Bəli, 2020-ci il bizim üçün heç də yaxşı başlamadı. İranla ABŞ arasında olan konflikt az qala 3-cü dünya müharibəsinin başlanmasına gətirib çıxaracaqdı. Ardınca Avstraliyadakı meşə yanğınları milyonlarla canlının, yüzminlərlə hektar meşə sahəsinin məhv olması ilə nəticələndi. Çəyirtkə hücumu, idman dünyasında Kobe Braynt və onun 13 yaşlı qızının faciəvi şəkildə ölümü də bu qəbildəndir. Koronavirus təhlükəsi isə göz qabağındadır.
Lakin belə məqamlarda da insanlar ümidlərini itirmirlər. Hətta nəinki, ümidsizliyə qapılmaq, bunu zarafat mövzusuna çevirənlər də tapılır.
Bu günlərdə sosial şəbəkələrdə yuxarıdakı ekran görüntüsü ilə belə bir zarafat peyda oldu. “2020-ci il o qədər pis start götürüb ki, sanki buna Robert B. Vayd (Robert B. Weide) rejissorluq edib. Əslində bir memdən götürülən bu saxta tvit bu günlərdə virus sürəti ilə yayılmağa başladı və trendə çevrildi. Kimdir bu Robert Vayd? Nə üçün bu adamın adını çəkirlər? 2020-ci ildəki bədbəxt hadisələrlə bu adamın nə əlaqəsi var? suallarını verənlər çoxdur.
İnternetdə çox tez- tez gözlənilməz, çıxılmaz və bir o qədər də məzəli situasiyalara düşən və ya anidən uğursuzluqla nəticələnən xeyli sayda videolarla rastlaşırıq. Hadisələrin və situasiyaların müxtəlifliyindən asılı olmayaraq, demək olar ki, hamısı eyni sonluqla bitir. Şən musiqinin müşayiəti ilə qara fonda “Directed by Robert B. Weide” (“Robert B. Vaydın rejissorluğu ilə”) yazısı.
Əgər siz bu memin tarixçəsini bilmirsinizsə, sizə elə gələ bilər ki, o məşhur rejissor yox, bu memlərin müəllifidir. Və yaxud bu uydurma bir adamdır. Əslində isə bütün bu memləri düzəldənlər sözü gedən sonluğu “Curb Your Enthusiasm” (“Coşğunluğunu cilovla”) serialından götürülüb.
Komediya janrında olan “Curb Your Enthusiasm” bir çox ölkələrdə populyar olmasa da, 2000-ci ildən etibarən “HBO” kanalı vasitəsilə ABŞ-da yayımlanmağa başlayıb. Artıq 20 ildir ki, davam edən serialın 10 sezonu ekranlara çıxıb və 2 dəfə “Emmy” mükafatının nominantı, 1 dəfə isə “Qızıl Qlobus”a layiq görülüb. Bu televiziya şousunun əksər hissəsi baş qəhrəman Lerri Devidin (eyni adlı aktyor) ətrafında cərəyan edir. Serialda baş rolu da tanınmış aktyor, rejissor Lerri Devid canlandırır.
Lerri Devid öz kariyerasına məşhur “Saturday Night Live” şousunun senari müəllifi kimi başlayıb. 1989-cu ildə komik Cerri Saynfeldlə birləşərək sonralar pop mədəniyyəti üzərində təsir yaradacaq ən komik seriallarından sayılan “Seinfeld” sitkomunu yaradır.
(Sitkom 1970-ci illərdə ABŞ-da populyarlaşan komediya serialıdır. İngilis dilində “Situation Comedy” yəni vəziyyət komediyası sözünün qısaltmasıdır. Digər komediya seriallarından fərqli olaraq əsasən hadisələr daim eyni məkanlarda ev, iş yeri, restoranda cərəyan edir və fonda gülüş səsləri müşayiət olunur. “Friends”, “Seinfeld”, “How I Met Your Mother” və “The Big Bang Theory” kimi serialları buna misal ola bilər.)
Əgər “Seinfeld”də Lerri Devid senarist və obrazlardan biri idisə, “Curb Your Enthusiasm”-da o həm şouranner, həm senari müəllifi, həm aktyor və həm də özünün uydurulma obrazını yaradır. Yeri gəlmişkən, həmin o videomemdə Lerri Devidin də adını görə bilərsiniz. Onun adı Robert B. Vayddan sonra ikinci gəlir.
Fonda səslənən musiqinin müəllifi isə Luçiano Mişelinidir. Bəstəkar “Frolic” adlanan bu melodiyanı ilk dəfə 1974-cü ildə ekranalara çıxan “La Bellisima Estate” serialı üçün yazsa da, sonralar bu əsər müxtəlif reklam çarxlarında istifadə olunur.
