Youtube

İyirminci əsrin inqilab və müharibələri, elmi tərəqqi və kəşfləri, həmçinin texnoloji sıçrayışı insan nəslinin hər mənada irəliləməsinə gətirib çıxardı. Bir nəsil digər nəsli əvəz etdikcə tərəqqi prosesinin sürəti artırdı. Öyrəndikcə daha çox öyrənmək istəyən, bildikcə daha çox bilmək istəyən adamlar çoxaldıqca, falçıların və gələcəyi görənlərin biznesi çağdaş dünyanın tələbləri ilə ayaqlaşmağa başlayırdı. Əvvəl od ətrafında ot çəkib transa düşən, rəqs edən şaman və falçılar, indi səs və işıq effektləri ilə təchiz olunmuş qaranlıq otaqlarda, ortasında şüşə şar ola dəyirmi masaların ətrafında söhbət fırladırdılar. “İnsan mütləq və mütləq inanmalıdır” yazılırdı belə otaqlara girişdə və baxıcılar da hər qonağı xəbərdar edirdilər ki, “inanmırsızsa, otağa girməyin mənası yoxdu”.

Analoqu olmayan şanlı və paradoksal ölkəmizin Gəncə şəhərində, şəhərin  Yevlax avtovağzalı adlanan hissində yerləşən bir mərtəbəli həyət evində Falçı xala yaşayırdı. Onun əsl adını, demək olar heç kəs bilmirdi, yalnız şəxsiyyət vəsiqəsindən bunu öyrənmək olardı. Gündəlik həyatda hər kəs onu Falçı xala çağırırdı. Falçı xala hava və məhsuldarlıq barədə heç nə deməzdi – səbəb olaraq deyirdi ki, havaya və məhsuldarlığa baxan cinlərin rəisi ilə mübahisəsi düşüb və onlar da Falçı xalaya heç nə demirlər. Digər tərəfdən ailə qurmaq, uşaq doğmaq, boşanmaq, qız ya oğlan düz-qoş etmək işləri üzrə xalanın yaxşı müştərisi olurdu. Çünki bu işlərlə məşğul olan cinlərin rəisi ilə xalanın köhnədən yaxşı münasibətləri vardı; xala cavanlığında yaman olub.

Bir gün, axşam vaxtı, qonşu arvadlarının küçə toplantısında Falçı xala elan edir ki, baxıcılıq kvalifikasiyasını (bu sözü qonşu arvadlar ilk dəfə eşidirdilər) artırmaq üçün ABŞ-a gedəcək; sən demə, oradakı xüsusi kurslara yazılıbmış. Xəbər hamını maraqlandırır və təəccübləndirir, həmçinin sevindirir – Falçı xala bu kurslardan sonra savadlı baxıcı olacaqdı və gələcəyi daha aydın və dəqiq görəcəkdi.

Üç gündən sonra Falçı xala, qonşu arvadların, sahə müvəkkili Qoqayevin və bələdiyyə rəisi Mirzəpalanovun müşayəti ilə taksiyə mindirilib yola salınır ABŞ-ın Viskonsin ştatının Qrinbəy şəhərinə.

İki aylıq baxıcılıq kurslarından sonra Falçı xala ABŞ-dan Gəncəyə qayıdır. Camaat onu böyük təmtəraqla qarşılayır, şərəfinə şerlər söyləyir, qurbanlar kəsirlər. Falçı xala axşam evində qonaqlıq təşkil edib, qohum-qonşunu çağırır. Yerli bələdiyyə və sahə müvəkkili də məclisə təşrif buyururlar. Ortaya çay dəstgahı gələndən sonra Falçı xala açıqlama verir:

-Amerika çox uzaqdadı. Binaları çox hündürdü. Camaatının da abır-həyası  yoxdu. Dünyada nə qədər qəribə adam varsa, yığılıb Amerikaya. Yeyib, içib, şellənirlər. Biz içəndən sonra dindən danışdığımız kimi, onlar da içib siyasətdən danışırlar. Yaman yeyimcildirlər. Yediklərini eninə-uzuna verirlər. Orada “qadan alım, ağrın alım” demirlər, çünki birisinin ağrısı, qadası olan kimi tibbi sığortasını əlinə alıb, cumur həkimin yanına. Amma köpəy uşaqları çox inkişaf ediblər, elə texnikaları var ki, daha nə deyim. Nə başını ağrıdım, baxıcılıq təcrübəmdə əməlli çevriliş yaşadım, yəni sanki baxıcılıq vergim yenidən verildi Amerikada. Qərara aldım ki, bütün ənənəvi baxıcılıq vasitələrindən imtina edim – daş, su, düyü, zər, Quran kitabı, təsbeh, oyun kartları…hamısını bu gündən qoyuram kənara.

Evə yığılmış camaat bir-biriləri ilə baxışdılar. Bələdiyyə bir siqaret yandırdı:

-Falçı bacı, bəs onda nə ilə baxacaqsan fala bundan sonra? Özü də baxılası işlər çoxdu.

Sahə müvəkkili dişlədiyi konfeti udub əlavə etdi:

-Sən olmadığın müddətdə kəlan işlər yığılıb. Mənə xəbərdarlıq da gəlib. Üstü açılmayan oğruluqlar var.

Bələdiyyə:

-Bizdə də tezliklə seçkilərdi. Öyrənməli çox şeylər var, Falçı bacı, balalarımız yetim qoyma.

Evə yığışanlar bir-biriləri ilə astadan nəyisə müzakirə etməyə və arada da diqqətlə Falçı xalaya baxmağa başladılar. Falçı xala çatdırmaq istədiyi əsas xəbəri qarğa-bazarında səsləndirməmək üçün sol əlini havaya qaldıraraq dedi:

-Sakitləşin, səs-küy salmayın. Yekə adamlarsız. Mən demədim ki, işimdən əl çəkirəm, deməyim odur ki, iş üslubumu dəyişirəm. İnkişaf etmək lazımdı. İyirmi birinci əsrdə daha köhnə vasitələrlə fala baxmazlar. Müasirləşmək lazımdı!

Bu sözləri deyib baxıcı ayağa durdu, qonşu otağa keçdi, oradan bir qara paket gətirdi, içindən noutbuku çıxardı. Məclisə toplaşan qadınlardan biri dedi:

-Oğlumda var bundan, bütün günü qabağından çəkilmir.

Falçı xala noutbukun qapağını açdı və hər iki əlini havaya qaldıraraq dedi:

-Bu kompyuter şəxsən cinlər şahının xeyir-duasını görüb, hətta bir gün onun yanında qalıb. Buna görə o gələcəyi deyə bilir. Və gələcəyi yalnız mənim xahişimlə deyir. Bax belə.

Camaat ayağa qalxıb falçının ətrafına toplaşdı. Falçı internet bauzerinə daxil oldu, ünvan yerinə “youtube” yazdı və təsdiqlədi. Qoqayev başını qaşıyaraq bir az ehtiyatla dilləndi:

-Falçı xala, mən bu saytda kliplərə qulaq asıram…aradabir.

Baxıcı anladı ki, biraz da belə getsə onun gətirdiyi yenilik qiymətsizləşdiriləcək və nəticədə biznesi batacaq. Buna görə də azca sərt formada Qoqayevə dedi:

-Belə çox bilirsən, daha bura niyə gəlmisən?

Mirzəpalanov dirsəyi ilə sahə müvəkkilini dümsüklədi. Baxıcı söhbətinə davam etdi:

-Madam ki, bütün məhlə bura yığışıb, sizə nümunə üçün bir şey göstərəcəm… Kimin evində yaşıl qazan var?

Məclisə yığışanlardan səs çıxmadı.

-Yaxşı, bəs kimin evində  qırmızı hərbi geyim var?

Hamı heyrətlə bir-biri baxışır. Elə bil aralarında kimsə bu sirli sualların mənasını anlayır, amma yenə heç kimdən səs çıxmır.

-Bilirsiz niyə sizdən yaşıl qazan və qırmızı hərbi formanı soruşdum? Çünki öncədən xəbərim vardı ki, heç birinizin evində dediklərim yoxdu. Mənə bunu “yutub” söylədi.

Ağzı açıq qalan qonşular nə deyəcəklərini bilmədilər. Birdən ortayaşlı qadın dilləndi:

-Ay Falçı xala, maa de görüm, bə`bu kreditlərimi bu il bağlaya biləjəmmi? Sənin “yutubun” onu da bilir?

Falçı əllərini yana açıb hər kəsə işarə verdi ki, kənara çəkilsinlər və onu noutbukun ekranı ilə üzbəüz qoysunlar. Baxıcı cibindən bir şam çıxarıb yandırdı. Ekranın sağ yanına qoydu. Sonra pıçıltı ilə dua oxuyub “youtube” səhifəsini yenilədi, axtarış yerinə sürətlə nəsə yazdı və təsdiq etdi. Ekranın solunda videolardan ibarət siyahı canlandı. Ardınca xala “Üzeyir – Balağımı  tut, bəlamı al” başlıqlı videonu açdı, pauzaya qoydu, videonun altındakı şərhlərə keçdi. Yüzlərlə şərhin içindən yalnız üç ayrı-ayrı şərhin ilk həriflərini bir kənarda vərəqə yazdı. Nəhayət üzünü sual verən ortayaşlı qonşusuna çevirib dedi:

-”Yutub” deyir ki, kreditlərin bu il bitəcək, amma əgər verə bilsən.

Bu sözlərdən sonra yer aralandı, Falçı xalanın evi, içindəki məclis qarışıq girdi yerin altına. Və hamısı bir nəfər kimi, düşdülər iri bir qazanın içinə. Yerin altı qaranlıq olsa da qazanın konturları aydın seçilirdi, sanki metalı öz-özünə işıq verirdi. Qaranlılqda haradansa qazana su axdığı eşidildi. Məhz su açılandan sonra camaat qışqırışmağa başladı. Kimisi kəlmeyi-şəhadət oxuyur, kimisi “yutub”dan kömək istəyir, kimisi Falçı bacını söyür (bələdiyyə rəisinin səsinə oxşayırdı), kimisi “lazımı yerlərə” şikayət edəcəyi ilə hədələyirdi. Nəhayət, qazan su ilə doldu. Artıq heç kəsin səsi çıxmırdı. Birdən iri qazanın altında od qalandı. Qazanın ətrafı işıqlandı. Qayalıq və daşlıqla örtülü nəhəng mağaraya oxşayırdı. İndi odun üstündə qaynayan nəhəng qazanda dörd-beş metr aralıda isə ekranı sönməmiş noutbuk göründü. Amma birazdan onun da ekranı söndü…

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir