Lost in Space

İnsanlar nadir hallarda uzaq gələcək və ya uzaq keçmiş haqda düşünürlər. 10 il sonranı və ya orta əsrlər haqda düşünmək bəziləri üçün lüksdür. Çoxunu maraqlandıran onun bu günü və ya sabahıdır. İndini yaşamağa çalışaraq dəridən-qabıqdan çıxan bu şəxslər günü-günə sataraq həyata davam etsələr də, həmişə onların içində zamandan qopmaq eşqi qalır. Tarixi kitablar, elmi fantastika filmləri burada köməyə gəlir. Zəmanəmizin problemlərindən sıyrılıb, 70 dəqiqəlik də olsa Roma imperiyasındakı bir qladiator kimi və ya 2090-cı ildə bir kosmik gəmi pilotu kimi hiss etmək istəyirik.

2001 – A Space Odyssey (1968)

Elmi fantastika janrında ən sevdiyim subjanr “kosmos filmləri” olaraq sinifləndirə biləcəyim filmlərdir. Mən bu filmlərin əcdadı olaraq Kubrikin “2001: A Space Odyssey” filmini görürəm. O dövrdən bəri “kosmos filmləri” də dəyişib. Bir qolu tipik qalmaqda davam edir – NASA səmaya kosmonavtlar göndərir, hansısa bəla baş verir, sona 3 nəfər kosmonavt qalır bir rus və iki amerikan. Rus kosmonavt da özünü filmin sonunda iki qəhrəmanımızın sağ qalmağı uğrunda fəda edir.

Digər qol isə “The Arrival” və “Interstellar” kimi filmlərin aid olduğu dram və epik subjanrları əhatə edən “fəlsəfi” qoldur. İnsanı birmənalı olaraq “başqa məsələlər” barədə düşünməyə vadar edir – həyatda evlənməkdən, marşrutkada yer verib-verməmək müzakirəsindən və hətta kollokviuma hazırlaşmaqdan daha önəmli şeylər də var. “The Arrival” elmi fantastika olsa da bizi linqvistikanın dərinlərinə və fəlsəfi köklərinə aparır, “Interstellar” isə zamanın və seçimlərin önəmini yada salır. Bu dəfə həmin bu qəbildən bir serialdan danışıram.

1 həftə əvvəl Netflix-də gəzinərkən “Lost in Space” (Kosmosda itgin) adlı bir serialı gördüm. Elmi fantastika həvəskarı olduğum üçün və bu mövzuda keyfiyyətli işlərin azlığını da nəzərə alaraq yoxlamağa qərar verdim. Serial 1965-ci illərdə çəkilmiş eyniadlı serialın yenidən işlənmiş versiyasıdır.

Orijinal “Lost in Space” serialından bir səhnə (20th Century Fox Home Entertainment)

Çox spoiler vermədən serialın əsas mövzusuna gələk – yəqin ki, adından da təxmin etmək olur – qiyamət ardı hekayə fonunda keçən hadisələr bizi gözlədiyimiz klassik “kosmos filmləri”nə hazırlasa da tamam başqa mənzərənin şahidi oluruq. Robinsonlar ailəsinin və “robot”larının kosmosun dərinliklərində itməsi ilə başlayan bu serialı izlədikcə istəmədən özünüzə “Game of Thrones”vari bir adət olan “qəhrəman seçmə”ni edəcəksiniz. Sevimli obrazınız sizi seriala bağlayacaq. Serial robinsonada ilə elmi-fantastikanın mükəmməl qarışığıdır – “Robinson” və “Cümə”ni isə seriyaları izlədikcə özünüz tapacaqsınız.

Hələ bir sezonu yayımlanmış seriala Netflixdən baxa bilərsiniz. Qeyd edim ki, Netflix bir müddətdir ki,ölkəmizdə fəaliyyət göstərir.

Serialın heyətinin üzvləri ənənəvi “indie filmlər”in aktyorlarından seçilib. Buna baxmayaraq aralarında “House of Cards”dan tanıyacağınız Molli Parker və Ceyms Bonddan xatırlayacağınız Tobi Stefens kimi sanballı şəxslər də var. Saundtrek isə Mass Effect 2 və Medal of Honor seriyası oyunlarının əvəzolunmaz bəstəkarı Kristofer Lennertzə məxsusdur.

TRAILER və SAUNDTREK:

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir