Ölüm fısıltısı
Mənim də bir ürəyim var, amma o mərhəmət və sevgidən uzaq olmalıdır, yoxsa vəzifəmi layiqincə yerinə yetirə bilmərəm. Min illərdir ki, nə mərhəmət, nə də sevgi duymasam da, onları görəndə ürəyimdə hiss etdiklərimə başqa ad qoya bilmədim. Qarşımdakı mənzərə ürəyimin dərinliklərindəki bir şeyə toxunmuş və məni kövrəltmişdir. Udqunaraq boğazımda əmələ gələn düyümü udmağa çalışdım, amma keçən dəqiqələr onu daha da şişirdirdi. Mənim üçün yeni olan bu hissi, bir o qədər yeni olan heyrətlə izləyirdim. “Mənə nə olur? Nə etməliyəm?” fikirləşdim o dəqiqə. Ətrafda, hətta dünyada, milyonlarla insan ölümünü gözləyirdi, amma mən dayanıb qarşımdakı qadına baxmaqdan özümü saxlaya bilmirdim. Qara qanadlarımı yığdım, orağımı və kapüşonumu endirib qadına tərəf addımladım.
Qadının mavi gözləri məni görən kimi bərəldi. Qurumuş və çatlamış dodaqları bir-birindən aralanarkən inanılmaz bir güclə qucağındakı körpəsini sıxıb qorumağa çalışdı. Yaxınlıqda daha bir bomba partladı, sonra daha biri və daha biri… O an indiyə qədər etdiyim ən axmaq hərəkətlərdən birini edərək qanadlarımı açıb onları qəlpələrdən və dağılan binaların daş-qalağından qorudum. Əvvəlcə bu qadını qorxutsa da, sonra əsas məqsədimi anlayıb qollarını boşaltdı. Sonrakı hər addımımda qadının solğun üzünə titrək bir gülümsəmə yayılırdı. Gülməyə belə taqəti qalmamışdı, onu bu cür əzab çəkərək saxlamağın günah olduğunu bilsəm də, bunu edə bilmirdim. Dağıntıların altındakı qan gölməçəsinin iyini ala bilirdim – ölümün iyini.
Aramızda bir addımlıq məsafə qalana qədər irəliləyib qarşısında çöməldim.
“Sən mələksən” dedi qadın. Səsində sevinc hiss olunurdu. Danışarkən üzümə yox, görə bildiyi qədər hər yanıma baxmağa çalışırdı.
Heçnə demədim, deyə də bilməzdim, amma çox çətin idi. Gözüm qucağındakı süd əmən körpəyə ilişib qalmışdı. Ətrafda müharibə gedirdi, hər tərəfdən qara dumanlar yüksəlir, mərmilər partlayır, insanlar can üçün çəkişir, alovlar əlinə keçəni bürüyüb ardında qara bir küllük buraxırdı, amma o, hər şeydən xəbərsiz anasının döşünü əmirdi.
“Onu qoru” – qadının səsi məni yuxudan ayıltmış kimi oldu. “Öldürmə” deyib uşağı qaldırmağa çalışdı. Uşaq döşdən ayrıldığını hiss edib etirazla mırıldandı. O an ana əllərini geri çəkdi. Bu, qollarının gücsüzlüyündən də ola bilərdi, körpənin etirazından da. Ya da mənim bunu etməyəcəyimi anlamışdı ana. Bunu edə bilməzdim. Kimin ölməli, kimin isə qalmalı olduğunu həmişə hiss edirdim və bu gün onlar ikisi də ölməli idi. Lakin körpənin məsum, ananın isə yalvaran baxışları məni ləngidirdi. Mənə nə olmuşdu belə? İnsanlar arasında çox qala-qala insanlaşırdım, ya bu Tanrının istəyi idi? “Yalvarıram. Hələ… onun… vaxtı deyil”.
Ayağa qalxdım, orağımı qaldırdım və ananı həyatla bağlayan incə telləri kəsib ruhunu azad etdim. Daha çox gözləsəydim, onun dediyinin olacağını bilirdim, ona görə də susdurdum onu. Amma ölümündən sonra belə üzündəki ifadə danışırdı: “yalvarıram!“.
Körpə ilk dəfə mənə baxdı. Hələ də anasının cansız döşündən süd əmirdi. Tanrı ona anasının mavi gözlərini bəxş etmişdi və mən bu gözlərdə sadəcə məsumluq görürdüm. Nə bir istək, nə bir tələb.
Dərin bir nəfəs alıb boğazımdaki qəhəri yox etməyə calışdım. Min illər sonra ilk dəfə gözümdən bir damla yaş süzülüb yerə düşdü. Orağımı kənara qoyub ona tərəf əyildim və körpəni qucağıma alıb o dəqiqə qanadlandım. Fikrimi dəyişməmiş, ona da ölümü bəxş etməmiş, körpəyə həyat bəxş etməyə qərar verdim.
