Kəpənək ömrü

 Kəpənək ömrü

Təzə çıxmışam baramamdan. Günəşin istisini, güllərin ətrini hiss edirəm. Bu gün kəpənək olacağam mən. Böyük rəngli qanadlarım var . Əvvəlki, hamının eybəcər sandığı tırtıl deyiləm daha. Uçuram yeni çiçəkləmiş ağac budaqlarının arasından, qonuram özünü günəşə bənzədən, buna görə də hər zaman qürurla günəşlə baxışan günəbaxan çiçəklərinə. Sapsarı tozcuqların üzərində gəzirəm. Arıların toplandığı təzə çiçəkləmiş alça ağacına doğru qanadlanıram, rəqs edirəm çiçəklərlə…

 

Balaca uşaqlarla oynayıram indi, arxamca qaçırlar, nədənsə çox həyəcanlıdırlar, dincəlmələri üçün bir çobanyastığının ləçəyinə qonuram. Uşaqlar yavaşca mənə yaxınlaşırlar, mənsə qanadlarımı oynadıram. İnsanlar üçün balaca, mənim üçün  yetərincə böyük olan əllərini üstümə gətirirlər, mən isə cəld uçmağa başlayıram, amma artıq gecdir. Uçduqca qanadımın zədələndiyini hiss edirəm. Onlar elə hey arxamca qaçırlar.

 

Yağış başladı, bu mənim üçün yaxşı hal deyil, bəlkə də yaxşıdır, çünki uşaqlar artıq arxamca qaçmırlar… Yağış nə qədər narın yağsa da incidir məni. Qanadlarım ağırlaşır, yavaş-yavaş yol kənarındaki daşların dibinə düşürəm. Axı bu gün mənim üçün çox önəmlidir, hələ toxunmadığım nə qədər gül ləçəkləri, görmədiyim ağaclar, birlikdə qanadlanmadığım kəpənəklər var… Bu nə talehsizlikdir ki, bir günlük ömrümü doya-doya yaşamadım…  Onsuz da bu qısacıq ömrümdə heç vaxt bilməyəcəyəm ki, günəbaxan çiçəklərinin sonu necə olur, heç vaxt bilməyəcəm ki, oynadığım uşaqlar yeni gün açılanda məni axtaracaqlarmı? Amma sonumu təxmin edirəm; bir günlük ömrüm də olsa, öz əcəlimlə ölməyəcəyəm… Ya hansısa bir sərçənin öz balalarına apardığı yem, ya küləyin aparıb hörümçək toruna saldığı şam yeməyi, ya da ki, hansısa insan oğlunun səhvən tapdaladığı kəpənək olacağam…

 

Kəpənək öldü – daşların arasına yığılmış suda boğularaq, amma sonu fərqli oldu… Balaca bir əl onu daşların arasından çıxardaraq, günəbaxanın dibində basdırdı… Bir-iki damla göz yaşı tökdü… Torpağın üzərində hərəkət edən kölgələri gördükdən sonra başını qaldıraraq yekə,  dolmuş yaşıl gözləri ilə yuxarı baxdı; körpənin başının üstündə yüzlərlə kəpənək uçuşurdu…

Kəpənək onu incidəcək həqiqətləri bilmədən öldü, “bir kəpənəyi incidə biləcək həqiqət nə ola bilər ki?” soruşsanız dünən qonduğu çiçəklərin, yeni gündə solmuş olduğunu görmək, məsələn…

 

Bir kitabda deyildiyi kimi: “Mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də”…

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir