“Dau” – Film yoxsa total eksperiment?

 “Dau” – Film yoxsa total eksperiment?

Adından göründüyü kimi film Bakıda doğulub böyüyən, fizika üzrə Nobel mükafatına layiq görülən dünya şöhrətli alim Lev Landaudan bəhs edir. Daha doğrusu bəhs etməli idi.

Çünki ideya olaraq bu layihə əslində Lev Landau haqqında bioqrafik film olmalı idi. Landaunun xanımı – Koranın memuarlarını oxuyan rejissor İlya Xrjanovski əsərdən olduqca təsirlənir. Və bu haqda film çəkməyə qərar verir.

Xrjanovksi bunadək yalnız bir tammetrajlı film çəkmişdi. 2004-cü ildə Rotterdam Film Festivalında nümayiş olunan “4” dramı Qran- Pri və “Teo Van Qoq” adına xüsusi mükafata layiq görülür. Rusiya Mədəniyyət Nazirliyi isə 40 dəqiqəlik bir hissəsinin ixtisar olunmasını tələb edərək filmin uzun müddət kinoetatrlarda nümayiş olunmasına icazə vermir.

Rejissor İlya Xrjanovski
Rejissor İlya Xrjanovski

2006-cı ilin may ayında Kann kino festivalında “Dau” “Rejissorlar atelyesi” proqramı çərçivəsində 17 ən yaxşı perpespektivli layihə sırasında yer alır.

 

Çəkilişlər Fransanın “Arte” kanalı, Hubert Bals adına Niderland film fondu, Rusiya və Ukraynanın Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşir.  Bundan əlavə prodüser Filip Bober 6 milyon avroluq bir büdcəni istehsalçıların ixtiyarına verir. Sonralar isə Boberin haqlarını Sergey Adonyev adlı bir oliqarx əldə edir.

Əslində bu büdcə (ümumilikdə 10 milyon avro) Rusiyada kifayət qədər yaxşı məbləğ sayılsa da, belə iri miqyaslı layihə üçün yetərli deyildi. Çünki Moskvada çəkiliş aparmaq baha başa gəlirdi. Üstəlik uzun müddətli prossesdə küçələri bağlamaq üçün icazə almaq, oraya dekorasiyalar qurmaq isə ümumiyyətlə mümkünsüz sayılırdı.

Gözdən keçirilən digər məkanlar içərisində ən uyğun gələn Ukraynanın Xarkov şəhəri olur. Aradan 70 ilə yaxın bir vaxt keçməsinə baxmayaq, şəhər demək olar ki, öz görkəmini qoruyub saxlaya bilib. Sovetin repressiya illərində tikilmiş konstruktivizm üslubunda binalara məhz bu şəhərdə tez-tez rast gəlmək olar.

 

Bundan əlavə Lev Landaunun özü də uzun illər Ukrayna Fiziki-Texniki İnstitutunda, daha sonra isə Xarkov Mexanika və Maşınqayırma İnstitutunda işləyib. Ona görə də belə qərara alınır ki, Moskvadakı bir çox səhnələr də Ukraynanın keçmiş paytaxtında lentə alınsın. Filmin bəzi epizodları isə Bakıda, Moksvada, Londonda və Kopenhagendə çəkilir. Xarkov İnstitutunun ərazisində SSRİ dövrünü xatırladan özünəməxsus şəhərcik yaradılır.

6 min kvadrat metrlik pavilyon o vaxtadək Avropada heç bir filmdə olmamışdı. 1930-1960-cı illəri təsvir etmək üçün nəhəng dekorasiyalar qurulur, insitutun ərazisindəki binalara quruluçu rəssam Denis Şibanovun rəhbərliyi altında Stalin dövrünün simvollarını, rənglərini işləyirlər.

Paralel olaraq dövrə uyğun binalar, tikililər qeydə alınır, köhnə ev əşyaları, geyimlər, avtomobillər və s. texnikalar toplanır.

2 il ərzində 300 mindən çox insan kastinqə alınır. Onlardan 4500 nəfəri filmin kütləvi səhnələri üçün seçilir. Şəhər sakinlər statist qismində özlərini böyük ekran qarşısında görmək naminə çox kiçik qonorarlar qarşılığında filmə çəkilməyə razılaşırlar.

Filmə çəkilmək istəyən aktyorlardan heç bir təcrübə tələb olunmurdu. Onlar yalnız institut ərazisinə daxil olanda başa düşürdülər ki, bura çəkiliş meydançasından çox başqa bir tarixi dövrə səyahətə oxşayır. Bu dövrün öz qaydaları, öz həyat tərzi və öz müddəti var.
Filmə çəkilmək istəyən aktyorlardan heç bir təcrübə tələb olunmurdu. Onlar yalnız institut ərazisinə daxil olanda başa düşürdülər ki, bura çəkiliş meydançasından çox başqa bir tarixi dövrə səyahətə oxşayır. Bu dövrün öz qaydaları, öz həyat tərzi və öz müddəti var.

Rejissor Xrjanovski aktyorlarla müsahibədə “Nə bacarırsınız? Stress altında işləyə bilirsinizmi? Bu işi görməyə hazırsınızmı?” tipli suallar verirdi.

Lakin gedişat göstərdi ki, çəkilişə qatılmağa razılıq verənlərin heç də hamısı buna hazır deyildilər. Ya da qarşıda onları hansı dəhşətli sınaqlar gözlədiyini bilmirdilər.

Əgər rejissorun qarşısında gözəl bir qadın əyləşibsə, o zaman sualların tərkibi də dəyişirdi. Onlara daha çox “Həmcinsinizlə intim əlaqəyə girməyə hazırsınızmı? Bakirəliyinizi itirmisinizmi? Hazırda sevgiliniz varmı? ” sualları verilirdi. Sonralar aktyorların bir çoxu iddia edirdilər ki, Xrjanovski qəsdən belə suallarla onları manipulasiya edirmiş.

Dau layihəsi tezliklə total eksperimentə çevrilir. Belə ki, Xrjanovski senaridən, bədiiləşdirmədən uzaq durur və layihəni yenidən rekonstruksiya edir.

Proses boyunca ssenari böyüyür, formasını dəyişir və əsas ideyadan kənara çıxır.

“Lakin bununla belə filmin klassik strurukturunu saxlayıb bütün əhvalatları əsas qəhrəmanın doğumundan ölümünədək olan bir xətt üzərindən aparmışam.” – deyir rejissor.

İnstitut ərazisinə daxil olarkən mobil telefonlar da daxil olmaqla istənilən növ müasir əşya və cihazlar əraziyə girişdə təhvil verilirdi.

Bu ərazidə yaşadığın müddətdə bütün aktyor heyəti (köməkçi aktyorlar və epizodik rollar da daxil olmaqla) aylarla, bəziləri hətta illərlə, sovet dövründə olduğu kimi qidalanırdılar. Çünki bufetlərdə yalnız sovet dövrünün yeməkləri verilirdi. Televizor yox idi. Radioda isə yalnız dövrün arxiv proqramları səslənirdi. Orada olduğun müddətdə leksikaya daxil olan yeni sözlərdən yüksək səslə istifadə qadağan idi. Aktyorlardan dişlərini dövrün istehsalı olan poroşokla yuyub, dövrün dəbi ilə geyinmələri tələb olunurdu. Hətta yeni növ siqaretlər köhnə papiroslar əvəzlənmişdi. İnsanlar meydança ərazisində sovet dövrünə uyğun qurulan mağazalardan bazarlıq etmək üçün gündəlik olaraq köhnə sovet rublları ilə təmin olunurdular. Yaşadıqları mənzillər də şəraitsiz idi. Bəzi otaqlarda bir neçə adam yaşayırdı. Yalnız qeyri-iş saatlarında ərazinin tərk etməyə icazə verilirdi. Lakin əslində nə normal iş qrafiki, nə də istirahət saatları məlum idi.

Filmdə baş roldan tutmuş, statist qismində çəkilməyə razılıq verən şəxslərin hər biri öz kimliklərindən imtina etməli, müəyyən müddətdə ailəni, istirahəti, dostları unutmalı və qoyulan qaydalara tabe olmalı idilər.

Xrjanvoskinin üsulu qəribə olduğu qədər möhtəşəm idi. Müsahibələrinin birində o belə deyirdi:

“Kamera qarşısında orijinallığa maksimum nail olmaq, Stalin dövrünün vətəndaşlarını müasir aktyorların plastikasında əks etdirmək, nitqini hətta düşüncə tərzini yaratmaq üçün bu üsullara əl atırdım. Adekvat davranmaq və inandırıcı obraz yaratmaq üçün ən gözəl resept budur. Onlara nəyisə necə ifa etməyi öyrətmək lazım deyil. Aktyorlar nəinki kamera qarşısında reallığa yaxın ifa edir, onlar ümumiyyətlə  o dövrü yaşayırlar. Bu elə bir təbiilikdir ki, onu təqlid etmək olmur.”

Yuxarıda sadalanan sərt qaydalara baxmayaraq, yenə də müasir əşyalardan istifadə edənlərə, mobil telefonla danışanlara rast gəlmək olurdu. Ona görə də repressiv aparat işə düşür. Beləliklə şəhərcikdə içərisində karser bloku olan  həbsxana qurulur. Əraziyə 24 saat xidmət aparacaq nəzarətçilər cəlb olunur. Stalin dövünün NKVD-sinin analoqu olan təhlükəsizlik xidməti yaradılır. Onlar arasında keçmiş KQB işçiləri, milis və hətta məhbuslara da rast gəlinirdi. Bu adamların hamısı filmdə aktyor qismində yer alırlar. Bundan sonra bir çox insan Stalin dövründə olduğu kimi qaydalara tabe olmayan, onları pozan həmkarlarını satır, donobazlıqla məşğul olurdu.

Xülasə, çəkiliş meydançası SSRİ-nin miniatürünü xatırladan canlı eksponata bənzəyirdi və kino tarixində indiyədək bu tərzdə, belə miqyasda layihə olmamışdı. Alimlər içərisindən Landau roluna seçilən aktyorların heç biri rejissoru qane etmirdi. Ona xarici görkəmindən çılğın bir dahi obrazını bəxş edəcək biri lazım idi. Nəhayət axtardığı qığılcımı yunan əsili tanınmış dirijor Teodor Kurentzisdə tapır.

Teodor Kurentzis
Teodor Kurentzis

Teodorun özü də çəkiliş boyunca 2 otaqlı adi bir mənzildə qalırdı. Bundan əlavə İnsitutun nəzdində həm də həqiqi alimlər işləyirdi ki, onlar da real elmi təcrübələr həyata keçirirdilər.

Tarixi rekonstruksiyada, qeyri-professional aktyorların oyununun fonunda həyatın həqiqəti üzə çıxırdı. Hər yerdə kameralarla yaşayan insanlar artıq heç nədən çəkinmirdilər. Seks, mübahisə və dava səhnələri filmin yaradıcılarının da qeyd etdiyi kimi bədiiləşdirmədən uzaq real həyatda baş verən prosseslər idi.

Layihədən uzaqlaşan yaxud uzaqlaşdırılan bütün aktyor və texniki personal mütəmadi olaraq təyziqə, alçaltmaya məruz qaldıqlarını, təşkilatçılar tərəfindən kobud rəftarla üzləşdiklərini deyirdilər.

Çəkiliş meydançasına ekskursiya edən jurnalistlərin sözlərinə görə, insanları məqsədli şəkildə  daim nəzarətdə saxlayır, alçaldır, bir-birilə sekslə məşğul olmağa sövq edirdilər.

İnternetdə rejissor İlya Xrjanovskiyə qarşı iddialar ortaya atılır. Bu iddiaları irəli sürənlərin əksəriyyəti layihədə bir çox işlərə cəlb olunan Xarkov şəhərinin sakinləri idi. Çəkiliş meydançasında texniki personala olan qaba rəftar, ödənilməyən qonoralar əsas səbəblərin başında gəlirdi. Yeri gəlmişkən ödənilməyən qonorar və bullinqə məruz qalanlar arasında kənardan cəlb olunan insanlar da var idi.

Lakin məcarəpərəst və yüksək miqdarda qonorar alanlar da tapılırdı ki, bu retro dövrü və orada baş verənləri təriflərə sığdırmırdılar. Beləliklə sosial şəbəkələrdə baş verən hadisələr ətrafında bu günədək bitib tükənməyən mübahisələr başlayır.

3 il davam edən çəkilişlər 2011-ci ildə yekunlaşır və ortaya 700 saatlıq bir material çıxır. Heç kim inanmırdı ki, bu materiallar nə vaxtsa film kimi nümayiş olunacaq. Montaj prosesi 6 il vaxt aparır.

Filmin iştirakçılarına görə bu bir növ realiti şou tərzində çəkilən, dövrün xarakterinə uyğun kostyumlarla müşayiət olunan ekran əsəridir. Hansı ki, müasir insanın transformasiya olunaraq sovet dövrünün bufetçisinə, mühəndisinə, donosbazına və hətta NKVD işçisinə çevrilməsini göstərirdi.

Xülasə, belə görünür ki, istehsalçılar Sovet ruhunu yaratmağa nail ola biliblər. Filmin premyerası 2018-ci ildə Berlində baş tutmalı idi. İlya Xrjanovski filmi izləyənləri o dövrün atmosferinə salmaq üçün Berlin divarını rekonstruksiya etdirərək nümayişi həmin məkanda təşkil etmək istəyir. Lakin bu ideya şəhər rəhbərliyinin xoşuna gəlmir. Onlar ölkənin müasir tarixində çox pis dövr kimi xatırlanan bu hadisənin körüklənməsindən narahat olduqlarını əsas gətirərək premyeranın baş tutmasına icazə vermir.

Nəticədə “Dau” 13 ayrı film və bir neçə hissəyə bölünür.

Ötən ilin yanvar və fevral aylarında Parisin ən böyük mədəni mərkəzləri olan Şatle teatrı, Pompidu Mərkəzinin kinozallarında filmin müxtəlif epizodları hissə-hissə, mikrosujetlər formatında fasiləsiz olaraq 24 saat ərzində nümayiş olunur. Tamaşaçı rəylərinə görə filmdə fiziki-psixoloji təyziq, cinsi zorakılıq özünün ən radikal formalarında təzahür edib.

Rusiya Mədəniyyət Nazirliyi isə “Dau”nun pornoqrafiyanı təbliğ etdiyini səbəb göstərərək ölkə ərazisindəki kinoteatrlarda nümayişinə qadağa qoymuşdu. Lakin bu günlərdə nazirlik bu məsələyə yenidən baxdı və başlıqda məzmun bəradə müvafiq xəbərdarlıq yazısı olmaqla filmin onlayn platformalarda nümayiş olunmasına icazə verdi.

Hələlik bu seriyadan iki filmi “Dau Nataşa” və “Dau Degenerasiya”nı  izləmək mümkündür. Bunun üçün layihənin rəsmi saytı –  www.dau.com -dan qeydiyyatdan keçib, 3 dollar ödəməklə baxmaq olar.

İstehsalçılar vurğulayırlar ki, “Dau” layihəsindən olan digər hissələri də önümüzdəki günlərdə həmin saytdan izləmək mümkün olacaq.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir