Qəlb… Qorxunc illərin qış aylarında soyuq qəlblərlə rastlaşmaq müstəsna gözəllik hesab oluna bilər. Pantomima teatrının konsert zalında, qar örtmüş füsunkar heykəllərin əhatəsində tənhalıq əyləşərək, məğrur dolu boş baxışları ilə dost rəğbəti qazanmış cütlüklərin öpüşünü müşahidə edirdi. Bu baxışlarda yaranan izafi qısqanclıq teatr pərdələri arxasından müqəvva hissləri yayındırmaq üçün mükəmməl bir önlük idi. Qəriblik – dahilərin ən vəfalı rəfiqi və ehtiras dolu bu təbəqə nümayəndələrinin mənəvi yoxsulluğunun mədəni tələbatı…
Siluetsiz kölgələrin çılpaq tərəfləri onun baxışlarını həyəcanlandırmaqla yanaşı, eyni zamanda onu sevən qəlblərə damğalanacaq vida məktublarını da mövzu bolluğu ilə təmin edirdi. İşıqsız gecələrin zamini olan şamlardan və tutqun pəncərələrdən sabahlara zillənmiş etibarsız baxışlardan anlamaq olar ki, qonaqlar gecikəcək.
Tamaşa başladı və səhnədən tamaşaçıya ünvanlanan ilk sual: “Axı nə qədər özünü viran etmək olar?”. Pərgar dayaqlı ala qapılar – bəşərəriyyəti satın alan hisslər buna istinad edir? Piano ətrafına yığışan karlar, piano dillərində nizamı qoruyan döyüş heyətini düzməklə, mərasim iştirakçıları qismində olan, notlar üzərində közərməkdə olan siqaret kötüklərini canlandırır və sonda al-qırmızı rəngli aşınmış xalı rolunda, mahmızları parıldadan könülləri oynayırlar. Mükəmməl! Virtuoz bütün klavişləri tüpürcəkləməklə öz selikli partiturasını bitirəndə, son olaraq, misilsiz sevgi hissi bütün qəlbləri doldurur və aşırı nifrət dost çiyinlərinə söykənən əllər ilə əvəz olunur. Hamı sükuta qərq olur… Siz nə vaxtsa ölən şəxsin simasında lovğalıq görmüsünüz?
Susmuş dodaqlardan hörülmüş sarğılar mənim son həyəcan təbilim idi və o zaman vur-tut 9 ömrüm var idi…
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.