Səhv etdiyimi bilirdim.
***
Müharibə başlayanda, vaxtsız ölümləri bəxş etmək üçün, hələki təmiz görünən mavi səmaya doğru qanadlandım. İşimin çox olacağını və bir çox insanın ölümünün yaxınlaşdığını hiss edirdim. Sərhədlər qaşınır, yerini dəyişmək istəyirdi. İnsanoğlunun nəfsi əsrlər boyu torpaqları bölə bilməmiş və bilməyəcəkdi. Minlərlə gənc həddi buluğa çatmış, əsgər olmalı vaxtı – “ölüm vaxtı“ yetişmişdi.
Müharibə vaxtı özümü həmişə məhsul biçən əkinçilər kimi hiss edirəm. Orağımı əlimə alır, meydana düşür və yetişmiş məhsulları biçməyə başlayıram.
O gün də eyni şeyi etmək üçün döyüş meydanında idim. Az əvvəl yağış damlaları kimi yağmış mərmilər minlərlə məhsul yetişdirmişdi. İndidən çox yorulmuşdum və anlımda xırda tər damcıları yaranmışdı. Ətrafda isə hələ nə qədər uğunan vardı. Artıq bu işi o qədər görmüşdüm ki, özümü bunda bir rolum varmış kimi, bunun bir parçasıyammış kimi hiss edirdim.
Elə o an onu gördüm. Onu burda, belə görəcəyimi ağlıma gətirməzdim, amma burdaydı və mənə baxırdı. O mavi gözləri – mənim xilas etdiyim mavi gözləri – necə unuda bilərdim ki? Yaşlanmışdı, üzünə sərt qırışlar düşmüş, saçları ağarmışdı. Çiynində bir cüt qızılı general ulduzları parıldayırdı – burada olanların burada olmağına səbəb olan ulduzlar…
Mən nə etmişdim? Kimin yaşamağına imkan vermişdim?
Eynilə, illər əvvəl olduğu kimi yavaş addımlarla ona yaxınlaşdım. Məni görən kimi çapaladı, amma bu ona daha çox ağrı verdiyi üçün tənginəfəs dayanıb əlini qabırğasının altındakı yarasına sıxdı.
“Sən həqiqət deyilsən” dedi, qorxu dolu bir səslə.
Bir anlıq sakitlik oldu. İçimdə təəssüf hiss edirdim və o körpə ilə bu adam arasındakı əlaqəni anlamağa çalışırdım. Bu necə ola bilərdi? Onun gözlərində məsumluq vardı, amma bu gözlərdə qəzəb və qorxudan başqa heç nə qalmamışdı. O gözlər də, bu gözlər də yaşamaq üçün can atırdı, amma indi başqa, əvvəl başqa şeylər üçün. İndi sadəcə qisas istəyirdi.
-Səni… – necə danışırdım bilmirəm, amma ilk dəfə səsimi eşidəndə özümə də qəribə gəldi – …Səni illər əvvəl ananın qoynundan alıb aparanda, düzgün etmədiyimi bilirdim.
-Sən kimsən?
-Ölüm – dedim.
-Məni necə tanıdın?
-Anan sənin həyatın üçün yalvardı. Mən də etməməli olduğum bir şeyi etdim. Səni yaşamaq üçün qollarıma alıb apardım, amma indi görürəm ki böyük səhv etmişəm.
-Nə çəkdiyimi bilmirsən. Onlar mənim hər şeyimi alıblar.
-Bəs onlar? – deyib ətrafdakı ölü insanları göstərdim.
-Onlar əsgərdirlər… Vətənlərini qorumağa and içiblər… Mənim kimi.
-Sənin kimi…
-Bunu mən başlamamışam. Mənim günahım deyil.
-Amma burdasan və bu olanlarda payın var. Özü də böyük bir pay. Əmri sən vermisən – deyib çiyinlərindəki paqonlara baxdım.
-Mənə kömək et… Buna bir son qoyum, qisasımı alım… Yalvarıram sənə. Qələbəyə bu qədər yaxın ikən məni öldürmə…
Burda durub onun dilboğaza qoymadan danışdıqlarını dinlədikcə, “insanlar heç vaxt dəyişməyəcək“ deyə düşündüm. Orağımı qaldırdım, bu onun susmağına səbəb oldu. Dəhşətlə bərəlmiş mavi gözləri artıq nə olacağını anlamışdı. Bu mənə köhnə bir xatirəni xatırlatdı və orağımı endirib aşağı əyildim. Ağzımı qulağına yaxınlaşdırıb “anan səni çox sevirdi” fısıldadım.
Reaksiyasını gözləmədən ayağa qalxıb, orağımı qaldırdım.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.