-Balaca balaların yatan vaxtıdır, nəyinki indi, burada, eynən hər yerdə – bütün evlərdə. Çünki saat ondur, deməli, atalar qızlarına nağıl danışırlar…
-Dədə, niyə nağılı axşam, yatmazdan öncə danışırlar? Olmaz ki, başqa vaxtlar da danışalar?
Dədə, yəni ata, lazımlı kitabı axtararaq:
-”Petite frite” (pötit fğit), axşam nağıl danışılır ki, adamlar yatsın – bütün balaca ”bebi”lər ”bay-bay” edirlər.
-Bəs, danışmayanda yatmırlar?
-Yaxşı sualdır… Əslində, biz, atan və anan, nağılsız yatırıq. Bizə nağıl danışan yoxdur..
Balaca qız bir az da yorğanın altına girib, atasına diqqətlə qulaq asmaqda davam edir. Ata, lazımlı kitabı götürüb qızının yatağına yaxınlaşır.
-Amma biz yatırıq. Deməli bu ancaq balacalara aiddir, hansılar axşamlar mütləq yatmalıdırlar.
Qız növbəti sual üzərində fikirləşməyə başlayır, dədəsi nağılı oxuyur. Nağılda yenə hansısa qəhrəman igid oğlan at minib, ox atıb, əjdaha başları kəsirdi. Qız duruxur, nağılı ortada kəsir:
-Dədə, mən qızdan olan nağıl istəyirəm.
Ata sualın və təklifin gözlənilməzliyini həzm edib cavab verir:
-Əslində belə nağıllar var, amma tapmaq bir az vaxt tələb edəcək.
Ata üzünü küncdə dayanan kitab rəfinə çevirir. Qızın şirin və həzin səslə:
-Amma mən istəyirəm axı.
-Bilirəm, əslində orada olan kitablara bir-bir baxsaq, vaxt çox gedəcək, sən isə yatmalısan.
-Mən də yatmağa çalışıram da.
Ata bir az düşünüb əlavə edir:
-Olsun, başıma bir ideya gəldi, gəl nağılı dəyişməyək, ancaq orada cəsur oğlan yerinə cəsur qız olsun, necədir? Oxuyanda da özüm o yerlərdə “qız” deyəcəm.
-Hə! Belə yaxşıdır.
Ata oxuduğu səhifəyə nəzərlərini qaytarıb davam etdi:
–…“beləliklə, əyninə zireh geyinən qız atını yəhərləyib yola düzəlir. Az gedir, çox gedir. Qırx gün at belindən düşmür, ac qalır, susuz, yuxusuz gecələr keçirir. Neçə ölkədən keçir, neçə şəhər və qəsəbə görür. Axır gəlib çıxır böyük və içi qaranlıq olan mağaranın qabağına. Harada deyilənə görə nəhəng təpəgöz qalır, hansı ki, qızın sevdiyi oğlanı oğurlayıb, ona sehirli ovsun oxuyaraq yatızdırıb. Qız qılıncını çıxarıb içəri girir. Hay qopur, haray qopur, göylər, yerlər əsir, elə bil qiyamətdir. Nəhəng təpəgöz qızı tutmaq istəyəndə, qız qılıncı ilə təpəgözün başını bədənindən ayırır. Sonra mağaranın küncündə olan qəfəsi açır, şüşə tabutun qapağını qaldırıb, sevdiyi oğlanı dərinə yuxuda tapır. Qız dəbilqəsini çıxarır və oğlanı öpür. Oğlan oyanır. Qız oğlanı qollarına alıb mağaradan çıxarır. Onu öz atına otuzdurur. Oğlan atda, onun xilaskarı olan şirürəkli qız isə piyada. Beləcə, onlar bərabər öz qəsirlərinə qayıdırlar. Öz toylarını elan edirlər. Mağarlar qurulur, uzaq ölkələrdən hədiyyələr gəlir. Qırx gün, qırx gecə musiqi, rəqs, şadyanalıq olur. Beləcə, cəsur şahzadə qız və oğlan uzun və xoşbəxt ömür sürürlər“ Belə. Bitdi. Gecən xeyirə.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.