Monteneqrodan 5 art-hauz film

 Monteneqrodan 5 art-hauz film

Yuqoslaviyanın dağılma prosesi dövründə durğunluq yaşayan Monteneqro (Çernoqoriya) film sənayesi yenidən canlanmağa başlayıb. Monteneqro kinematoqrafları hər il daha çox film çəkir, bölgəni və xalqı anlamağımıza daha çox kömək edir. Bu da Monteneqro filmlərinin lokallıq çərçivəsindən çıxıb beynəlxalq səviyyəyə çatmasına səbəb olub. VarYox sizə bu gün Monteneqro art-hauz filmlərini məsləhət görür:

Günahkarlığın gözəlliyi

Günahkarlığın gözəlliyi 1986-cı ildə çəkilmiş bir Monteneqro/Yuqoslav filmidir. Qərb həyat tərzi ilə toqquşan Monteneqro adət-ənənələri sərt şəkildə əks olunur.

Kənddə yaşayan gənc cütlük daha çox pul qazanmaq hədəfi ilə Ulçin şəhərinə köçür. Kişi duz sənayesində işləyir, qadın isə Ada Boyanada nudist tətil mərkəzində təmizlikçi kimi işləyir. Qadın ilk öncələr xaricilərin çılpaqlığından qorxsa da, onların həyatdan zövq alma tərzlərinə heyran olur və gedərək öz həyat tərzini sorğulamağa başlayır.

Monteneqro hələ də patriarxal ailə strukturu ilə yaşamağa davam edir. “Günahkarlığın gözəlliyi” filmi indi də aktualdır – çünki Monteneqro cəmiyyəti hələ də Qərb həyat tərzinə alışmağa çalışır.

Snayper üçün prelüd

Qısa filmdə Monteqrin sənətçi Dmitri Popoviç müasir istehlakçı cəmiyyəti sorğulayır. Film hekayəsi Dmitrinin gözlərindən göstərilir – terrorizm, marketinqdə qadın şəhvətinin istismarı, insan təbiətinin dualizmi – onun rəngkarlıq sessiyaları bu təcrübəyə imkan verir. Filmdə Dmitri Xorvatiyanın ən məşhur ulduzlarından Severina ilə işləyir və onu Çetinyedəki uşaqlıq evinəcən izləyir.

Danilo Marunoviçin “Snayper üçün Prelüd” qısa filmi Hollywood ARPA Beynəlxalq Festivalında premieraya çıxıb.

Qızıl Nunçaku

Zabyelo şəhəri qəddar bir kraliça tərəfindən idarə edilir – korrupsiya, aclıq və ədalətsizlik baş alıb gedir. Bir gün Bor Li yuxuda şəhərin dərdlərini görür, dənizin dibinə dalır və Zabyelo sahilinə çıxır. O Zabyelli bir dissidentlə tanış olur və dissident ümid edir ki, Bor onları azadlığa qovuşduracaq. Bor isə evi üçün darıxır və istidən əziyyət çəkir. Onun hədəfi qəddar cadugəri məğlub etmək və Zabyelonun azadlıq simvolunu – qızıl nunçakuları qaytarmaqdır.

Bor Li (əsl adı Boris İvkoviç) xorvat aktyor və andeqraund filmlərinin sensasion nümayəndəsidir. Brus Li fanatı olan Boris özünün ilk filmlərini VHS kamerası ilə çəkib və az büdcəli parodiyalarda yer alıb.

Həqiqətən yaşamaq

“Həqiqətən yaşamaq” Qoran Masanoviç adlı Monteneqrin bir görmə əngəllinin həyatından bəhs edən sənədli filmdir. Qoranın çətin həyatı ona müstəqil yaşamağa əngəl ola bilməyib. Qoranın simasında bütün əlillərin problemləri işıqlandırılır. Qoran əlil haqlarının müdafiəçilərindən biridir. Film isə Monteneqro Əlil Gənclər Assosiasiyası tərəfindən çəkilib.

Ucalmaq

Rejissor Nemanya Bejanoviçin debütü olan film ədəbiyyat ixtisasından məzun olan Yovan adlı gəncin ilk romanını yazmağa çalışması ilə başlayır. O dostunun daxması olan uzaq bir kəndə gedib kitabını bitirməyə həsr etməyə qərar verir. Ətrafdakı kənddə oxuma-yazma bilməyən bir ailə və onlara zülm edən Zeko adlı bir tiranla tanış olan Yovan kənddəki hamının həyatını dəyişir.

Film Balkan film festivallarında, həmçinin Raindance Film Festivalında göstərilib.

Yerli Vampir

2011-ci ildə Branko Baletiç tərəfindən çəkilmiş bu filmdə yerli mafiya ilə problemləri olan, borc içində olan bir gəncin həyatı əks olunur. Anası onun üçün bir çözüm uydurur – özünü ölü göstər. Hər şey əla gedir, hətta onun üçün yas da saxlayır, mərasim təşkil edirlər. Lakin hər şey onun sevgilisini görməyə gedərkən görülməsindən başlayır. Xalq onun vampire olduğuna inanır. Gənc bu vəziyyətdən faydalanmıq üçün sevmədiyi qonşularından intiqam almağa qərar verir. Get-gedə şaiyələr turistləri cəlb edir – mafiya isə hekayəyə inanmır.

Yerli vampir filmi Skadar gölü sahilində – daş evlər, körpülər ətrafında çəkilib. Qara komediya üçün bundan daha yaxşı mənzərə ola bilməzdi.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir