“Pulun pul vaxtında” bir adam yaşayırdı, hansı ki, hamıdan fərqlənirdi. Ətrafdakıları, tanış-bilişlərini heyrətləndirən əsas cəhəti onun hər gün milliyətini dəyişməsi idi. Bu adam nəşə çəkmir, içib toyda yatmır, arvadına xəyanət etmir, vergidən yayınmır, böyüyün yanında siqaret yandırmır, sadəcə hər gün milli-mənəvi məxsusluğunu Mariana çökəkliyinə atıb, özünə yeni zat seçirdi. Əslində bu gündəlik dəyişiklik, bir növ onun həyatını daha maraqlı edirdi – o, axşam yerinə uzananda sabah kim olaraq oyanacağından xəbərsiz olurdu. Məzəli və qəribə maraq oyadırdı hər dəfə bunu xatırlayanda, arada hətta bədənindən soyuq tər keçirdi. Ona, çox insanın dəyişilməz və sabit saydığı, müqəddəs və təkrarolunmaz hesab etdiyi bir şeyi, bir toxunulmaz baryeri dəyişmək, hər gün yeniləmək – bu ona ləzzət verirdi.
Adamın adı da yox idi, əslində var idi, amma özü bilərəkdən ismini unutmuşdu. Deməzdim ki, bu hal da həyatı maraqlı etmək üçün idi, amma istənilən halda vəziyyətə müəyyən gərginlik damcısı əlavə edirdi. Cənab özünü “Kim“ adlandırırdı. Lap əslində isə adlandırmırdı, soruşurdu, amma eşidənlər onun adının “Kim“ olduğunu düşünürdülər.
Bir gün yenə də, sökülməyə namizəd binaların birində yerləşən mənzilində oyanan Kim, hamama keçir və güzgü önündəki “adama” milliyət seçməyə başlayır. Ağır beyin işini vannanı dolduran suyun şırıltısı müşayət edirdi. Nəticədə məlum olur ki, Kim dünyada olan bütün millətlərin adını işlətmiş və işlətmədiyi ad qalmamışdır, bir adı isə ikinci dəfə götürmür, çün` digər bir dəfə işlədilmiş ad sahibləri inciyə bilər. Qısası Kim təkərə düşür.
Otaqdakı yeganə rəfin, aşağıdan 1-ci gözündən “Böyük və kiçik millətlərin adları“ kitabını götürüb, tələsik vərəqləməyə başlayır. Yerdən uzaqlaşan kometa kimi o da kitabın ilk səhifəsindən uzaqlaşır, amma yeni milliyət adı tapa bilmir. Sonuncu səhifədən əvvəlki səhifədə qısa bir abzas var idi, harada ki, bir millət təsvir olunurdu. Sən demə bu millət lap çoxdan yaşamış, nə vaxt ki, Şaxta Baba hələ doğulmamışdır, nə vaxt Adolf adi rəssam idi, nə vaxt ki, James Brown hələ funk musiqisini kəşf etməmişdir, nə vaxt Beatles hələ LSD`nin dadına baxmamışdır – qaranlıq zamanlar idi. Bax həmin o paranormal aktivlik müşahidə olunan dövrlərdə bir millət yaşayırmış, çox qapalı həyat tərzi sürürlərmiş. Buna görə də günümüzə onlar haqqında az məlumat gəlib çıxmışdır. Bu millət yeməyə bir şey tapmayanda, bir yerə yığışıb çalıb oxuyarmış. Musiqi onlara qidanı unutdurar, insanlar transa düşər, şamanlar gizlənpaç oynayardılar – şən camaat olublar
Adam çarəsiz qalıb adsız millət kimi tanınan bu topluma ad fikirləşməli olur. Nədənsə, italyan futbolunun fanatı, səhərdən özübə ad axtaran cəsur Kimin ilk ağlına gələn ad (hərgah onun ağıl sahibi olduğuna bir çox dostları şübhə ilə yanaşırdılar) Ancelotti olur. Beləliklə, qayıdır hamamdakı güzgünün önünə və özünü “ancelottili“ elan edir.
Üzündə təbəssüm, kefi kök şəhərə çıxır. O istəyirdi ki, bütün sakinlər şəhərin yeni ancelottilisini tanısınlar, onun, zaman çəlləyindən uzaq olan tarixi ilə tanış olsunlar. Özünü dünyanın ən xoşbəxt insanı hesab edən Kim qulaqcıqları taxıb, “The Smiths“ qrupunun “Heaven knows I am miserable now“ mahnısına qoyur, önünə çıxan hər növ canlının (insanların, itlərin, pişiklərin, sərçələrin, göyərçinlərin) üzünə gülə-gülə səki ilə hərəkət edir. Yadına düşəndə ki, sabah üçün yeni millət adı tapmalıdır, o kədərlənmir – “sabah“ sabah olacaq, bu gün bugünlə yaşamaq gərəkdir.
Yolüstü dondurma alır, çiyələkli və vanilli. Pulu qaqaşa uzadanda
dondurmasatan üzügülər Kimə bir az şübhə ilə baxsa da, Kim onu qabaqlayıb söyləyir ki, o ancelottilidir. Dondurmasatan ona ikinci soyuq ciyəzdən uzadır – üstü fındıq, altan bananlı, altdan – bi`dənə karamel, altan adi südlü. Satıcı oğlanın onun milli mənsubuyyətinə qoyduğu hörmət qəhrəmanı ruhlandırır. Dondurma dad reseptorlarını işə salır, beyin xoşbəxtlik feromonları ifraz edir, Kim doğrudan da özünü həmin qədim millətin varisi hesab edirdi. Dondurmanı sovurub, yalayıb tam axırına çıxandan sonra səmaya baxır, gülümsəyir və deyir:
Dünyanın sonunda mahnım səslənsin
Öpüşsün günahlar notlar içində,
Qoy məni sevməyənlər də kədərlənsin
Mənsə oyanım cənnətdə otlar içində.
Son misranı sonra dahi Kim, yol ilə yaxınlaşan yük maşınının altına özünü atır. Maşının sürəti, ağırlığı və Kimin sıçrayışı onu adam balası kimi o biri dünyanın qapısının ağızına çatdırır. Sağ-salamat qal, Kim.
Kimlər ölmür.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.