Səhərə yaxın

Soyuq noyabr küləyi otağımın taxta pəncərələrindən keçib, ilikərimə qədər işləyirdi. Lakin  yenə səhərə yaxın qan-tər içində, sanki kabus görmüş kimi yuxudan ayıldım. Ürəyim möhkəm vurur,  nəfəsim çətin gəlirdi. Bütün iradəmi, diqqətimi cəmləyib xatırlamağa çalışdım, ”axı bu nə idi belə?”.  Hər gün təkrarlanmasına baxmayaraq, hər dəfə həyəcan içində ayılırdım. Amma, artıq əvvəlki qədər qəribə reaksiyalar vermirdim. Yəni, bir mənada alışmışdım, ya da alışmağa məcbur qalmışdım bu hala.

 

-Nə isə məni narahat edir, bu dəqiqdir, amma nə? Əsas məsələ də elə budur. Deyirlər guya insan yuxudan ayıldıqdan yarım saat sonra yuxusunu unudarmış. Amma mən 8 yaşımdan bəri yuxu görmürəm. Ya da görürəm, ancaq  o yarım saatlıq aranı gözləmədən, oyanan kimi unuduram. Bilmirəm, nə isə – deyə düşündüm və bütün fikrim yanımdakı zəngli saatın əqrəblərinin musiqisinə daldı.

 

– Necədə qəribədir. Hər gün eyni musiqini heç çaşmadan, eyni aralıqlarla söyləyir. İnsan tərəfindən yaradılıb, amma bu qədər mükəmməldir. İnsan dahamı qüdrətlidir? İnsanı varlıqların ən mükəmməli olan  tanrı yaradıb – saatın əqrəbi ağlımı yenə çılğın fikirlərlə doldurur.

 

– Məgər bəndə yaradanından daha qüdrətli ola bilərmi? Baxsana, saat durur, ancaq biz onu görmürük. Yenidən eyni mahnıları söyləsin deyə onu təmir edirik. Amma bizim, hər kəsin bir haqqı var. Bəlkə də bu səbəbdəndir, bizim hər dəfə fərqli mahnıları oxumağımız. Bəzən dinləyirik, bəzən isə rəqs edirik o mahnılarda. İkinci bir şansımız olmadığı üçün, o kif qoxan məzara girməzdən öncə həm oxumağı, həm çalmağı, həm də oynamağı öyrənmək istəyirik. Qəribədir. Bəlkə də tanrı bizi, öz əksiklərimizi əşyalar üzərində tamamlamaq üçün yarımçıq yaradıb? Bu zəhrimar saatın səsi də lap zəhləmi tökübdü. Yenə mənasız danışıram – deyə düşündüm. Bir saatın çıxartdığı səs belə bütün fikrimi qarışdırmağa kifayət edirdi.

 

Sonra saata baxdım. Saat hələ 5 olmamışdı. İşə getməyimə çox var idi. Bir az daha yatmağa qərar  verdim. Amma bu cür mənasız və hər sözündə həyatı sorğulayan fikirlər artıq canımı boğazıma yığmışdı. Sanki az dərdim varmış kimi, öz mənasız fikirlərimlə beynimi bulandırıram . Həyatı sorğulamaq məgər mənim üzərimə düşüb? Beynimdən bu mənasız fikirləri çıxardaraq yatmağa çalışdım. Amma yenədə yata bilmədim. Ağlımda dolaşan sual və mənasız cavablarla, sanki köhnə bir dostumla həyat barəsində söhbətləşirmiş kimi, elə hey düşünürdüm.

 

Sorğu – suala ara verib, çarpayının yanındakı lampanı yandırıb, zəhləmi tökən saata baxdım. Saatın əqrəbləri 6-ya 25 dəqiqə qalmışı göstərirdi. ”Əməlli söhbətləşmişik ki” dedim və gülümsünərək ayağa qalxdım.

 

Hava hələki, qaranlıq idi. Boz şəhər mənim otağımdan daha qaranlıq görünürdü. Əslində boz şəhər həmişə qaranlıq idi. Şəhərin qaranlığı insanları da öz ağuşuna almışdı. İnsanlar o qədər məşğul və qayğılı idilər ki, hər səhər doğan günəşə baxmaq heç kimin ağlına gəlmirdi. O şəfəqləri ilə insanların ürəklərini isitmək istədikcə, insanlar da kölgələrdə gizlənərək onu görmədən gəlirdilər. Günəş isə hər dəfə bir az daha qəzəblənərək, şəfəqlərini və istiliyini artırırdı. Amma biz görə bilmirdik. Bəlkə də qlobal isinmə insanların sırf günəşi görməzdən gəldiyi üçün yaranmışdır? Kim bilir? Bəlkə də. Biz insanlar gündüzlər günəşi, gecələr ulduzları, ayı görməzdən gəlirik. Amma unuduruq ki, Günəbaxan gündüzlər Günəşsiz, gecələr Aysız başını yerə dikir.

 

Bütün bu düşüncələrdən, saat 7-nin yarısına qurduğum zəngli saatın səsi ilə ayıldım. Pəncərənin önündəki heykəl pozama son verib mətbəxə getim. 8-də artıq işdə olmalı idim.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir