Ajax Loading Image

“Sinefondasyon” atelyesi (The Cinefondations Atelier) 2018-ci ilin mart ayının 2-də Kann kinofestivalının 15 ölkədən seçdiyi xüsusi perspektivli 15 rejissordan ibarət layihəsini elan edib. Festival tarixində ilk dəfə Azərbaycan bu layihədə təmsil olunur. Ölkəmizdən bu tədbirdə “YAŞAR” adlı sayca 3-cü tammetrajlı filminin layihəsi ilə rejissor Elvin Adıgözəl iştirak edir. Qeyd edək ki, “Sinefondasyon” proqramının atelyesi kinoda yenilikçi ideyaların dəstəyi və kinematoqraf sənətində yeni nəslin yetişdirilməsi məqsədi ilə 2005-ci ildə Beynəlxalq Kann kinofestivalı çərçivəsində yaradılıb. Bu proqram iştirakçılara öz işləri üçün beynəlxalq perspektivdə prodüser axtarmağa və bununla filmin ərsəyə gətirilməsini sürətləndirməyə imkan verir. Proqramın hər bir iştirakçısı layihənin həyata keçirilməsi və çəkilişlərin başlanmasında onlara dəstək olacaq potensial tərəfdaşlarla görüşmək imkanı əldə edəcək.

“Bu, çəkilməmiş filmin fəth edə biləcəyi ən yüksək zirvədir. Çəkilişlərə qədərki hazırlığın son mərhələsi olan bu layihə, Azərbaycan kinematoqrafı üçün hər mənada irəli sıçrayış olacaq. Bu film, həqiqətən, müstəqil kinematoqrafıya nümunəsidir. Fransalı prodüser Etyen de Riko komandamıza qoşulduqdan sonra layihə beynəlxalq status qazandı və artıq ideya səviyyəsində tanınmağa başladı”, – filmin prodüseri Teymur Hacıyev belə deyib.

Kanndan öncə “YAŞAR” artıq Rotterdam kinofestivalı nəzdində Hubert Bals adına fondun pul mükafatına layiq görülüb, Nant kinofestivalının “Produire au Sud” bölməsinə seçilib və həmçinin İstanbul Film Festivalı nəzdində “Körpüdə görüşlər” təqdimat konkursunda mükafatlandırılıb.

“YAŞAR” – yaxınları ilə dil tapa bilməyən yaşlı insanın dramıdır. Bu görünməz maneələri dəf etməyə çalışarkən filmin əsas qəhrəmanı gözlənilməz addımlar atmağa qərara verir.

Tags: