İranda və sürgündə olan azərbaycanlı interseksionalist feministlərin “Dağlıq Qarabağda Davamlı Sülh Çağırışı” haqqında bəyanatı
Azərbaycanın müasir tarixi təzyiqlər, despotizm və xalqının azadlıq və demokratiya uğrunda verdiyi mübarizələr ilə doludur. Sovet İttifaqının dağılmasından sonra, Azərbaycan xalqı bir daha öz müqəddəratını təyin etmə fürsəti tapsa da, bu ölkə iki yüz illik Rusiya müstəmləkəçiliyinin nəticələri, çevriliş, daxili despotizm və 1988-ci ildə Ermənistan hakimiyyətinin hücuma başlaması ilə Xocalı soyqırımı, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon (Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan) olmaq üzrə münbit torpaqların 20 faizinin işğalı, etnik təmizlik və bir milyon azərbaycanlının didərginliyi ilə də qarşı-qarşıya qaldı. Bu işğalın otuz ildir davam etməsi və Birləşmiş Millətlər Təşkilatının qərarlarına baxmayaraq beynəlxalq ictimaiyyətin susqunluğu, siyasətin hələ də müharibə diskursunun xidmətində olduğunu göstərməkdədir.
Amerikan universitetlərinin professorları və yazıçılarının (Gayatri Chakravorty Spivak, Noam Chomsky, Cornel West, Tariq Ali, Judith Herman, Seyla Benhabib və Viken Berberian) 16 Oktyabr 2020 tarixində yayımlanan “Dağlıq Qarabağ’da Davamlı Sülh Çağırışı” başlıqlı bəyanatı, elmin məzlumların səsini kəsmək, işğal həqiqətini gizlətmək, Qafqaz və Yaxın Şərqin gərgin coğrafiyasında regional güclərin və dünya iqtisadiyyatının qeyri-bərabər münasibətlərini və siyasi-iqtisadi hegemonluğunu gücləndirmək üçün bir alət ola biləcəyini bir daha xatırlatdı. Bildiyimiz kimi, zalım və qurban, feminizm epistemologiyasında keçmiş yerini itirmiş və güc qavramı münasibətlər və qarmaşıqlıqla dolaşmış vəziyyətdədir. Postkolonial tədqiqatlarda məlumat yaradılışında iqtidar münasibətlərinin rolu vurğulansa da, tənqidi məlumatın yaradılışı və yayılmasında danılmaz rola sahib olan fərdlər tərəfindən belə qərəzli bir açıqlamanın yayımlanması bizi təəccübləndirdi. Bu bəyanatın beynəlxalq çağırışının düşündürücü nöqtəsi, sülhpərvərlik maskası altında və tək ölçülü bir yanaşma ilə Qərb akademiyasının özündənrazılıq anlayışını bütün dünyaya dirətməsidir. Qarabağda 30 il davam nə müharibə nə də sülh vəziyyətinin yaşanmasının şübhəsiz ki tək bir fərdin və ya ikinci bir ölkənin siyasətindən daha mürəkkəb səbəbləri var. Bu bəyanatın reduksiyaçı baxışı, içində gizli olan təlaş və Türkofobikliyi əslində dünyanı yaxşılaşdıracağını ümid etdiyimiz elmin çərçivəsini sorğulamaqdadır.
Müharibədən qaçınmaq insan haqlarını pozmaq, mövcud həqiqətləri görməzdən gəlmək, tarixi keçmişə və mövcud qlobal və regional geosiyasi şərtlərə baxmadan tək bir resept yazmaq mənasına gəlirsə regionda həll olunmamış sonrakı müharibələrin atəşini alovlandıracaqdır. Zorakılıq, müharibə və silah patriarxal sistemin davamı üçün vacibdir; o, elə bir sistemdir ki, başqa təhəkküm və ayrıseçkilik sistemləri ilə qarşılıqlı münasibətdə olaraq qadınları yox sayıb, onların özünə hörmətini, bərabər insani haqlarını sual altında qoyur və şübhəsiz ki regiondakı hər cürə laqeydlik qadınların azadlığını gecikdirməkdədir.
