Kinə çevrilən acizlik
Gənc qadın insafı imkan verdikcə möhkəm zərbələr endirirdi. Hər zərbədən sonra kişinin əzələli kürəyində qırmızımtıl bir xətt əmələ gəlirdi. Qarabuğdayı dəriyə qamçı dəydikcə, kişi dərindən nəfəs alır, arada sakitcə sızıldayırdı. Bu vaxt qadının nəbzi daha sürətlə vurur, qan böyük təzyiq altında bədənə yayılırdı. Qadın gah çox istəyir, gah heç istəmirdi. Lakin istəsə də, istəməsə də, o bunu edirdi. O da indi göstərilən “tamaşanın” iştirakçısına çevrilmişdi.
“Tamaşa”, iştirakçıların səsindən savayı, otaqda astadan səslənən radio ilə də müşayiət olunurdu. Musiqi ardıcıllığını naməlum DJ müəyyən edirdi. Buna görə kadrarxası musiqi yataq otağında baş tutan “tamaşada” gedişatı təyin etmir, yalnız müşayiətçi rolun oynayırdı. Fiziki iztirabların ali fiziki həzzə çevrilməsi isə oynanılan səhnənin, epizodun, bütöv filmin əsas mövzusu sayıla bilərdi. Hələ çox rejissor nəsli belə canlılıqda bir film çəkmək arzusu ilə yatıb duracaq. Aktyorlar tapılsa da, hisslər tapılmayacaq.
Kişinin kürəyində əmələ gələn yaralar qasnaq bağlamamış, yanlarında yeni yaranı aşkar edirdilər. Həyacandanmı, ya coşqudanmı əmələ gələn tər damcıları kişinin boynundan diyirlənərək qırmızı xəttlərin üzərindən keçirdi, dəmiryolunda hərəkət edən qatar kimi. Bu vaxt musiqi daha qəmli notlara düşür, onlara kömək edirdi. Otağın yeganə pəncərəsindən isə küçəni işıqlandıran işıq dirəyi görünürdü. Adama elə gəlirdi ki, indi o da ikinci mərtəbədəki mənzilin qaranlıq pəncərəsinin arxasına baxmaq, oranı işıqlandırmaq istəyir.
Həyacanlı ritmlərlə döyülən çöl qapısı, otağa sığınmış kainatı, uzaq və naməlum qalaktikaları kəşf etməyə göndərdi, amma qayıtmaq şərti ilə. Qadın sakit və zərif səslə dedi:
— Qalibdir, qapını açmaq lazımdır.
Kişi, bilinmir yorğun, bilinmir incik və sınıxmış, lakin kifayət qədər səslə cavab verdi:
— Onun açarı var axı.
— Açarı dünən idman dərsində itirib.
— O idman dərsində bir gün, idman dərsinin özün də itirəcək.
Qadın əyninə köynəyi keçirərək:
— Sən də dur əyninə bir şey geyin, oğlun səni bu viddə görüb heç nə başa düşməyəcək.
— Bəlkə oğlum məni bu gün ümumiyyətlə heç bir viddə görməsin? Bəlkə bu gün mən işdən yorğun qayıdıb, tez uzanmaq qərarına gəlmişəm?
Qadın yatağ otağından çıx ha çıxda:
— Dur paltarını geyin, sən onunla məktəbdəki hadisə barədə söhbət etməlisən
Baxın. Bilirsizmi, həyat da belədir. Əvvəl belə idi, oldu ayrı cür. Dəyişdi, bir saniyənin içində, heç kəsin gözləmədiyi üslubda dəyişdi. Zibiləqalmış ani olaraq dəyişir, çıxır ənənəvi trayektoriyadan. Elə bil adamın başına səhər saat altıda, gecə çöldə qalmış bir qrafin soyuq su əndərirlər. Ortadakı dəlilik, ehtiras, eşq – hamısı birdən-birə dönüb olur məişət həyatının, axşamdan yuyulmayıb su kranının kənarında qalmış çömçəsi. Həyar da belədir. O qalır, tərpənmir, ərp bağlayır, kif atır. Sonra, birdən birə yatmış gözəl kimi gözlərini açıb deyir ki, “xoş gördük, mən gəlmişəm sənin həyatını dəyişim, və həyatını dəyişim sən istədiyin, can atdığın, arzuladığın, seçdiyin formada yox, mən istədiyim formada”! Dəyişir də.
******************
Səhər iki yumurta qayğanağından və bir fincan qəhvədən sonra o həyat yoldaşının üzündən öpüb evdən çıxdı. Bir dəqiqə sonra, işə salınan avtomobilin səsi eşidildi. Kişi adəti üzrə orta güzgüdə qalstukunu düzəldib, oturacağa söykəndi. Sanki qaynar və kiçik köz parçalarını onun kürəyinə səpələdilər. Belini dikəltdi və çalışdı ki, yol boyunca oturacağa söykənməsin.
Yolda onun dalınca səbirsiz, ekstrimal və məqsədsiz bir sürücü düşsə də, o siqnala fikir vermir, amma paralel olaraq da anlamırdı ki, arxadan gələn maşın ötmək istəyir, ya sadəcə istədiyini bilmədən istəyir. İdarəyə çatanda NBM (nəzarət buraxlış məntəqəsi) növbətçi ona bir bağlama verdi. Bağlama səliqəli formada kağıza bükülmüş və iplə sarılmışdır. Yüngül bağlama qutusunun içində nə olduğunu yalnız təxmin etmək olardı. Bağlamanın üzərində poçtun möhürü vardır, deməli hər şey qaydasındadır.
Otağına çatana kimi bağlamanı bir neçə dəfə silkələdi, amma səsdən tuta bilmədi bu nədi. İş stolunun üzərindən bıçağı götürüb bağlamanı açmaq istəyəndə qapı döyüldü.
— Gəl!
Qapı açıldı, otağa hərbi qulluqçu daxil oldu, hündürboy, enlikürək və azca kürən birisi:
— Yoldaş müstəntiq, müttəhim 505046 suallara cavab verməyə hazırdı
— Ağıllandı?
— Çalışdıq
— Səncə bunun içindəki nədir?
Hərbi qulluqçu, daha dəqiq desək çavuş, müstəntiqin uzatdığı bağlamanın yan-yörəsinə baxıb cavab verdi:
— Bilmirəm. Kim göndərib ki?
— Maraqlıdır içində nə var.
— Bəlkə təhlükəlidir?
— Sənin “bəlkə” sözün daha təhlükəli səslənir, nəinki bu bağlama təhlükəli görünür
— Anlamadım, yoldaş müstəntiq.
— -Heyvərə! Mində dəfə demişəm mənə müstəntiq demə, biz tək olanda mənə rəis denə!
— Oldu rəis!
— Görünür hələ uşaqsan, ağzın süddən ayrılmayıb, dalına da bez bağlayırlar. Böyümək lazımdır, çavuş, böyümək. Aydındı?
— Bəli, rəis.
— Gətir o xiyarı bura.
Otuz saniyədən sonra müstəntiqin tələbinə əsasən “xiyar” gətirildi. “Xiyar”ın, necə deyərlər, üzü-gözü qaçmışdır. Görünür o bu vəziyyətə salındıqdan sonra “xiyara” dönüb. Qırx-qırx beş yaşında olan ortaboylu kişi. Əynindəki nimdaş və döşəmə əskisini xatırladan pencək, adamın ziyalı keçmişi barədə dumanlı fərziyələr irəli sürməyə imkan verirdi – ola bilsin müəllimdir, ən azından şair, ya da yazıçıdı. İndi isə “xiyar” ləqəbli, 505046 yaxa nömrəli müttəhimdir. Görünür onunla aparılan “təlim-tərbiyəvi söhbət zamanı, izah edənin yumuruğu təsadüfən onun hər iki gözünün, burnunun və ağzının üstündən bir neçə dəfə dəymişdi. Elə bil kimsə, həqiqi olduğuna yüz faiz əmin olduğu şeyi, kişiyə inadla izah etmək istəyirmiş, kişi isə bu faktı təkzib edirmiş – misal üçün, müttəhimə deyirlərmiş “Yer yumurudur”, o isə qətiyyətlə buna inanmaqdan boyun qaçırırmış. Və bu uzun-uzadı söhbətdən sonra onu müstəntiqin otağına gətiriblər. Müstəntiq:
— Hə…belə-belə işlər. Otur.
Ayaq üstə güclə dayanmış kişi stula çökdü.
— Səhvini anladın?
Kişi sadəcə təsdiq işarəsi kimi başını yellədi.
— Nəyi anladın?
Kişi qurumuş ağzında olan-qalan tüpürcəyini yığıb, əziyyətlə udqundu; elə bil boğazında iri tıxac əmələ gəlmişdi. Udqundu və cavab verdi:
— Səhvimi.
— Nədə idi səhvin?
— …
— Axı sən əvvəllər daha ağıllı şeylər yazırdın. Necə gözəl dövrdə yaşadığımızı təsvir edirdin, vətən sevgisini ilahiləşdirirdin, uğurlu və işıqlı gələcək barədə əsərlər yazırdın. Sonra nə oldu? Sənə lazım idi hörmətli bir insanın əldə etdiyi nailiyyətlərə kölgə salasan? Hə?
Halsız kişi sakitcə əlavə etdi:
— İcazə verin xəstəxanaya gedim, oğlumu görüm.
Müstəntiq, rəqib boksuçunun zəif nöqtəsini tutmuş boksçuya bənzəyirdi və onun indi istədiyi yeganə şey həmin nöqtəyə durmadan zərbələr endirmək, rəqibi təslim olmağa vadar etmək idi.
— İbrahimov, yazdığın ilk məqalədən sonra sənə zəng etdilər?
— …Mənə on dəqiqə də bəs edər, təki oğlumu görüm. Mən ona indi əvvəlkindən daha çox lazımam..
— Zəng etdilər. Nə dedilər?
— Xatırlamıram.
— İbrahimov, sənə dedilər ki, o məmurun…hörmətli vətəndaşın şəxsi işinə bir daha balaca burnunu soxma. Axı sənin nəyinə gərəkdi onun bakalavr və magistr diplomu saxtadır, ya yox? Axı sənin nəyinə gərəkdi adamın işindən kənar özü üçün yaratdığı xudmani biznesi var, ya yox? Tutaq ki, diplomları saxtadır, vəzifəsinə uyğun savadı yoxdur. Bəs açdığı iş yerləri? Onun bir şadlıq sarayında bilirsən neçə nəfər işləyir? Otuz nəfər! Otuz ailə! Bilirsən bu nə deməkdi? Haradan biləsən ay oğraş! Götünü yumuşaq yerə yapışdırıb, hərifləri taqqıldatmaqla və redaksiyalardan qonorarları sovurmaqla deyil e. Nə biləsən fiziki iş nə deməkdi. Bəs onun metronun yanında açdığı hipermarketdə neçə nəfər üçün iş tapıldığından xəbərin var? Hələ əslən olduğu rayonda açıdığı fındıq sexini demirəm. Adam illərlə əziyyət çəkib, iş yerləri açıb, üstəlik dövlət işində oturub sənin kimi vətəndaşların həyatını yaxşılaşdırmağa çalışır, sən isə, İbrahimov, mürəbbə qabına zəhər tökərək, guya haqq uğunda mübarizə aparırsan, əslindəsə etdiyin velosiped təkərinə çubuq soxmaqdan başqa bir şey deyil. Başıboş yazarın əlinə qələm keçəndə aləmi vurub biri birinə inqilablar törədir, cəmiyyəti, oturuşmuş sistemi alt-üst edir, mitinqlərə çıxan özü kimi başıboşların sayəsində çevrilişlər edir, sonra da əlləri ciblərində oturub qalırlar bomboş yerdə – lazım idi?
— Mən sadəcə açıqda olan sənədləri araşdırmışam…
— Sən pox yemisən! Sən kimsən axı? Guya həqiqəti yazıb nəyə nail oldun, nəyi deyişdin? İndi anladın ki, üçgünlük kamera üç cılız və mənasız məqalədən daha güclüdür?
Son sözlərin təsirindənmi, ya da yorğunluğun təsiri altında 505046 yaxa nörməli müttəhim oturduğu stuldan aşdı. Başı döşəməyə dəydi. Ağrı hiss etmədi, amma sol gicgahının üstündən qan açıldı. Müstəntiq bir-iki dəqiqə ona tamaşa etdi. Artıq növbəti tər damcısı boynundan qopub kürəyi ilə qamçı yerlərinin üzərindən diyirlənməyə başlayanda, masaya bərkidilmiş sarı düyməni sıxdı. Qapı döyüldü və açıldı. Çavuş yerdə huşsuz vəziyyətdə uzanmış kişini sürüyə-sürüyə otaqdan çıxartdı.
— Aparın suya salın, qoy ayılsın. Lazım olan sənədləri imzaladın və sonra rədd edin burdan.
— Rəis, icazə verirsiz xəstəxanaya zəng vursun, oğlu ilə maraqlansın?
— Rədd ol!
*************
— Qalib, oğlum, duz qabını atana ötür, bir zəhmət.
Geniş qonaq otağında kiçik ailə masa arxasında şam yeməyi yeyirlər. Evin yeganə övladı Qalib on üç yaşında yeniyetmə oğlandı. Bu gün idman yarışından bürünc medalla dönüb. Və bu nəticə anasını sevindirsə də, atasının kefini açmayıb. Buna görə də zahirən mehriban görünən ailə süfrəsində həyacan simptomları dolaşırdı. Qalib duz qabını atasında uzatdı. Atası biganəliklə qabı götürüb, istifadə etmədən bir kənara qoydu. Hiss olunurdu ki, kişi elə də yaxşı əhvalda deyil. Amma o yalandan gülümsünüb ortalıqda fırlanan neqativ havanı qovmaq üçün soruşdu:
— Bu yay Antalyaya getmək istəyirsiz, yoxsa Nabrana?
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.