Samir Salahov
Samir Salahov videomontaj, rəsm, qrafika və küçə sənəti kimi incəsənət sahələrində fəaliyyət göstərən bakılı hərtərəfli rəssamdır. O, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində memarlıq sənətinə yiyələnib, hal-hazırda rəsmlə birgə memarlıq fəaliyyəti sərgiləyir. Samir Azərbaycan, Gürcüstan və Rusiyada keçirilən sərgilərdə, həmçinin YARAT-ın və ARTIM-ın layihələrində iştirak edib, 2015-ci ildə isə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində prestijli Maraya İncəsənət Mərkəzində rezidensiya keçib. Rəssam Azərbaycan irsindən və Bakı şəhərindən ilhamlanır, yaradıcılıq vasitəsi ilə gündəlik həyatı və adi insanların sosial modellərini araştırır. Adətən onun işləri Azərbaycan mədəniyyətini ironik və yumoristik tərzdə, şəxsiyyətlərini təsvir etmək üçün Samirə xas olan güclü qrafik naxışlarda, çarpıcı rənglərdə və vurğulanmış xüsusiyyətlərdə əks olunan insan və heyvan şəkillərindən ibarətdir.
Bir çox qrup sərgilərində iştirak etmiş Samir 2016-cı ildə Bakıda yerləşən Müasir İncəsənət Mərkəzində “Dırnaq arası rəssam” adlı ambisiyalı solo sərgisini təqdim edir. Ümumi olaraq, sərgi pop-antropologiyanın və mədəniyyətlə özünəməxsusluğun konseptual araştırmanın imtizacıdır. Layihə Samirin, məşhur Abşeron incəsənət məktəbindən ilhamlanaraq yaratdığı uydurma rəssam həyatı və bununla birgə sözügedən rəssamın həyatı barədə bəhs etmək üçün lazım olan unikal tərzi ilə bağlı araştırmalarının və çıxışlarının kulminasiyasına çevrilir. Samirin uzunsov çeçələ barmağının dırnağı ilə çəkdiyi rəssam personajı, yüksək və buna əks olan mədəniyyət arasında maraqlı müqayisə aparan Azərbaycanın maço küçə dəbinə ənənəvi münasibəti əks etdirir. Uzun dırnaq haqda rəvayətləri araşdıran rəssam, nəticədə bu tərz haqda öz hekayəsini yaradır və ona atalar sözü və “The Long Nail Club” – rəssam personajının da üzv olduğu və uzun dırnaq ənənəsini həyatda saxlayan uydurma onlayn-qrup haqda fikirlərini əlavə edir. Bu sərgidə Samirin əsərləri və mədəni rəhn qismində çıxış edən uzun dırnaq haqda tarixi rəvayət nümayiş edilir, habelə özlərini qısa müddətlik bu abu-havanın bir hissəsi kimi alqılamaq üçün sərginin qonaqlarına açılış mərasimində çeçələ barmaqlarının dırnaqlarına əlavə süni dırnaq yapışdırmaq imkanı verilir.
Ssmoothest ləqəbi altında yaradan rəssamın əl işlərini “Barista & Chef” və “Le Chateau Music Bar”-da, şəhərin müxtəlif yerlərində divarlarda görmək olar. Formula 1 yarışları üçün bu mötəbər tədbirdə çıxış edəcək və Azərbaycan mədəniyyətindən təsirlənən bütün bolid sürücülərinin təsvirlərini əks etdirən divarüstü əsər yaratmaq tapşırığı alan Samirin əsərinə Park Bulvarda rast gəlmək olar. Bu yaxınlarda Qazaxstanın Astana şəhərində keçirilən Urban Fest Astana 2018 tədbiri çərçivəsində “Xəyallar preriyası” adlı 5 mərtəbə hündürlükdə divar yazısı yaratmağa dəvət olunub və artıq iyul ayında hazır olan əsəri Astanada seyr etmək olar. Həmçinin rəssam 2018-ci ildə onun qrafik təsvirlərini animasiya kimi nümayiş etdirən GayBat Films studiyasını təsis edir. Yeni multimedia vasitəsi ilə Samirin qəhrəmanları yaşadığı cəmiyyəti qınamaq üçün canlanır. Facebook və YouTube-da sərgilənən bu filmlər gender və mədəniyyət məsələlərinə yumor və ironiya ilə yanaşırlar. Onun bu animasiyalı əsərləri rəssamlıq bacarığının inkişaf etdiyinin bariz nümunəsi qismində çıxış edir və yaradıcılığında istifadə etdiyi insan və mövzularının araşdırılması üçün daha geniş platform təqdim edir. Bu isə, öz növbəsində, Samirin Azərbaycan yaşamını daha dərin şəkildə əks etdirəcəyinə ümid yaradır.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.