Luçiano vurğulayır ki, o vaxtlar onun şounun yaradıcıları ilə heç bir əlaqəsi yox idi. Ona sadəcə xəbər verirlər ki, onun musiqisindən istifadə hüququnu ABŞ-da hansısa bir TV layihəsi üçün alıblar.
Sonluğun gözlənilməz, çıxılmaz vəziyyətlərdən bəhs edən memlərdə istifadə edilməsi ideyası da təsadüfi deyil. “Curb Your Enthusiasm” dakı komediya da qəribə, çıxılmaz və məzəli situasiyalar üzərində qurulub və bəzən bu situasiyalar yaranan kimi ekranda həmin sonluq çıxır.
Bu videomem necə yarandı?
Memin ilk dəfə yaranma tarixçəsi isə belədir. Dünyanın ən aparıcı mem portallarından biri olan Know Your Meme-in verdiyi məlumata görə Ceyk Rasmussen adlı youtuber və memer “Curb Your Enthusiasm” musiqisi ilə 2015-ci ilin ən çıxılmaz situasiyası meminin qalibi olub. Belə ki, 21 dekabrda Las Veqasda “Kainat gözəli” (Miss Universe) müsabiqəsinin finalı keçirilir. FOX kanalından canlı olaraq yayımlanan yarışmanın finalına iki qız – Kolumbiyalı Ariadna Qutierez və fillipinli Piya Alonzo Vurtzbax qalır. Müsabiqənin aparıcısı məşhur komik Stiv Xarvi qalibin adını açıqlayarkən hər iki qız əl-ələ tutmuş vəziyyətdə dayanırlar. Aparıcı əvvəlcə “Kainat gözəli”nin qalibi olaraq Qutierezi elan edir. Ona buket təqdim olunur və başına tac qoyulur. Lakin bir neçə dəqiqə sonra Xarvi üzrxahlıq edərək, qalibin adını səhv saldığını deyir. Tac kolumbiyalı qızın başından çıxarılaraq digər finalçıya taxılır. Memer Ceyk Rasmussen belə qərara gəlir ki, bu hadisəyə həmin o xarakterik musiqi və sonluqla bitən videomem həsr eləsin.
Beləlikə bənzər situasiyalar üçün bu mem bir trendə çevrilir. Aradan 4 ildən çox bir vaxt keçməsinə baxmayaraq, bu mem hələ də populyardır. Siz yutube-da “Curb Your” başlığıyla yerləşdirilmiş yüzlərlə belə komik videolara baxa bilərsiniz. Faktiki olaraq hər bir video qəribəliliyindən asılı olmayaraq həmin sonluqla bitir. Hətta reddit-də bu memlərə həsr olunan bir bölmə də var.
Bəs Vayd özü bu mem barədə nə düşünür?
Təbii ki, bu illər ərzində bənzər videolar onun gözündən yayına bilməzdi. 2018-ci il sentyabrın 18-də rejissor feysbuk hesabından belə bir post paylaşır.
“XAHİŞ EDİRƏM NƏZƏRƏ ALIN: DIRECTED BY ROBERT B. WEIDE ilə bitən videomemlər Robert Vaydın işi deyil. Onlar sadəcə cənab Vaydın quruluş verdiyi “Crub your enthusiasm” serialına istinadən hazırlanıb. Əgər siz mənim feysbuk profilimə bu memlər üçün gəlmisinizsə, deməli ünvanı səhv salmısınız. ”
Lakin 17 iyul 2019-cu ildə rejissor özünün bu memlərin əsas obrazı olmaq fikri ilə barışır və belə bir post paylaşır.
Feysbukda “Directed by Robert B Weide sonluğu ilə bitən memləri mən düzəltmirəm” paylaşımıma baxmayaraq, 23 min abunəçim hələ də söhbəti tutmur. (yenilənib artıq 86 min abunəçi) Nə edək. Düşünmürəm ki, bu foto onlara bunu anlamaqda yardımçı olacaq.
Məqalənin əvvəlində göstərilən ekran görüntüsündə deyilir ki, guya rejissor günahı öz üzərinə götürüb.
Nəhayət iş yerə gəlib çatdı ki, Vayd bu günlərdə tvitterdəki hesabından reaksiya vermək məcburiyyətində qaldı.
Hell no! You're not blaming this one on me! pic.twitter.com/MMu2ZEYsiE
— Robert B. Weide (@BobWeide) March 20, 2020
“Yox, artıq bu ağ eləmək oldu. Siz bütün bunları mənim boynuma ata bilməzsiniz.”
Dadaş Musayev. VarYox-un video montajçısıdır. Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Paralel olaraq kino ilə bağlı məqalələr də yazır.