Bəyanatın 1993-cü ildə Qarabağ haqqında olan 822, 853, 874, 884 saylı BMT qətnamələrinə toxunmadan və Azərbaycanın Gəncə şəhərindəki yaşayış məntəqələrinin bombalanması və aralarında qadınların və uşaqların da olduğu onlarla mülki vətəndaşın öldürülməsi gözardı edilərək yazılması insani vicdanın susdurulmuş olduğunun göstəricisidir. Bundan əlavə zorakılıq diskursunun yenidən yaradılmasının yolunu açmaqda və Qərb akademik cəmiyyətində, hətta postkolonial və feminist akademiklər arasında belə hələ də davam edən “əzilən danışa bilməz” anlayışını bir daha təsdiqləməkdədir.
Biz azərbaycanlı interseksionalist feministlər olaraq hər cür işğal, zorakılıq, militarizm və iç despotizmə qarşı olduğumuzu bildirərək adı keçən bəyanata qarşı etiraz və dərin təəssüfümüzü ifadə edirik. Bundan əlavə, biz, Azərbaycan torpaqlarındakı bütün azlıq qruplarının hüquqlarının təhlükəsizliyinə qarantiya verən, insan hüquqlarına əsaslanmış demokratik sistemin vacibliyini vurğulamaq istəyirik. Biz müharibəni qınayırıq və sülhün təşkil edilməsi üçün Birləşmiş Millətlər qərarlarının Ermənistan hökuməti tərəfindən həyata keçirilməsini və işğala son verilməsini tələb edirik.
22 Oktyabr 2020
- Azam Ahmadi, Politologiya üzrə Fəlsəfə Doktoru, Zəncan
- Elnaz Sardarnia, Türk Folkloru üzrə Fəlsəfə Doktoru, Təbriz
- Faeze Bahadori, Şair, Yazıçı, Mərənd
- Faranak Farid, Şair, Yazıçı, Feminist Aktivist,Təbriz
- Fatemeh Dehghan, Beynəlxalq Əlaqələr üzrə Fəlsəfə Doktoru, Salmas
- Fatemeh Nasirpour, İnformasiya Texnologiyaları üzrə magistr, Mərənd
- Giti Adalati, Sosiologiya və Sosial Fəlsəfə üzrə Fəlsəfə Doktoru, Hamburq
- Hajar Kabiri, Sosiologiya üzrə Fəlsəfə Doktoru, Xoy
- Jale Javanshir, Antropologiya üzrə magistr tələbəsi, Ərdəbil
- Lale Javanshir, Türkologiya üzrə Fəlsəfə Doktoru, Toronto
- Mahdieh Ahani, Ban jurnalının redaktoru, Təbriz
- Maryam Gholizadeh, Ərazi Tədqiqatları üzrə Fəlsəfə Doktoru, Təbriz
- Mina Ajalli, Xalça dizayneri, Miyanə
- Nigar Khiavi, Şair, Yazıçı, Tərcüməçi, Meşginşəhr/Xiyav
- Rahimeh Mohammadfard, Şair, Yazıçı, Təbriz
- Robabeh Taghizadezonouz, Linqvistika üzrə üzrə Fəlsəfə Doktoru, Zonuz
- Roghayyeh Ebrahim Zadeh, Musiqiçi və Qadın Dağçılıq komandasının rəhbəri, Təbriz
- Roghayyeh Kabiri, Yazıçı, Xoy
- Sabour Kabiri, Sosiologiya üzrə Fəlsəfə Doktoru, Xoy
- Sahar Javanshir, Film və kino elmləri üzrə magistr, Ərdəbil
- Sevda Alimadadnezhad, İnformatika və Kommunikasiya Mühəndisliyi magistr tələbəsi, Təbriz
- Sevil Suleymani, Sosiologiya üzrə Fəlsəfə Doktoru, Feminist aktivist, Vaşinqton
- Soudabeh Taghizadehzonouz, Sosiologiya üzrə Fəlsəfə Doktoru, Zonuz
- Torkaman Tamadoni Gamchi, İnformasiya Texnologiyaları üzrə biznes analisti, Feminist aktivist, Virciniya