Qırmızı divar

Hündürlüyü yeddi metr, uzunluğu on metr olan nəhəng daş-divar düz çöllükdə tikilib. Divar yüzlərlə kilometr radiusa uzanan dəyişkən çöl landşaftı ilə əhatələnib. Dovşan və çaqqaldan başqa buralarda kimsə olmaz. Arada külək əsər, yağış yağar. Ayda bir dəfə içi insanla dolu hərbi maşınlar gələr, qayıdar və bir ay buralara insan ayağı dəyməz.

İldə bir dəfə divar qırmızı boya ilə rənglənər, üzərində əmələ gəlmiş çapıq və çatlar doldurular. Buna görə xalq içində ona “Qırmızı Divar” deyirlər. Bu divar digər divarlardan fərqli olaraq, nə heç kimi heç kimdən ayırmır, nə də hansısa ərazini ətraf mühitdən təcrid etmir. O, tənha və qırmızı rəngli divardır. Buna baxmayaraq hər kəs ondan qorxur. Onun qarşısında hər kəsi əsmə tutur, onu adı tükləri biz-biz edir – heç kəs getdiyi ünvanın “Qırmızı Divar” olmasını istəməz. Divarın önünə öz ayağı ilə gələn, öz ayağı ilə heç vaxt oradan getməz. Çünki neçə illərdir bu divarı ucaldan xalq caniləri, quldur və xainləri öldürmək üçün, daha doğrusu adları çəkilənlərin edamı üçün onları ”Qırmızı Divarın” önünə göndərir – güllələnsin!

Edam əmrlərini icra etmək üçün xüsusi olaraq “edam taburu” fəaliyyət göstərir. Taburun maşınları ayda bir dəfə “Qırmızı Divara” gəlir, ”boşalır” və qayıdır. “Edam taburu” dəzgahı xatırladır, bu dəzgahın hər detalı bir insandır, bu dəzgahın əsas iş hədəfi də insandır. Onun əsgərləri işlərini böyük həvəslə icra edirlər – tətiyi basırlar. Tap!!!…

Bu gün ayın iyirmi altısıdır. “Edam taburu”nun hərbi qulluqçuları, növbəti qrupu “Qırmızı Divara” gətiriblər. Edam ediləcəklərin siyahısı komandirdədir:

-Dörd-dörd qrupa bölün… İlk dördlük divara!

Dörd nəfər əli bağlı divarın önündə, səkkiz nəfərin hədəfində. Dördü də eyni yaşda olar, haradasa otuz üç, otuz beş yaşlarında, orta nəsil.

-Atəş!

Dörd cəsəd. Yerdəkiləri aparmadan növbəti dördlük gətirilir, eynən əlləri bağlı vəziyyətdə. Aralarında iki qoca kişi və iki yeniyetmə. Komandir əvvəl siyahıya baxır, sonra taleylərinin üzərindən qalın qırmızı xətt çəkilmiş simalara.

Bu zaman əlvan qanadları olan tünd yaşıl rəngli çəyirtkə zabitin əlindəki siyahının üstünə qonur, arxa ayaqları üstdə yuxarı-aşağı hərəkət etməyə başlayır. Sanki zabitin əvəzinə “atəş” əmrini verməyə hazırlaşan çəyirtkə özü də bilmədən həyatın son saniyələrini yaşayan bu dörd nəfərin az da olsa ömrünü uzadır. Bəlkə də onlardan biri indi çəyirtkəyə, onun azadlığına həsədlə baxır. Zabit möhkəm çırtma ilə tünd yaşıl rəngli çöl sakinini kənara rədd edir və deyir:

-Atəş!

Əsgərdən biri, silahı çiyninə asıb, üzünü komandirə çevirir və məruzə edir.

-Əmriniz icra olundu!
-Təşəkkür edirəm. Cəsədləri səliqə ilə maşınlara yığın. On dəqiqəyə tərpənirik.

Bir aydan sonra “Qırmızı Divarın” yanına yenə hərbi maşınlar gəlir. Eyni prosedur təkrar olunur – məhkumları maşınlardan düşürüb qruplara bölürlər; on altı nəfəri səkkiz-səkkiz qruplara ayırılır.

Komandir, hansı ki, bir ay öncə də prosesə rəhbərlik edirdi, yenə də siyahını diqqətlə nəzərdən keçirir, adları oxuyur. Siyahıda eyni soyadlı dörd nəfər var – bu “adamlar” əslində bir ailədir, ata, ana və iki oğul. Oğlanlardan biri on səkkiz yaşda, digəri iyirmi bir yaşda, ata və ana əlli-əlli beş yaşda. Zabit, zəhimli baxışlarla əvvəl kişinin, sonra qadının, sonra böyük oğlun, sonda kiçik oğlun gözlərinə baxır. Dördünün də halı özündə deyil, onlar güclü narkotik maddənin təsiri altındadırlar, nəinki onlar, hərbiçilərdən başqa hamı. Panika, qorxu və təşvişin qarşısını almaq məqsədi ilə, “Haqq, hüquq və azadlıq” şurasının qərarına əsasən, edama aparılan məhkumlara mütləq formada xüsusi narkotik maddə verirlər, onun təsirindən insan yer, vaxt orientirlərini itirir, heç kimi tanımır, müqavimət göstərmir, əmrləri sözsüz icra edir, qısası “ətə” dönür, arada su istəyir və ”kayfda” ölür.

“Qırmızı Divarın” önündə ilk qrup düzülür. “Ailə” bu qrupda deyil – üç nəfər gənc oğlan, iki nəfər gənc qız, bir nəfər ortayaşlı qadın və iki nəfər yaşlı kişi var. Divardan on beş metr aralıda on altı nəfərlik cərgə, silahları çiyinlərində əmri gözləyirlər.

-Nişan al!… Atəş!…Növbəti qrup!

“Qırmızı Divarın” önünə gələn, oradan öz ayaqları ilə qayıtmır.

Bir ay keçir. Mühərriklərin səsi çöllüyün ahəngini pozur. Sonra atəş səsləri pozur. Sonra sükut. “Qırmızı Divar” yenə də tək qalır – üst-başı cızıq, al-qan içində.

Növbəti bir ay. Hərbiçilər geri qayıdırlar. Komandir maşından düşəndə onu qəribə hisslər bürüyür – bir tərəfdən ünvan düzdür, amma məkanda nəsə dəyişib. Zabitə yaxınlaşan əsgər əli ilə divarın başını göstərib deyir:

-Cənab baş leytenant, divar belə hündür deyildi. Divar … böyüyüb!

Son sözlərdən sonra zabit divarın qurtaracağına doğru qaçır. Ardınca, divarın o biri başına doğru addım-addım sayır. Ölçməni bitirən baş leytenant üzünü maşınların önündə düzülüb, onu gözləyən əsgərlərinə tərəf çevirir, elə bil onlara nəsə demək istəyir, lakin heç kəsin eşitməyəcəyi tərzdə öz-özünə deyir:

-Divar böyüyüb. Özü də on metr uzununa…

Cəld maşına qayıdır, rabitə vasitəsi ilə taburla əlaqəyə çıxır və vəziyyəti izah edir. Əmr gəlir ki, edam həyata keçirilsin. Zabit əsgərlərinin yanına qayıdıb, sıranın önünə çıxır:

-Deməli belə, heç kəs panika salmır. Ola bilsin divarı yeniləyirlər, buna görə də artırıblar. Bunun bizə dəxli yoxdu. Biz işimizi görürük.

Qəfildən “Qırmızı Divar”, domino daşı kimi, üzü üstə yerə çırpılır. Komandir qalır yerə çırpılmış divarın altında. Toz-duman ətrafı bürüyür. Hər şey ani baş verir, bəlkə də iki-üç saniyənin içində. Sonra divar, üstündən bircə daş belə qopmadan yerdən aralanır və əvvəlki vəziyyətini alır. Əsgərlərə, məhkumlara və maşınlara heç nə olmur. “Qırmızı Divar”ın önündə yalnız komandirin əzilmiş cəsədi qalır. Qorxudan dilləri qurumuş əsgərlər, keçmiş komandirlərinin cəsədini götürüb, maşınlara doluşub, divardan uzaqlaşırlar.

Növbəti bir ay ərzində “Qırmızı Divar” bütün ölkə səmasını tutur, sərhədlərə qədər genişlənir. Və gözəl yaz günlərinin birində divarın daşları, “Qırmızı Divarı” ucaltmış xalqın başına tökülməyə başlayır. Məndən başqa hamı ölür.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir