Günlərin bir günü, bəlkə də iki, üç yaxud da dördüncü günü – dəqiq yadımda deyil – nəsə ki, orta yaşlı Azərbaycan respublikasının vətəndaşı, kişi cinsinin qabarıq nümayəndəsi olan biri, həyatında böyük dəyişikliklər etmək fikrinə düşür. Azərbaycanda böyük dəyişikliklərin böyük pullar hesabına mümkün olduğunu düşünənlər yanılırlar, əslində bu heç də belə deyil. Bu kişi də eyni fikirdə idi – pulsuz, parasız, filan-beşməkansız yaşayış tərzini dəyişmək fikrində.
Uşaqlıq illərindən bəri əfsanəvi qəhrəman obrazların təsəvvürü ilə yaşayan kişi, çox düşünmədən özünə “Herakl” adını götürür, soyadını isə “Şalvarzadə” edir. Nəticədə nəsil-əcabəti onu iqnor edir, qonşular isə onu ələ salmağa başlayırlar. Ardınca işdən qovulur; səbəb olaraq ona deyirlər ki, kadrlar şöbəsində Herakl Şalvarzadə adlı birisi haqqında məlumat yoxdur, “beləsi bizdə çalışmayıb və çalışmır da”. Darıxdırıcı Bakı həyatında birdən birə bu qədər dəyişikliyə nail olan kişi daha da ruhlanır – sən demə həyatı dəyişmək necə də asanmış.
Daxilində 18-19-cu əsrlərin romantikası alovlanan kişi taxtadan qılınc və qalxan (çünki qəhrəman silahsız olmur) düzəldib, yollanır rayon polis şöbəsinin qarşısına. Yekə qarın, yoğun boyunlu və eşmə bığlı polis çavuşu gördüyü adamı dəli sayıb ruhi xəstəxanaya zəng etmək istəyəndə, Herakl ona “seyid” olduğunu bildirir, əvəzində çavuş heç yerə zəng etmir və ona 50 qəpik verir. Ancaq feyk “seyid” öz ad-soyadını polisə söyləyən kimi çavuş onun zadına bir təpik vuraraq şöbənin qarşısından qovur. Bu hadisə Şalvarzadə üçün yeni qəhrəmanlıq və zəfərlərə çağırış təbili kimi olur. Deməli davam etmək lazım idi.
Evə qayıdıb plastik vedrəni götürür, içinə yoldan topladığı konserv qutularını yığıb, qalxan və qılıncı da əlinə alıb dünya səyahətinə çıxmaq qərarına gəlir. Yolüstü konserv qutularından özünə zireh və dəbilqə düzəldən Herakl heç bir maneyə rast gəlmədən Qız qalasına yaxınlaşır. Vəziyyət o yerə çatır ki, qalanın yanından keçən xarici turistlər Bakının salamat qalan tarixi abidələrindən birinə tüpürüb ancaq və ancaq cənab Şalvarzadə ilə şəkil çəkdirirlər. Bu hal isə “İçərişəhər” mühafizəçilərinin xoşuna gəlmədiyinə görə qəhrəmanı təpikləyərək Qız qalasından uzaqlaşdırırlar.
Herakl gəzə-gəzə görünüşdən müasir parniki xatırladan və adı ilə arxitekturası arasında heç bir əlaqəsi olmayan “İçərişəhər” metrostansiyasının yanına gəlir. Ağlına nə girirsə, qəfildən plastik vedrəni taxta qılıncı ilə döyəcləyir və hündürdən qışqırır:
— Ay Tağı, ay Tağı, metro xatırladır Botanika bağın!
