Günlərin biri günü naməlum təsadüf nəticəsində Nizami Gəncəvi və Ceyms Bond görüşür. Yaxınlıqda yerləşən çayxanaya keçib çay dəstgahı sifariş verirlər. Gətirilən çiyələk mürəbbəsini qaytarıb, Ceyms Bond şaftalı mürəbbəsi istəyir. Nizami xurma və ləpə gətirilməsini xahiş edir. Ceyms çaydan içib danışmağa başlayır:
-Sənə Şekspirdən salam var.
Nizami bir siqaret yandırıb, təəccüblə gözlərini qıyır:
-Mən pirlərlə oturub durmuram.
-O pir deyil. O Şekspirdi.
Nizami bir ayağını o biri ayağı üzərinə aşırdıb davam edir:
-Seks və piri bir araya gətirmək ancaq ingilislərin ağlına gələ bilər.
-Şekspir sənin bir materialından istifadə etmək istəyir.
-Qurbandı. Özün tanımasam da, atası yaxşı kişi olub. Belə də yadıma düşdü. Buruq saç, saqqalı gədədir, düzdü?
-Düzdür. Borcu nə qədər olacaq?
-Sən kimsən ümumiyyətlə?
-Bond… Ceyms Bond.
Nizami bir saqqalına sığal çəkdi, bir qarşısında oturana baxdı.
-Ceyms… Heç bilirsən ki, dolmanı kim ixtira edib?
-Yox.
-Heç bilirən ki, “Sarı gəlin” kimin mahnısıdır?
-Sarını bilirdim, gəlini yox.
-Ceyms, sən çox belə intelektualdan kənar subyektsən. Qayıt ölkənə, seks pirinə də de ki, bura gəlsə, onu adına görə sındıracaqlar, əgər mənə bir də sənin kimi biri ilə mesaj göndərsə, onun bığların qırxıb ayaqqabı fırçası düzəldəcəm. Özünə dönə-dönə çatdır ki, müqavilənin detallarını göndərəcəm, icazəsiz mənim materiallarıma donuz kəsən kafir əlləri ilə toxunmasın. Hesabı verərsən.
Cavabında Ceyms sadəcə gözlərini çəp edir və dil çıxarır. Bu sözləri deyib Nizami ayağa durur və çayxananı tərk edir. Cibindəki 50 qəpiyi verib Sumqayıta tərpənir.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.