Balıq
Allah insanları, bir-birinə olan ehtiyac hissi ilə yaradıb. İnsan özünəbənzər, yaraşan, uyğun, ya da tam əksi olan birinə ehtiyac hissini duyur. Heç kəs yalnız olmaq istəmir, ən əsası da başa düşülməmək insan üçün yolverilməzdir. Hamı bunu qəbul edir və bu qanunu pozmamaq üçün çox şeyə əl atır. Əslində, bu insanlardan da aslı deyil, dünya qanunlarından biridir. Asandır, adidir, necə ki, heç kəs səhərin açılmasına, kiminsə ölümünə, suyun qaynamağına təəccüblənmir.
Adamlar cəmləşməyə, ailə qurmağa, cəmiyyətin, qrupun, birliyin, partiyanın bir hissəsi olmağa can atırlar. Kimsə qocalığı tək qarşılamaq istəmir, hamı həyatın sonunda özündən sonrakı birini davam görmək istəyir. Məhz bu qanunun köməkliyi ilə biz insanlar bu dünyada varıq.
Hər şeyi korlayan az saydan ibarət bir qrupdur, “könüllü təklər” qrupu. Bu insanlar həyatlarını kiminsə axtarışına həsr etmirlər, heç kəsə ehtiyac duymurlar, tək olmaqlarına şaddırlar. Elm bu cür adamlara fərgli adlar verir, onları anlamağa çalışır, onlar özləri isə başa düşülmək belə istəmirlər. Yalnızlıq onları o dərəcədə qane edir ki, onlar təkcə bu cür həyat özlərinə təsəvvür edə bilərlər.
Nadir “könüllü təklər” qrupuna aid idi.
27 yaşlı gənc ürəyincə olan iş tapa bilməyib, ruhuna tam əks olan bir işlə məşğul idi – bankda kurator vəzifəsini tuturdu. Nadir ən yaxşı işçilərdən biri sayılırdı, müştərilər tərəfindən də daima təriflənirdi.
Hamıyla nəzakətlə danışan, söhbətcil və gülərüz Nadirin, əslində işindən necə əziyyət çəkdiyini heç kəs bilmirdi. Adi sözlər onu əsəbləşdirirdi, səslər yorurdu, üzlər iyrəndirirdi. Həftəsonlarını səbirsizliklə gözləyən gənc, şənbə və bazar günlərini yalnız evdə oturub kitab oxumağa və filmlərə baxmağa həsr edirdi. Bütün həftə boyu yığdığı stressdən yeganə dərman bu idi.
Şənbə günü. Səhər saat 9.
Tək yaşayan Nadir oyanıb sevdiyi divanda oturmuşdu, bir əlində kitab, o birisində isti şokolad. Əvəzolunmaz istirahət başlamışdı. Nadirin planına görə o bu cür ən azından 5 saat keçirməli idi.
Su səsi eşidildi. Su səsi gücləndi. Artıq bu səs Nadiri oxumaqdan ayırmağa başladı. Gənc oğlan gözlərini qaldırıb tavandan masanın üzərinə suyun töküldüyünü gördü.
“İmkan verməzlər kitab oxuyum!”.
Deyinə-deyinə Nadir mənzildən çıxıb yuxarıdakı qonşusunun qapısını döydü.
-Siz mənim başıma su tökürsünüz!
Su içində duran gənc qız təəccüblə oğlana baxıb dedi
-Ola bilməz!
-Ayaqlarınıza baxın?
Gənc qız yerə baxıb, nəhayət suya fikir verdi.
-Nə? Bu necə oldu? Bağışlayın!
Bir neçə dəqiqədən sonra bəlli oldu ki, Sevil mətbəxdə su kranını unudub açıq qoymuşdu.
-Suyu açıq qoyub yatmısınız?
-Yox…
-Bəs necə unutdunuz bu zibili?
-Mən kitab yazırdım.
Bunu eşidən Nadir hisslərini cilovlaya bilmədi:
-Siz burada sakit təklikdə oturub kitab yazırsınız, mənə isə aşağıda oxumağa imkan vermirsiniz! Bu necə olur?
-Bağışlayın, mən yazanda hər şeyi unuduram… fikrimdən tam çıxdı. Heç yadıma da gəlmir niyə suyu açmışdım. Bütün xərclərinizi öz boynuma götürürəm, heç narahat da olmayın.
-Bu məni heç narahat etmir, belə də böyük bir şey olmayıb.
Nadir yerə baxıb özünün də su içində durduğunu gördü.
-Sizin ev isə su içindədir
-İndi yığışdıraram
-Kitab nədəndir?
-Hələ bilmirəm
-Bitməyinə çox qalıb?
-Daha bir saat işləməliyəm
-Mən buranı yığışdıraram, siz gedin yazın, bitirin
-Axı…
-Şərtim var! Bitən kimi onu ilk mən oxuyacam!
-Oldu!
Yeri tez qurulayan Nadir bir saatın bitməsini gözlərini saata diriyərək gözləyirdi.
-Hazırdır, buyurun!
Nadir kompüterin qarşısına keçib kitabı oxumağa başladı
-İsti şokolad var?
İki saata və 6-7 fincan isti şokolada, Nadir kitabı tam oxuyub bitirdi. Son səhifəyə on saniyə səssiz baxandan sonra o, səssizcə ayağa qalxıb qapıya yaxınlaşdı, getməyə hazırlaşırdı.
-Nadir! Kitab necə idi?
Nadir cavab vermək məcburiyyətində olduğunu başa düşüb, dönüb qıza baxdı:
-Sevil?
-Hə
-Sevil, istəsən evimi akvariuma çevir… Mən balıq da ola bilərəm… Amma yaz…
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.