Metroda çanta yoxlayan mühafizə polisləri vəziyyətdən agah olub cumurlar Herakl bəyin üzərinə. Amma qəhrəman təslim olmaq fikrindən yan keçib, polislərdən birini duelə çağırır. Təəsüf ki, duel qaydaları ilə tanış olmayan polislər ikisi birdən onun üzərinə hücum çəkirlər. Yoldan keçənlər ayaq saxlayıb olayı telefonun yaddaşına həkk edir, avtomobillər siqnal verir, haradansa “Gəzər TV”-nin səyyar kameraları peyda olur. Qətiyyətlə müdafiə olunmağına baxmayaraq plastik vedrəsi başına keçirilən və qılıncı sındırılan Herakl huşunu itirir.
…Gözlərini açır ki, ağappaq palatadadır, başında sarğı var, qoluna sistem köçürülür. Uzandığı çarpayının başında isə iki həkim – baş həkim və tibb bacısı söhbət edirlər, daha doğrusu sakit səslə mübahisə edirlər. Tibb bacısı:
— Doktor, məncə “Herakl” adındakı “k” hərfindən sonra “ı” hərfi gəlir…
— Yox ay qız, “k” hərfindən sonra “i” hərfi gəlir. “Herakil” oxunur.
— Herakil?
— Hə.
— Sonu “kil”? İngiliscə “to kill” sözü kimi, yəni “öldürmək” deməkdi?
— Təqribən hə.
Gözucu və qulaqüstü mübahisəni izləyən cənab Şalvarzadə anlayır ki, bayaq uniformalı adamlar onu fiziki olaraq şikəst etdikdən sonra, indi də ağ paltarlı adamlar onu mənəvi olaraq sındırmaq fikrindədirlər. Əkilmək qərarına gəlir. Sol əli ilə sistem üçün dərman asılmış dəmir duracağı götürüb sakitcə palatadan çıxır. Ağ paltarlılar isə ona fikir vermədən sakit səslə “Şalvarzadə” soyadının mənbəyi barədə danışırdılar.
Budur Herakl yeni görkəmdə, yeni imicdə – qılınc əvəzinə sistem üçün dərman asılmış dəmir duracaq, dəbilqə əvəzi tənzif sarğı, zireh əvəzinə isə əynində ağ rəngli *müalicər xalatı xəstəxananı tərk edir. Simasında əsl lider zəhmi, addımlarında cəngavərlik ştrixləri duyulan cənab Şalvarzadə amiranə şəkildə, yol nizamlayıcısının tələblərinə fikir vermədən yolu keçməyə cəhd edir. Cəhdin qarşısını saatda 90-la gələn “Prado” markalı maşın almış olur. Palatada mübahisə edən həkim və tibb bacısı gəlib, müəllimi xərəyə yükləyib xəstəxanaya qaytarırlar. 6 sınıq, 2 yerdən tikiş və yüngülvari beyin silkələnməsi.
1 aydan sonra isə Herakl Şalvarzadəni dünyanın o başına (azərbaycanlı üçün), yəni Cənubi Amerikaya, daha doğrusu Yamaykanın Kinqston şəhərinə deportasiya edirlər. Sən demə o hospitalda olduğu müddətdə hökumət tərəfindən qəbul edilmiş yeni qanuna əsasən “Şalvarzadə” soyadlı hər kəs Yamaykaya deport edilməli idi, sorğusuz, sualsız. Maddi təzminat kimi 200 dollar verilirdi. Bax beləcə azərbaycanlı Herakl Şalvarzadə Yamaykaya düşür.
Eşitdiyimə görə indi kitab buraxmaq fikrində olan Herakl, boş vaxtlarında kənd təsərrüfatı və siyasətlə maraqlanır, dönərxana açmaq istəyir. Hətta yerli əhali içində də böyük hörməti var.
“Şalvarzadə” soyadlı şəxslərin Yamaykaya deportasiyası haqqında qanun isə cəmi bir gün qüvvədə olur (deyilənə görə bu qanun xüsusi olaraq Herakl üçün qəbul olunubmuş), sonradan yaddan çıxır. Amma Herakl Şalvarzadə nə vətənini, nə qanunları unutmayıb.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.