Entoni Börces – Mexaniki Portağal

Müəllif haqqında:

 

1917-ci ildə Birləşmiş Krallıqda dünyaya göz açan yazar Entoni Börces, uşaqlığını Böyük Böhran (1929-1939) dövründə keçirir. 1 yaşında olarkən Entoni öz anasını, 1918-ci ildə baş qaldıran İspan qripi (həmin dövrdə ispan qripi bütün dünyada 500 milyondan çox insana təsir göstərmişdi) zamanı itirir. Öz bacısını isə anasının ölümündən cəmi 4 gün əvvəl həmin qrip səbəbilə itirmişdi. Sonrakı illərdə həm atasını, həm də ögey anasını itirən Entonini, xalası böyüdür.

 

Uşaq vaxtı Entoni təsadüfən radioda Klod Debüssinin prelüdüni eşidirir və dinlədiyi fleyta solosu ona dərindən təsir edir. Sonralar Entoni dinlədiyi həmin dəqiqələri belə ifadə edir: “psixodelik an.. mənəvi reallığın sözlə ifadə edilə bilməyən forması”.

 

Bəstəkar olmaq istədiyini öz ailəsinə bildirən Entoni, onlardan bunun üçün pul olmadığını eşidir və 14 yaşında özü piano öyrənməyə başlayır. Ölümünün son illərinə qədər Entoni Börces 250-dən çox musiqi bəstələyir və dünyaca tanınan yazar olmasına baxmayaraq, özünü daha çox bəstəkar hesab etməyi üstün tuturdu.

 

1959-cu ildə Entonidə əməliyyat edilməsi mümkün olmayan beyin şişi tapılır. Həkimlər yazara 1 ildən az yaşayacağını desə də, Entoni bu diaqnozdan 34 il sonra elə doğulduğu şəhərdə ağciyər xərçəngindən vəfat edir.

 

Kitab haqqında:

 

1962-ci ildə nəşr olunan Mexaniki Portağal, Börcesin sayca 9-cu romanıdır. Həm satirik qara komediya, həm də distopiya janrında olan əsəri Börces, İngiltərənin qədim sahil qəsəbəsi olan Hov-da qələmə alıb. Sonralar Entoni Börces Mexaniki Portağal əsərini üç həftədə yazdığını demişdi.

 

Börces romanın ilham mənbəyinin, həyat yoldaşının İkinci Dünya Müharibəsi zamanı İngiltərədəki sərxoş amerikan əsgərləri tərəfindən döyülməsindən sonra gəldiyini demişdi. Hamilə olan həyat yoldaşı bu hadisədən sonra hələ doğulmamış uşağını itirmişdi. Romanın mərkəzində dayanan əsas mövzu, Frederik Skinner kimi psixoloqların araşdırması olan davranış nəzəriyyəsidir.

 

Entoni Börces kitabın adı və ifadənin mənşəyi ilə bağlı bir neçə fikir səsləndirmişdi. 1945-ci ildə Börces İngiltərədəki pub-ların birində “mexaniki portağal kimi qeyri-adi” ifadəsini eşitmişdi və sonralar da dəfələrlə bu ifadəni müxtəlif yerlərdə gördüyünü dilə gətirmişdi.

 

Müəllifin ikinci açıqlaması isə Malay dilində olan bir musiqidə işlənən “orang” sözündən gəldiyidir. Malay dilində “orang” insan deməkdir və kökü də “oranqutan” sözünə söykənir.

 

Börcesin öz romanı haqqındakı fikirləri: “Bütün heyvanların ən ağıllısı, yaxşılığın nə demək olduğunu bilən insanlara sistematik təzyiq tətbiq edərək onları mexaniki işləyən bir mühhərikə çevirənlərə qılınc kimi iti qələmimlə hücuma keçməkdən başqa heç nə etmirəm”.

 

İlk dəfə əsər, qələmə alınandan üç il sonra 1965-ci ildə Endi Uorhol tərəfindən ekranlaşdırılır. Vinyl adlı ağ-qara eksperimental film, məhz Mexaniki Portağalın motivləri əsasında çəkilmişdi.

 

1971-ci ildə əsərin motivləri əsasında Stenli Kubrik tərəfindən eyniadlı Mexaniki Portağal (A Clockwork Orange) filmi çəkilir və bu filmdən sonra həm Entoni Börces, həm də müəllifin bu əsəri dünya şöhrəti qazanır.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

1 Comment

  • Azəbaycan dilində pdf sini hardan tapa bilərəm y kitabın?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir