Dəhşət dənizinin dalğıcları

 Dəhşət dənizinin dalğıcları

Fritz J. Raddatz: İlk olaraq tarix anlayışınızdan danışmaq istər­dim. Yazdıqlarınız arasında sitat gətirəcəyim, bir-biriylə ziddiyyətli görünən bir çox fikirlər var: “Pislik tarixi olaraq dünya tarixi”,  “tarixə olan sevgim, fəlakətlərə olan aşiqliyimdən gəlir“ və ya “tarix, bir dəlilər tarixidir“. Eyni zamanda Süzan Sontaq sizin tarix anlayışınızı Nitsşenin fikirlərinə oxşadır. Nə düşünürsüz, o, haqlıdır?
Emil Cioran: Xeyr. Nitsşe ilə mənim aramda sadəcə xarakteristik bənzərlik var; o da, mən də gecə yata bilməyənlərdənik. Eyni cinayətin ortağıyıq. Amma mənim tarix anlayışım, bir az əvvəl sitat gətirdiyiniz düsturlarda var. Mənim mövqeyim, hisslərim budur.
F.J.R.: Nitsşeyə qayıdaq. Süzan Sontaq deyir ki, “Nitsşe tarixi səhv olduğu üçün rədd etmir, əksinə onu doğru olduğu üçün rədd etmək lazım olduğunu düşünür“. Sizin fikrinizin də bu olduğunu deyir Sontaq xanım. Amma görünür fərqli düşünürsünüz.
E.C.: Fərqlidir. Mənim mövqemin mənşəyində taleçilik fəlsəfəsi var. Əsas müdafiə etdiyim şey insanın gücsüzlüyüdür. İnsan tarixin yalnız obyektidir, subyekti deyil. Tarixə nifrət edirəm, xronologiyaya nifrət edirəm.

F.J.R.: Proqressi inkar edirsiniz?
E.C.: Proqressi, inkişafı inkar edirəm. Sizə bir lətifə danışacam. Burada, evimdən çox uzaq olmayan bir yerdə, inkişaf haqda ilk və ən yaxşı kitab yazıldı. Terror dövrü vaxtı Kondordat burada  saxlanmışdır və aydınlanmanın nəzəriyyəsi olan, inkişaf fikri­nin ilk açıq və qızğın nəzəriyyəsi olan “İnsan Zehninin təkamülü haqda Tarixi Bir Tablo Qaralaması”nı yazmışdır; 1794-cü ildə oldu bu. Axtarıldığını bili­rdi, ailə pansionatından çıxdı və Parisin bir kasıb məhəlləsinə sığındı. Oturduğu bir pivəxanada insanlar onu tanıyaraq xəbər verdilər – intihar etdi. Bu kitab optimizmin İncilidir.
F.J.R.: Bu bir lətifədir. Amma siz tənqidinizin nə olduğunu demədiniz. Bütün tarixi dövrlər ucdantutma inkar edilə bilərmi? Belə bir dövrün içindəki təkamül inkar edilə bilərmi?
E.C.: Bunu inkar edə bilmərəm. Amma mənim üçün hər qazanc eyni zamanda bir itkidir. Beləliklə də təkamül özünü ləğv edir. İnsan, hər irəli addım atışında nəsə itirir.
F.J.R.: Bir nümunə verərsinizmi?
E.C.: Elmi götürək; dərmanları, tibbi texnikaları, həyatı uzatma alətlərini. Belə deyə bilərəm: vaxtilə insanlar öz əcəlləri ilə ölürdülər; onların alın yazısı idi bu, baxıb görmədən ölürdülər. İndi dərmanlar sayəsində insan saxta bir həyat sürür, süni şəkildə uzadılmış bir həyat. Artıq öz alın yazısını yaşamır.
F.J.R.: Çoran, bayaq mənə radioskopik təhlilin nəticələrinin yaxşı çıxdığını deyərkən xoşbəxt və sakit bir halınız vardı. Bunu Rentgen kəşf etməli olub. Bu bir inkişaf deyil?
E.C.: Bəli, amma öz əcəlimlə ölsəm daha yaxşı olardı.
F.J.R.: Amma siz də ondan qaçırsınız.
E.C.: Düzdür, mən də hər kəs kimiyəm; bu dəlilik məndə də var. Başqa cür edə bilmirəm. Metroya da minirəm. O birilərinin etdiyi hər şeyi edirəm.
F.J.R.: Qınadığınız sivilizasiyadan siz də istifadə edirsiniz. Telefonunuz var, təyyarəyə minirsiniz.
E.C.: Bu gün düşünürəm ki, gəldiyim kiçik kənddə qalsam və orada hey­van otlatsam daha yaxşı olardı. Həyatla əlaqədar şeyləri orada da bur­daki qədər anlamış olardım. Orada həqiqətə daha yaxın olardım.
F.J.R.: Mədəniyyətinizin həqiqəti görməyinizə maneə törətdiyini düşünürsünüz?
E.C.: Heyvanlarla, sadə insanlarla, xüsusilə də çobanlarla bir yerdə yaşa­maq daha çox yaxşı olardı. Tamamilə primitiv yerlərə, məsələn İspaniyaya ya da İtaliyaya gedəndə və hamısında sadə insanlarla danışanda, həqiqətin bu insanlarda olduğu təəssüratına qapılıram.
F.J.R.: Bir marjinal kimi danışırsınız, “yaşıllar” kimi bir az da: Təbiətə dö­nüş filan…
E.C.: Əslinə qalsa mədəniyyət, sivilizasiya lazımlı şeylər deyil. Təbiəti və həyatı anlamaq üçün mədəni olmağa ehtiyacımız yoxdur. Bağışlayın, amma daha bir lətifə danışacam. Mən uşaq olanda qəbiristanlığın yaxınlığında bir bağçamız vardı, qəbirqazanla dost olmuşdum; mən kiçik bir uşaq idim, o da əlli yaşlarındaydı. Qəbirstanlığa yaxın yaşadığım bu ilk illərin üzərimdə təsiri olduğuna əminəm; qeyri-şüuri bir şəkildə. Ölümlə qurulan bu birbaşa əlaqə, mən fərqində olmasam da,  yəqin ki, mənə çox təsir edib.

F.J.R.: Bu fərdi fəlsəfədən bir fəlsəfə səsinə (filosofem) varıla bilərmi? Sizin yazılarınız haqda özümə verdiyim sual budur. Çox kiçik yaşdan bəri ölümün yaxınında yaşamısınız, lap yaxşı. Amma bu, “dünən, bu gün, sabah, xidmətçilərin istifadəsinə yönəlmiş qavramlardır,” ya da “var idim, varam, olacağam, bu qrammatikanın sahəsidir, yaranmanın deyil“ kimi fəlsəfi baxışları haqlı çıxararmı?
E.C.: Həyatdakı böyük sualların mədəniyyətlə heç bir əlaqəsi yoxdur. Sadə in­sanlarda çox vaxt bir filosofda tapılmayacaq dahiliklər var. Çünki çıxış nöqtəsi yaşanmış olandır, nəzəriyyə deyil. Bir heyvan belə bir filosofdan dərin ola bilər, yəni həyat haqqında daha dərin bir məna sahibi ola bilər demək istəyirəm.
F.J.R.: Əksini demirəm, amma ağlıma başqa bir şey gəlir: düşüncələ­rinizi ifadə edirsinizsə, başqalarına da bir növ yol göstərirsiniz, ifadə etdiyiniz bu düşüncələr ancaq sərf edilən sözlər deyil, bunları nümayiş edirsiniz. Nümayiş etmək onsuz da öyrətmək­dir. Bu səbəbdən insanları, tarixin bir fəlakət olduğunu, təkamül deyə bir şeyin olmadığını düşünməyə istiqamətləndirirsiniz. Bu kimi şeylər nə qədər səmimidir?
E.C.: Bunların həll olduğunu düşünmürəm.
F.J.R.: Nədənsə bəhs edən hər hansı bir yazarın düşüncəsinin bir parçası olan bəşəriliyə də inanmırsınız. Bu sizin üçün qavranılmaz bir şeydir?
E.C.: Xeyr, bu həqiqətən qavranıla bilməz. Hərdən tarixin axışı bi­raz dəyişdirilə bilər, amma dərinində, özündə, heç bir şey dəyişdirilə bilməz.
F.J.R.: İnsanın təbiəti dəyişməz və pisdir?
E.C.: Pis deyil: Lənətlənmişdir. İnsan pisdir – buna sevə-sevə inanıram – amma bu elə də önəmli bir detal deyil. İnsan alın yazısından xilas ola bilməz.
F.J.R.: İnsanı və tarixi bu qədər pessimist təqdim etdiyiniz üçün, istəyirəm bu sualı verim: yaxşı, nə üçün yazırsınız? Nə etmək üçün? Kim üçün?
E.C.: Bu sualı verməkdə haqlısınız. Dediyim şeyin bir nümunəsiyəm. Bir istisna deyiləm. Əksinə, ziddiyyətlərlə doluyam. Müdriklik qabiliyyətindən məhrumam, halbuki böyük bir müdriklik arzum var.
F.J.R.: Amma bir dəfə belə demişdiniz: “Müdrik olan adam, yaratmaz.” Müdrik ol­mamaq yaratmağın qaynağıdır?
E.C.: Tamamilə. Amma heç kim mənim kimi olmaq məcburiyyətində deyil.
F.J.R.: Heç kim sizi oxumamalıdır?
E.C.: Əgər oxusa, başına gələnlərə layiq olub. Əgər belə demək olarsa, bütün yazdıqlarım insan hallarıdır; ruhun ya da zehnin hallarıdır. Həmişə bunları özümü bir şeydən azad etmək üçün yazıram. Buna görə də yazdıqlarımı bir nəzəriyyə kimi görmürəm, öz istifadəmə yö­nəlmiş dərman kimi görürəm. Kitablarımdakı tərəfkeşlik, ancaq müəyyən bir halda olduğum zaman yaza bilməyimdən gəlir. Özümə vurmaq yerinə yazıram…
F.J.R.: … başları göyə sovurmaq yerinə.
E.C.: Bu sadəcə mənim üçün anlaşılmaz bir rahatlama tərzidir. Məncə əgər yazmasaydım, işlərim pis ola bilərdi.
F.J.R.: Bəli, amma yazmaq və yayımlamaq tam eyni şey deyil. Dərmanım yazmaqdır, deyirsiniz. Amma yaxşı, bəs niyə yayımlayırsınız? Yenə də digər insanlara təsir etmək üçün.
E.C.: Xeyr, yayımlamaq azad edir. Kiməsə yumruq vurmaq kimi rahatlaşdırıcıdır. Yazmış olduğunuz bir şeyi yayımladığınız vaxt, sizdən azaddır, artıq sizə aid deyil.
F.J.R.: Yazılarının aforizmə çox uyğun olması buna bağlıdır?
E.C.: Tamamilə, tamamilə doğrudur bu. Yazdığım bütün aforizmlər…
F.J.R.: Kiçik həblərdirmi?
E.C.: Çox yaxşı dediniz, öz-özümə əldə etdiyim və təsir edən həblərdir bunlar.
F.J.R.: Amma bu həblərlə başqalarını da zəhərləyirsiniz. Məsələn məni. Bir az bu haqda danışım. Müsahibəmizi hazırlamaq üçün alman dilində olan bütün yazılarınızı bir daha oxuyanda sanki ürəyimə damla-damla zəhər axırdı: bu məni gah əyləndirirdi, gah da narahat edirdi. Öz özümə, “düz deyir, axır-əvvəl heç bir şeyin mənası yoxdur,” deyirdim.
E.C.: Haqlısınız!
F.J.R.: Əlbəttə, təkcə kitablarınız üçün deyil, ümumiyyətlə deyirəm: dünya­da heç bir şeyin mənası yoxdur.
E.C.: Heç bir şeyin mənasının olmadığına həqiqətən inanıram.
F.J.R.: İçinizdə gizlənən kiçik bir terrorist var.
E.C.: Yox, həyatım boyu çox məktub almışam. İnsanlara bir azadlıq hissi gəlirdi. Bu kitabları yayımlayarkən qorxurdum, çünki zərər verəcəyimi düşünürdüm. Bunun tam tərsi oldu.
F.J.R.: Amma intihar etmişlər də indi sizə təşəkkür edəcək vəziyyətdə deyil…
E.C.: Yox, bu belə deyil.
F.J.R.: Amma əgər kimsə çıxıb – bənzər bir çox cümlənizdən birini sitat götürürəm – “maddənin zövqsüzlüyü” desə, ya da cinsi münasibəti “xırıltıların yoldaşlıq etdiyi gülünc bir gimnastika” deyə təsvir etsə, ya da “artıq üzüm qızarmamış ‘mən buyam’ deyə bilmirəm,” desə, başqalarına da sözün əsl mənasında bezginlik zəhərini yeritmiş olar. Əgər həqiqətən artıq üzünüz qızarmadan “mən buyam” deyə bilmirsinizsə, nə qədər kobud görünsə belə sizə bu sualı verməliyəm: elə isə niyə varsınız?
E.C.: Bu sözlər həqiqi bir ümidsizlik anında yazılıblar. Lakin onları elə də sevmirəm.
F.J.R.: Sözün mənası çox sürüşgəndir?
E.C.: Yazdığım hər şey ağlıma gecə gəlir. Gecənin xüsusiyyəti nədir? Hər şe­yin yaranması dayanır. Artıq yalnız siz, səssizlik və heçlik var. Qətiyyətlə heç bir şey düşünülməz, ancaq Tanrı kimi tək qalırsan. Və mömin olmamağıma baxmayaraq – bəlkə də heç bir şeyə inanmıram – bu mütləq təklik bir həmsöhbət istəyir. Ancaq gecəyarı tək həmsöhbətim Tanrıdır.
F.J.R.: Amma sizin dediyiniz Tanrı, dinlərin təsvir etdiyi Tanrı deyil.
E.C.: Xeyr, ən son ehtiyacdır. Ehtiyac duyduğumuz keçici bir həmsöhbət, sadəcə… Tanrı haqqındakı fikrim budur. Halbuki gecəyarısı bu və ya digər üsulun təhlükəli olub-olmadığını soruşmuruq. Çünki heç bir şey yoxdur. Nə gələ­cək, nə də sabahkı var. İnsanlara təsir etmək, onlar üzərində nüfuz qurmağı düşünmürsən; gecənin bir yarısı belə düşüncələrdən söhbət gedə bilməz. Vaxt anlayışı yoxdur, hər şey dayanıb. Qavrayış da zamanın əlindən xilas olur; tarixin əlindən xilas olur; tarixin bir ucundadır.
F.J.R.: Amma yenə də gündüz vaxtı yazmağa davam edirsiniz, elə deyilmi? Bəs o vaxt yazdığınız şeyləri oxuyursunuzmu?
E.C.: Bəli, amma ümumiyyətlə bu yazılar gecə yaranır. Həqiqətən də qəribə bir şeydir. “Dünyaya baxışım” deyil, tamamilə başqa bir yöndür bu: Yazarkən özümdən bunun bir təsiri olub olmadığını, təhlükə­li olub olmadığını soruşmuram; unikal bir dünyagörüşüm var. Yuxusuzluğun nə olduğunu bilirsiniz. Başqa bir insansınız, hətta bir insan belə deyilsiniz, bir varlıq belə deyilsiniz. Hər şey dayanıbdır və məna sözünün belə bir mənası yoxdur – həmin an bu sual soruşulmur.

Ancaq, “mən buyam” deməyin gecəyarısı belə mənası var, çünki gecə belə, təkliyin qaranlığı içində, “Tanrı ilə söhbətləşərkən” təbii olaraq nə olduğunuzu bilirsi­niz, fiziki olaraq mövcud olduğunuzu hiss edirsiniz. Əgər o anda da “artıq ü­züm qızarmadan ‘mən buyam’ deyə bilmirəm” deyirsinizsə, özünüzə nifrət edirsiniz.

F.J.R.: Sizdə özünüzə qarşı bir nifrət var?
E.C.: Əlbəttə. Yazdığım hər şeyə az, ya da çox, daim nifrət duyğusunun qarışdığı görünür. Bu nifrət duyğusunun hardan gəldiyini bilmirəm. Bir çox səbəbi ola bilər; bunun nəticələrinə dözməyi qəbul edə bilməmiş də ola bilərəm, mümkündür.
F.J.R.: İntihardan söhbət gedir?
E.C.: Bəli.
F.J.R.: Bir dəfə belə yazmışdınız: “Bütün kitablarım baş tutmamış intiharlardır.“
E.C.: Bəli.
F.J.R.: Amma kimsə intihar, nifrət və özündən iyrənmə sərhədinə bu qədər yaxın yaşayarsa, nə qədər pis də olsa bu sual verilməlidir: niyə Çoran özünü öldürmədi?
E.C.: Bunun cavabı “Syllogismes de L’Amertume” adlı kitabımda var – ilüntihar fikri olma­sa, özümü çoxdan öldürmüş olardım. Mövqeyimin açar anlayışı budur.
F.J.R.: Yəni həqiqəti, intiharın mümkünlük həqiqətini hesablamırsınız. Bunu düşündükcə də, bir həqiqət olaraq unudulur.
E.C.: Bəli. Söhbət də bundan gedir. Gəncliyimdən bu günə qədər, hər gün bu fikirlə, intihar fikriylə yaşadım. Böyüdükcə sıxlıq azaldı. Və əgər hələ həyatdayamsa, bu fikir sayəsindədir. Həyata ancaq bu fikir sayəsində dözə bildim, mənim dəstəyim idi: “Həyatın sənin əlindədir, istədiyin vaxt özünü öldürə bilər­sən“; bütün dəliliklərimə, bütün həddi aşmaqlarıma belə dözə bildim. Və yavaş-yavaş bu fikir bir xristian üçün Tanrı nədirsə,  mənim üçün də o hala gəldi. Bir dəstəyim – həyatda sabit bir nöqtəm var.
F.J.R.: Həyatdakı sabit nöqtəniz intihardır?
E.C.: Bəli, bütün ömrüm boyunca mənimlə dostluq etdi, həm də uğurlu şəkildə.
F.J.R.: Görünür…
E.C.: Tərsinə dindir, bir növ yolundan çıxmış dindir.
F.J.R.: Həmçinin bir rituallaşdırmadır. İndiyə qədər yazdığınız hər şey göstərir ki, düşünmə və yazma cəhdləriniz axır-əvvəl bir intihar ritualıdır.
E.C.: Bəli, bu çox doğrudur.
F.J.R.: İndi etirazım, ya da sualım budur, əgər həyat belədirsə, sizin əsərini­zin zəif nöqtəsinin də bu olduğu deyilə bilməzmi? Həqiqəti yazı yo­luyla aradan qaldırmağınız; eynilə yazaraq və düşünərək intihardan qaç­dığınız kimi, həqiqəti də yazı yoluyla, yazıyla rədd etməyiniz.
E.C.: Bunun sadə bir səbəbi var, o da təsirli biri olmamağımdır. Elə olsaydım,  intihar edərdim. Passiv biriyəm, müdaxilə etməkdən acizəm, eyni zamanda məsuliyyətsizəm də, hər növ məsuliyyət formasından qorxuram. Məsuliyyət fikri belə məni xəstə edir.
F.J.R.: Bəlkə də bunun üçün irrasionalizmin müdafiəçisinə çevrildiniz?
E.C.: İrrasionalizmin Almaniyada Fransadakından tam fərqli bir mənası var.
F.J.R.: Alman şairi Qotfrid Benni tanıyırsız?
E.C.: Benni dörd, ya da beş il əvvəl kəşf etmişəm. Amma mənim üzərimdə heç ­bir təsiri olmayıb, çünki lap əvvəldən bilmirdim onu.
F.J.R.: Amma ona çox yaxın görmürsünüzmü özünüzü?
E.C.: Bəlkə, qismən.
F.J.R.: Çox yaxındır. Sözlərinizin çoxu, “əslində bir daş olmaq istəyərdim“, “bir heyvan olsaydım“, “heyvanların yanında bit­li və şən qalsaq, nə olardı axı“- bunlar Bennin misraları kimi oxunur. Onun o məşhur “babalarımızın babaları ola biləydik kaş ki“ misrası, sizə məxsus  “bataqlıq­ların ilıqlığında bir gil yığını“nı xatırladır.
E.C.: Tamamilə haqlısınız.
F.J.R.: Benndən danışmağımın səbəbi mövzunun irrasionalizmə gəlməyidir – irratio. Qottfrid Benn də irrationun müdafiəçilərindən biri olub. İndi sizə Çorandan bir cümlə oxuyuram: “Onsuz da  yaradılmış olan ilk cənnətə büt kimi tapınılması, mürtəce düşüncə­nin, ya da belə demək mümkünsə mühafizəkar düşüncənin xüsusi əlamətidir.” Sabitliyə tapınması və tarixi inkar etməsi Benni faşizmin sahilinə apardı. Yaxşı bəs Çorandakı eyni cümlələr – bunlar da geriçiliyə aparmırmı?
E.C.: Vəziyyətə baxır. Amma bilirsinizmi, mənim üçün mənbə kimi, “qədim dünya tarixi” ya da “qeyri-tarixi” kimi anlayışlar başqa bir məna daşıyır. Geriçilik? Bəlkə də. Amma məncə, fikrimi siyasi yox, fəlsəfi yozsanız daha yaxşı olar.
F.J.R.: Amma tarix, içində yaşadığımız bir prosesdir, siz bu fikri rədd etsəniz be­lə! Stalin tarixdir, Hitler tarixdir. Yenə Çorandan bir cümlə oxuyu­ram: “Barbarlıq həsrəti hər sivilizasiyanın son sözüdür.” Sizdə də bu barbarlıq həsrətindən bir parça var. O ilk palçığın həsrətindən bir parça. Stalaqmitlərin və mağaraların…
E.C.: Tamamilə doğrudur, buna etiraz etmirəm. Özümü siyasətdən üstün göstərmirəm, burada haqlısınız. Amma daha çox dərin, siya­sətdən uzaqda, təbiətimdə var bu; gəncliyimdən bəri bu yadlaşdırma meyli, “yox!” demə meyli, yox deməkdən zövq alışı var məndə.
F.J.R.: Şüurunuz təkcə yadlaşdırma ilə özünü ifadə edir?
E.C.: Çox dərinlərdə, bəli.
F.J.R.: Lakin mütləq “xeyr”, asanca, saxta bir “bəli”yə də çevrilə bilər.
E.C.: Ola bilər.
F.J.R.: Gəncliyinizdə rumın faşizminə yaxın olduğunuz düzdür?
E.C.: Bəli. Amma məni maraqlandıran fikirləri deyildi, daha çox coşğusu idi. Onlarla mənim aramda bir növ bağ qururdu. Əslində iyrənc bir hekayədir. Çünki mədəniyyət və qavrayış etibarilə onlar­dan tamamilə fərqliydim.
F.J.R.: Çox əhəmiyyətli və son bir nöqtə: yadlaşma, yazı yoluyla həqiqətin qovulması, qatı bir irrasionalizm meyli və nəhayət bu qorxunc fikirlər… Burada məntiqi bir davamlılıq varmı?
E.C.: Heç yoxdur, çünki eyni zamanda bir keşiş uşağı olan mən, Buxarestdəki “Dünya Yəhudilər Konqresi”nin bütün iclaslarına qatıldım; tək yə­hudi olmayan mən idim. Və orada ovsunlandım. Bu da təbiətimin digər üzüdür.
F.J.R.: “Aydınlanmaçı“lara qarşısınız?
E.C.: “Aydınlanma dövrü”nü Fransada illər boyu araşdırmışam, məni cəlb edirdi. Məncə belə demək lazımdır – məndən üstün olan hər şey məni daim ovsunlayıb. Məsələn, Marksizm məni heç bir zaman çəkməyib. Çünki çox sistematikdir, çox ciddi, qatı və doqmatikdir və fərdiyyətçi deyil. Marksizmdə fantaziya yoxdur, nəzəri fantaziya yoxdur.
F.J.R.: Yaxşı, faşizm, ya da nasizm sizdə eyni ovsunlayıcı təsir yaratdı?
E.C.: Xeyr. Məni maraqlandıran almanlardır, nasistlər deyil. Həmçinin ta­rix bir dəyərlər sistemi deyil. Mənim baxış bucağım heç vaxt siyasi olmayıb. Estetik olub. Bayaq fantaziyadan danışdım. Mənim düşüncəm budur, almanlarınkı isə bu deyil. Almanlarda qanun dəliliyi var, şübhələnmək məsələsində elə də uğurlu deyillər. Bu fəlakəti buna görə yaşayıblar. Nüanslardan heç nə anlamırlar, tragediyaları da budur. Mən çox şeyi, istər soldan olun, istər sağdan, sizin qədər ciddiyə almıram.
F.J.R.: Amma tam estetik tutumun da təbii ki, sərhədləri var. Bu oyu­nun sərhədləri var. Amma bir şey demək istəyirəm: daim “yox” demək bir boşluq yaratmazmı? Bir beyin boşlu­ğu, boşluğun təbiətinə uyğun olaraq, ani və pis bir şəkildə doldurula­ biləcək bir əxlaqi boşluq yaratmazmı? Daim “özümü yox deyərək tərifləyirəm“, “şüurum yox deməkdən doğulur” deyən adam, pis bir “bəli” içində qalıb yolunu azma təhlükəsiylə qarşı-qarşıya qalar.
E.C.: Xeyr, çünki həqiqətən heç vaxt, heç bir şeyə inanmadım. Etdiyiniz səhv budur. Nə olursa olsun, heç bir şeyə əsla, səmimi inanma­dım. Bu çox vacib nüansdır. Ciddi qəbul etmiş olduğum heç bir şey yoxdur. Tək cid­diyə aldığım isə dünya ilə olan müharibəmdir. Qalanı mənim üçün bir bəhanədir.
F.J.R.: Yaxşı, bəs niyə dünya ilə bu qarşıdurmadasınız?
E.C.: Çox sadə cavabı var; yaranışdakı narahatlıq. Əsas fakt budur. Məsuliyyət duymağa gəldikdə isə bunu ancaq gündəlik həyatda hiss edirəm – in­sanlara qarşı humanist bir davranışım var – amma yazanda yox; o za­man insan mənim üçün sanki düşünülə bilməz bir şey olur. Onda da bir cümlənin, bir aforizmin ola biləcək nəticələrini dərd etmirəm; hər növ əxlaq kateqoriyasında özümü azad hiss edirəm. İn­san da daxil olmaqla, bütün varlıqlar barədə ağır bir əzab hiss edirəm və onu həsrətlə axtaraq deyə, ortadan yox olması vaxtının gəlib-keçdiyini düşünürəm. Məni səhv anlamağınızın səbəbi sizin gələcəyə, ümumi bir şəkildə mümkünlüyə inanma­ğınızdandır. Mənim isə bildiyim tək bir şey var: hamımız həyatdayıq və sonsuz yanlış anlaşılmalarla bir-birimizə iztirab veririk.
F.J.R.: Həyatınızda, bəzən sizi cinayətdən ayıran sərhədi belə aşa bilmə  hissinə qapıldınızmı?
E.C.: Əgər şeytan, ya da Tanrı olsaydım, məncə insanlığın sonunu indiyəcən gətirmiş olardım. Buna demək olar ki, əminəm. Amma gündə­lik həyatda mərhəmət doluyam. Ömrüm boyu bir çox insana mənəvi dəstək vermişəm; müharibə vaxtı da bir çox insan Parisdəki mənzilimə sığınıb. Amma mücərrəd baxımdan bir iblis ola bilərdim. Əgər əlimdə dünyanı məhv et­mə imkanı olsaydı, edərdim.
F.J.R.: Bəs insanlar bəlkə həyatı sevirlər? Elə isə siz onların hamısını yox edəcəksiniz? İndiki dövrdə bu mümkün bir şeydir, tək bir bomba atmaq bəs edərdi. Cənab Çoran bombasını Moskvaya yollayardı, ruslar cavab atəşi açardı və iki dəqiqədə dünya çökərdi; iblisin işini görərdi.
E.C.: Bunu iblis olaraq edə bilərdim, amma fərd olaraq deyil.
F.J.R.: Dərin sularda üzürük. Bu dediyiniz çox qorxuncdur. Siz “həyata nifrət edirəm,” ya da “həyat bir saxtakarlıqdır” kimi şeylər his­s edirsiniz deyə bütün insanların ölməyi lazım gələcək. Hansı haqqla…
E.C.: Hərdən bu hissə qapılıram. Əgər hər şeyi yox etmə im­kanım olsaydı, edərdim. Hamının hiss edə biləcəyi, daxili bir şeydir.
F.J.R.: Hamı? Həqiqətən? Məncə bunu az sayda insan hiss edər.
E.C.: Vəziyyət zənn etdiyinizdən də pisdir. İnsanlar dərinlərində bu və ya digər formada potensial canilərdir. Yüz faiz!
F.J.R.: Bu tezislərinizi daha əvvəl Fransadakı başqa yazıçılarla müzakirə etdinizmi?
E.C.: Yox, heç müzakirə etməmişəm. Fransada müsahibə vermirəm.
F.J.R.: Müsahibədən deyil müzakirədən danışıram. Parisdə kimlərlə, hansı yazıçılarla əlaqədəsiniz?
E.C.: Mişo ilə bir-birimizə çox bağlıydıq. Beket də yaxın dostlarımdandır.
F.J.R.: Beket ilə aranızda anlaşılmazlıq çıxmırmı?
E.C.: Çıxmır. Amma Beket bu qədər ümumi mövzularda danışmaq istəməz; ondan yalnız konkret suallar soruşmaq olur.
F.J.R.: Parisdəki ədəbi həyata az qatılırsınız?
E.C.: Çox az.
F.J.R.: Bəs Sartr və Kamyu?
E.C.: Müharibənin son ilində, 1944-cü ildə, hər səhər 8-də dövlət işçisi kimi kimi Sen Jermen de Pğedəki “Flora“ kafesinə gedirdim. Səkkizdən günortaya qədər, sonra ikidən səkkizə, sonra da doqquzdan on birə. Çox vaxt Sartr da orada, mənə çox uzaq olmayan bir yerdə otururdu. Amma o aralar heç tanınmayan biriydim.
F.J.R.: Amma 1944-cü ildə Sartr da tanınmırdı, elə deyil?
E.C.: Yox, o hələ o vaxtdan tanınırdı, amma təbii ki, daha sonra olacağı qədər məşhur deyildi. Heç söhbətləşməmişik, onu bu qədər tanı­yırdım. Kamyunu isə təkcə bir dəfə gördüm və xoşuma gəlmədi. İlk kitabım “Çürümə”nin təqdimatı zamanı mənə çox ağır bir şey dedi: “Artıq həqiqətən intellektual şeylərdən danışmalısınız”. Bunu təhqir kimi qəbul etdim. Kamyuda bir kəndli mədəniyyəti vardı, ancaq fransız ədəbiyyatını bilirdi. Bəlkə “Çürümə” yaxşı bir kitab deyil, amma yenə də müəyyən bir səviyyəsi var. Hələ mənə sanki bir tələbəyəm kimi müraciət etməsi… Onu daha sonra heç görmədim.
F.J.R.: Selini tanıyırdınız?
E.C.: Xeyr. Mən Selan ilə yaxın idim.
F.J.R.: Yaxşı, bəs Parisdəki başqa bir rumın olan Lunesku?
E.C.: Onu çox yaxşı tanıyıram.
F.J.R.: Görüşəndə rumınlarla fransızca danışırsınız?
E.C.: Fransızca. Artıq heç kimlə rumınca danışmıram. İstəmirəm.
F.J.R.: Amma istəsəniz danışa bilərsiniz deyilmi?
E.C.: Problemsiz, əlbəttə. Amma rumın dili mənim üçün çox təhlükəlidir, çün­kü ana dilim odur. Bir cazibədarlığı var və yaşla birlikdə yenidən meydana çıxır. Qorxudur bu məni. Yuxularımı fransızca görürəm, amma, əgər gələcəkdə rumınca yuxu görməyə başlasam, fransızca yazarlığım bitər.
F.J.R.: Fransızca yazdığınız ilk kitabınızın üstündə nə qədər işlədiniz?
E.C.: Çox yox, amma gecəli-gündüzlü 3 il davam etdi.
F.J.R.: Dil dəyişiləndə nə itirilir?
E.C.: Qanı çəkilmiş bir nəsrlə yazıram, birbaşa dil deyil bu. Bir roman, ya da yaşanmış bir hadisəni əsla yaza bilməzdim. Fransız dilinin mə­nim xoşuma gəlməsi də hüquqçulara və məntiqçilərə görə bir dil olmağına görədir. Məni çəkən bu dilin mücərrəd tərəfi oldu; bundan istifadə edə bilirəm. Amma məsələn, bu axşamüstünü təsvir edə bilməzdim,  mümkünatsız olardı. Mən yalnız nəticələri ifadə edə bilirəm. Aforizmlərim əsl aforizmlər deyil, hər biri bütün bir səhifənin nəticəsidir; kiçik bir epileptik böhranın son nöqtəsi…
F.J.R.: Əvvəlindəki yazılan hər şeyi atırsınızmı?
E.C.: Hamısını atıram və yalnız nəticəni verirəm; məhkəmədəki kimi, sonunda ancaq hökm olur: edam! Düşüncənin axdığı yol olmadan, yalnız nəticə! Mənim üsulum, düsturum budur. Fransız əxlaqçıları ilə müqayisə edilmiş olmağım bundandır; heç səbəbsiz də deyil, çünki yalnız nəticə önəmlidir.
F.J.R.: Bu da sizə hücum edilməsinə gətirib çıxarır.
E.C.: Əlbəttə. Təkcə zəhəri verirəm, haradan çıxardığımı göstərmirəm.
F.J.R.: Söhbətimizin çevrəsi daralır. Sizin kimi bir insan necə yaşayır? Necə sevə bilər, əylənə bilər, kinoya gedə bilər, yeyib içə bilər?
E.C.: Sizə cavab verim – həmişəki adi düşüncələr var, bir də ancaq şimşək kimi çaxaraq gələn düşüncələr var. Dedim də, mənim adi duyduğum hiss, əzab budur – başqalarının bədbəxtliyinə çox həssasam. Amma cavanlığımda böyüklük dəliliyinə qapılmışdım.
F.J.R.: Bundan bir şeylər qalıb? Çoran hələ də böyüklük dəliliyinə qapılır?
E.C.: Yalnız hərdən bir çaxan şimşəklər halında.
F.J.R.: Kəskinliklərindən heç bir şeyi itirməyiblər, görünür…
E.C.: Amma intensivlikləri azalıb. Can əzabları artdı, o dibsiz əzab… Bir keşiş xanımı olan anam, heç vaxt unuda bilməyəcəyim bu sözü demişdi mənə: “Bu əzabları çəkəcəyini bilsəydim, səni abort etdirərdim.” Və bu mənə çox yaxşı gəlmişdi.
F.J.R.: Sizə yaxşı gəlmişdi?
E.C.: Öz-özümə, “bir təsadüfün məhsulusan, heç bir şey deyilsən” de­mişdim.
F.J.R.: Hansı uşağa anası “kaş ki, səni dünyaya gətirməsəydim” desə, donub qalardı, pis hiss edərdi, siz isə “mənə yaxşı hiss etdirdi” deyirsiniz?
E.C.: Bir təsadüfün məhsulu olduğum, heç bir şey olmadığım yolundakı fikri­mi təsdiq edirdi. Əsl bir yazar kimi əsərlər verə bilməməyim də bun­dandır. Sanki hər şeyi anlamışam kimi yaşamağıma və yazmağıma mane olmadı. Belə də bitirəcəyəm. Böyük filosoflar da daxil olmaqla, digərləri mənə az, ya da çox məhdud, uşaqcıl, safdil, dahiliklərinin qurbanı və əsiri kimi gəlirdilər. Cəmiyyəti sevməyimə baxmayaraq, özümü daim tək hiss etmişəm; özümə alçaldıcı baxmaq və özümə heyran ol­maq arasında qalmışam. Həqiqətən yaxşı yola getdiyim insanlar nəsə yazmadılar. Bəxtləri, ya da bəxtsizlikləri, yazar olmamaqları idi. Əlavə başqa bir şey vardı onlarda – qorxu ustaları idilər. Onlardan biri ilahiyyat oxumuşdu və keşiş olacaqdı, amma olmadı. Əlli il əvvəl onunla Transilvaniyadakı Kronştadtda gecə boyu davam edən, o baş döndərən söhbətimizi heç vaxt unutmayacağam, heç vaxt! Bu söhbətdən sonra yaşamaq da, ölmək də mənə eyni dərəcədə lazımsız şeylər kimi gəlirdilər. Əgər içimizdə həll olunmazlıq ehtirası yoxdursa, yadlaşmanın gətirə biləcəyi amansız bəsirətin artıqlıqlarını təxəyyül edə bilmərik…

Emil Michel Cioran (1911-1995)
Rumın yazar və filosof

Fritz J. Raddatz (1931-2015) — alman felyetonçu, bioqrafçı və yazar

Foto: Karin Székessy

İlk çap olunan yer: Die Zeit – 4 Aprel 1986 / 15-ci sayı
Əsl başlıq : Tiefseetaucher des Schreckens

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir