Massaçusets Texnologiya İnstitutunun (MIT) media laboratoriyasında bir müddət vaxt keçirdikdən sonra Mi.Mu gloves-ı yaratmağa qərar verir. Bir çox musiqi instrumenti, o cümlədən, elektron alətlərlə çalışan Hipi narahat edən bir məsələ onu əlcəklər formasını alacaq yeniliyi etməyə sövq edib. O, öz evindəki zirzəmidə elektron musiqi işləyərkən həmin o çoxsaylı cihazlarla “əlləşmə” prosesini özü və bloqundan, sosial mediadan onu izləyən insanlar üçün asanlaşdırmaq yolları barədə düşünürdü.
Bəhs etdiyim şəxs britaniyalı musiqiçi və söz yazarı, İmogen Hipdir. İfaçı kimi çıxardığı 4 albomu ilə yanaşı, çoxsaylı mükafatları da var. Bundan əlavə, İmogen həm də Gremmy-li səs mühəndisidir və musiqi sahəsində bir novator, yenilikçi kimi tanınır. Hip sosial mediadakı aktivliyi, eksperimentlərə, yeni fikirlərə və dinləyicilərinə hər zaman açıq olması ilə tanınır. O, öz musiqisinin yaranma prosesinə həmkarlarını, dinləyicilərini, maraqlandığı digər sahələrdən insanları cəlb etməyə çalışır. 2004-cü ildə yaratdığı ilk blogundan başlayaraq o, virtual, rəqəmsal dünyada özünü çox rahat hiss edir. Hip öz bloqunda, canlı yayımlarında, Twitter səhifəsində, tez-tez gələcək layihələri haqda müzakirələr açır, dinləyicilərindən səs və video qeydləri edərək ona göndərmələrini istəyir. Burada o, yaradıcı işə eksperimental çalarlar qataraq, geniş musiqi qavrayışından və biliyindən istifadə edərək gündəlik, məişətdəki təbii və süni səslərə də müraciət edir. Dinləyiciləri ilə birgə etdiyi “interaktiv dəliliklərə” bir nümunə kimi onun 2010-cu ildə musiqi mühəndisliyinə görə “Gremmy” mükafatı almağa çıxdığı səhnədə geyindiyi xüsusi hazırlanmış “Tvitdonu”nu (Twitdress) göstərmək olar. Burada oyunun ən maraqlı tərəfi Hipin paltardan asdığı LED lent vasitəsi ilə izləyicilərinin atdığı tvitlərin canlı yayımlanması və beləliklə, izləyicilərinin qırmızı xalıda və səhnədə onu müşayiət etməsi idi.
Yuxarıda danışdıqlarımızdan aydın olduğu kimi İmogen bir çox alətlərlə işləməyi və yeni horizontlar kəşf eləməyi sevən musiqiçidir. MiMu əlcəkləri də məhz çoxsaylı instrumenlərlə çalışmağı asanlaşdırmaq, hərəkət halında olarkən belə elektron cihazlarla işləmək və bunu daha praktik formaya çevirmək çabasından yaranıb. Jestlər və hərəkətlər ilə naqilsiz idarə edilən elastik əlcəklər neyron şəbəkə əsasında çalışır. Hipin kompyuter masasından və düymələrdən bağımsız, daha yaradıcı formada musiqi yaratmaq istəyi sonradan rəssam, sənətçi, alim, mühəndis və dizaynerlərin daxil olduğu bir komandanın yaratdığı bu əlcəklərə dönüşür[1].
İmogen Hipin 2015-də müzakirəsinə başladığı son layihəsinə nəzər yetirdikdə onun musiqidə yenilikçi və ixtiraçı adını niyə aldığı məlum olur. Musiqinin fiziki obyekt formasında (CD, vinil səsyazması) satışının dayandırılması və sənayenin rəqəmsala keçməsindən sonra musiqinin qızıl erası hesab olunan dövrə keçid olundu. Ancaq bu dəyişiklik burada çalışan çoxsaylı insanlar üçün əməkləri qarşılığında ədalətli gəlir qazanmaq imkanının azalması demək idi. Hər hansı bir əsərin asanlıqla kopyalanıb yayıldığı bir zamanda həmin musiqini ərsəyə gətirən insanların (yazar, musiqiçi, sənətçi, texniki işçi) necə pul qazanacağı və müəllif hüquqlarının necə qorunacağı önəmli müzakirələr mövzusuna çevrilib.
Spotify, iTunes və YouTube kimi onlayn-platformaların sayəsində musiqiçilər qlobal gəlir qazanma modeli əldə etdilər. Ancaq məsələ ondadır ki, müasir musiqi isənayesinin strukturu çox mürəkkəb və qeyri-şəffafdır. Pay sahibləri, produserlər, musiqi yayım servisləri, leybl şirkətləri və s. yaradıcı və istehlakçı arasında bürokratik əngəllər yaradır, gəlir bir çox hissələrə bölünür və nəticədə, yaradıcılara çox cüzi pay düşür. Məsələn, Spotify-ın gəlirlərinin 70%-i hüquq sahiblərinə ayrıldığı halda, musiqiçilər üçün bu rəqəm, təxmini hesablamalara görə[2], sadəcə 15-20%-dir. Başqa bir nümunə, ad blocker-lərin (saytlarda və tətbiqi proqramlarda reklam məzmunu bloklayan və ya limitləyən proqram təminatı) birmənalı olaraq bütün brazurelərdə tətbiqi gələcəkdə reklam əsaslı gəlir modelini faydasız edə bilər. Bu səbəbdən YouTube test olaraq aylıq ödəmə əsasında reklamlardan azad üzvlük modelini yoxlamağa qərar verib[3]. İmogenə görə musiqi sahəsində çalışan insanların, yəni yazarlar, prodüserlər, musiqiçilərin əsas problemi onların qonorarlarının necə, hansı mexanizm ilə hesablandığından bixəbər olmasıdır. Bundan başqa, yaradıcılar insanların onların musiqilərini necə və haradan dinlədikləri barədə də informasiyaya sahib deyillər.
Musiqi istehsalını onu yaradanlar, xüsusilə də bu biznesə yeni atılanlar, indiki və gələcək nəsillər üçün daha ədalətli və mükafatlandırıcı etməyi arzulayan İmogen Hip, 2015-ci ildə növbəti iddialı layihəsinə başlamaq qərarına gəlib. Musiqiçi dostu ilə müzakirə edərkən İmogen, çox az adamın haqqında bildiyi blokçeyn texnologiyası barədə eşidir. Daha sonra İmogen blokçeyn əsasında çalışan Ethereum platormasının nümayəndəsi ilə görüşməyə qərar verir. Bu texnologiyanın necə işlədiyini Ethereum-un nümunəsində ifadə etməyə çalışsaq, daxilində keçirilən bütün əməliyyatların xronoloji şəkildə qeydə alındığı və yaradılan ictimai məlumat bazasında saxlanıldığı, bu bazanın isə öz növbəsində milyonlarla indivual komyuterlərə yayıldığı, açıq kodlu platforma olduğunu deyə bilərik. Bu sistemin bir üstünlüyü məlumatın şifrələnərək qorunmasıdır. Şəbəkənin çoxsaylı individual kompyuterlərdə paylanıldığı və saxlanıldığını nəzərə alsaq, bu yolla senzura və nəzarətdən azad olmaq mümkün olur. Digər üstünlük, daima qeydiyyatı aparılan əməliyyatların ləğv edilməsi və yaxud dəyişdirilməsinin mümkün olmamasıdır.
Beləliklə, bu texnologiya mərkəzsiz, senzurasız yeni bir şəbəkə, informasiyanın idarə edilməsinin və saxlanılmasının yeni yolunu təklif edir. Bu hissəyə qədər olanlar anlaşılan olsa da, Hipin bu texnologiyadan istifadə edərək musiqi sahəsi üçün yeni sistemi necə quracağı hələki tam aydın deyil. Bunun ilk cəhdləri kimi, o, öz yeni səsyazmasını (Tiny Human) və həmin səsyazma haqda fanatlarının və potensial müştərilərin diqqətini çəkə biləcək məlumatları öz saytına yerləşdirərək blokçeyn sistemi tərəfindən təsdiqlənən bütün profillər üçün açıq edib. Burada önəmli məqam İmogenin saytdan istifadə üçün uyğunlaşdırdığı, smart contract adlanan kompüter proqramıdır. Yeni ifadə kimi səslənsə də, mövcud qanunvericilik tərəfindən tənzimlənən klassik müqavilə ilə eyni prinsip əsasında çalışır, smart contract proqramının fərqi isə müqaviləni koda köçürüb sistemdə qeyd etməsidir. Həmin bu “ağıllı müqavilə” funksiyası sayəsində sinql üçün platformadan ödəniş edildiyi təqdirdə, ödənişlər musiqinin yaranmasında iştirak edən bütün tərəflərə çox qısa bir müddətdə paylanılır. Bu əməliyyatların ancaq burada qeydiyyatı olanlar üçün mümkün olduğunu və ödənişlərin yalnız həmin platforma uyğun kriptovalyuta ilə həyata keçirildiyini nəzərə alsaq, geniş istifadəsindən danışmaq hələki tezdir. Lakin bu arzulanan “musiqi ekosisteminin” yaranması üçün bundan daha önəmli məsələlər həll olunmalıdır. İlk öncə, bazarda əhəmiyyətli gücə sahib böyük şirkətlərin yeni sistemə reaksiyasının necə olacağı bəlli deyil. İstehsalçı ilə istehlakçı arasında qalan sahənin digər oyunçuları üçün yeni sistem təhlükəli görünə bilər(onlar bazarda qalmaq üçün yeni xidmətləri inkişaf və təklif etməli olacaqlar). Bundan başqa, bazardakı uğurlu və məhşur yaradıcılar (musiqiçilər, prodüserlər və s.) bu “ekosistemdə” var olmaqla həm özlərinin, həm də digərlərinin qazanacağına inanmalıdırlar.
Adətən, işlərin yaxşı getmədiyi vaxtlarda texnologiyaya ya xilas edici, ya da məhvə aparan amil kimi baxılır. Rəqəmsal texnologiya musiqiçilərin gözündə daha çox problem yaradan amil kimi var olsa da, bu gün o özünün “yaratdığı” problemləri həll etməyə kömək edə bilər. İmogenə görə, daha şəffaf və daha mükafatlandırıcı musiqi sənayesi mühiti üçün musiqiçilər özləri addım atmalıdırlar, çünki bunu onların əvəzinə heç kəs etməyəcək.