Günlərin bir günü ali savadlı mühəndis (vallah!), hansının iyirmi beş illik iş stajı var, yaxınlaşan təqaüdçü həyatının darıxdırıcı prespektivlərini nəzərə alıb, qərar verir ki, o biri dünyaya getsin. Birtəhər, yuxarıda yaxşı vəzifədə işləyən tələbə yoldaşının köməyi ilə onu növbəsiz o biri dünyaya göndərirlər. O biri dünya isə dəyişkən iqlimə malik bir yer idi, kəlan adam vardı, səs-küydən qulaq partlayırdı. Bu dünyada danışıb doymayanlar, o biri dünyada danışırlarmış. Mühəndis isə təbiətcə az danışan və sakitliyi sevən adamdı. Bu üzdən o biri dünyanın qapısının ağzından geri qayıdır. Kefsiz evə gəlir, qəhvə süzür, divana uzanır, televizoru yandırır. Yuxu tutur. Sonra qəfildən ayılıb görür ki, bayaq o biri dünyada durmadan danışanların hamısı yığılıb onun otağına, özlərinə qəhvə süzüb, televizora baxırlar. Çağrğılmayan qonaqları evdən qovmaq üçün mühəndis, balaca mətbəxində olan ikigözlü qaz pilitəsində qazı açır, pəncərələri bağlayır. Sonra qapını açarlayıb çölə çıxır.
Çölə çıxan mühəndis başa düşür ki, həyatı alına bilən və alına bilməyən şeylərlə bağlayanda tezliklə şüurdaxili krizis baş verir. “Həyat” özü bir mövcud olmadır, özü alınan, alınmış uğurlu mövcudluğun gedişatıdır. Gecənin sakitliyi gizlin, gözəgörünməz dodaqları ilə mühəndisin qulağına pıçıldayır: “yediyin xörəyin dadı, dayanacağa gec gələn avtobusla bağlı ola bilməz”.
Qarışıq fikirlərin içində dolaşan mühəndis, körpünün üzərinə gəlib çıxır. Körpü çayın üstündə salınmışdı, buna görə buralar daim sərin olurdu. Mühəndis on beş il öncə qardaşının toyuna getmək üçün aldığı boz rəngli pencəyin boğazlığını qaldırır, gözlərini yumub gecənin sərin havasını köksünə dartır. Gözlərini açır. Baxır ki, yanında yenə də o biri dünyanın sakinləri durub, onun kimi körpünün kənarlarına dirsəklənib, çaya baxırlar; evdə açıq qoyulmuş qazın köməyi olmamışdı. O biri dünyada səs-küylə danışan “çağrılmamış qonaqlar” bu dünyada çox sakit idilər. Mühəndis üzünü çevirib gedir.
Mühəndis özünə qəsd etdiyi günə qədər, o biri dünyanın sakinləri onu hər yerdə izləyir, tək qoymurdular – avtobusda, evdə, çöldə, səsvermə vaxtı, hətta tualetdə də. Görünür o biri dünyadan kimsə yaşlı mühəndisin qeydinə qalırmış. Lakin bir gün mühəndis tək qalır, qaz pilitəsinin gözlərindən qazı açır, rəngsiz qazı mənzilinə dəvət edir. Özü isə uzanır divanda. O biri dünyanın sakinləri gələndə artıq gec idi. Mühəndis özü də gələn qonaqların içində durub öz hərəkətsiz və cansız cismini kənardan izləyirdi.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.