Çəhrayı Panter Oskara necə namizəd oldu?

Dayımın 3 yaşlı qızı bir çox müasir dövr uşaqları kimi ingilis dilini Youtube-dan öyrənir. Mən də arada onunla birlikdə kompüterdə nəzarət üçün onun baxdıqlarına baxıram. Təsadüfən illər öncə, uşaq vaxtı baxdığım və məni sadəcə güldürən “Pink Panther” (Çəhrayı Panter) serialının “The Pink Blueprint” seriyasına baxdım. Uşaq vaxtı ingilis dilini elə də bilmirdim və mənim üçün həmin seriya komediyadan başqa bir şey deyildi.

 

Animasiyanın ilk səhnəsində bəstəboy inşaat ustasını mavi kağızdakı çertyoja baxarkən görürük. Çəlləyin içində yatdığı vaxt səsə oyanan Çəhrayı Panter də usta gedəndən sonra çertyoja baxır, lakin bəyənmir. Yerinə öz çəhrayı rəngli çertyojunu qoyur. Geri qayıdan və çertyojdakı rəng dəyişikliyinə fikir verən usta isə birdən fərqi hiss edir və kağızı buruşdurub atır. Animasiyanın ilk simvolikası elə birinci dəqiqədə özünü göstərir – Çəhrayı Panter modernizmi və yenilikçiliyi, bəstəboy usta isə ənənəvi fikirləri təmsil edir.

 

Animasiyanın ikinci dəqiqəsində Panter evi özü tikmək qərarına gəlir və ustanın işinə qarışmağa başlayır. İlk olaraq nərdivanı ustanın ayağından dartıb çəkir və o yıxılıb əzilir. Animasiya boyu heç biri digərini görmür vədaim bir-birilərinin işlərini baltalayırlar. Bununla belə, əsasən, ustanı yorğun və əzilmiş şəkildə görürük. Tamaşaçı anlayır ki, Panter ona badalaq vurmaqdan başqa heç nə etmir.

 

Həqiqətən də, 4-cü dəqiqədə animasiyanın kuliminasiya nöqtəsinə çatırıq – indiyəcən ibtidai çəkic, mişar və mismar kimi alətlərdən istifadə edən Panter bu dəfə zəncirli mişar istifadə etməyə cəhd edir və onun idarəsini itirir. Elə bundan sonra usta ilə üz-üzə gəlirlər. Usta onu boya qutularının olduğu daxmaya sıxışdıraraq qapını bağlayır və hətta taxtalarla mismarlayır.

 

İçəridə isə panter problemin həlli yolunu tapır və öz çəhrayı çertyojunu mavi rəngə boyayır, qapının deşiyindən gizlincə ustanın cibindəki mavi çertyojla dəyişir. İşə sıfırdan başlayan usta çertjoya bir də baxır və rəng fərqi olmadığı üçün qızğın şəkildə işinə davam edir. Nəhayət işini bitirir və evi əmlak ofisinə təhvil verir. Animasiyanın sonunda torpağı qazıb çıxan Panter evin öz dizaynına uyğun hazırladığını görüb sevincək evə doğru qaçır. Daha sonra isə modern dizaynlı ev kimi görünən karton titrəyib yerə düşür və evin mavi çertyojdakı kimi hazırlandığını görürük.

 

Sonluğu bir neçə fərqli yolla izah etmək olar. Ssenari müəllifi Con Dann burda nə demək istəyirdi? Ustanın sadəcə əmr qulu olduğundan, kor-koranə şəkildə ona verilən direktivləri yerinə yetirdiyi halda haqsız olaraq əzilməsindən – yəni 60-cı illər ABŞ-ının fəhlə sinfinin vəziyyətindən danışırdı? Yoxsa modernizmin gətirdiyi parlaq görüntünün altında yenə də ənənəvi fikirlərin olduğunu? Bəlkə də hər nə qədər müasir olsaq da, öz köklərimizdən ayrılmağın mümkünsüzlüyünü göstərmək istəmişdi.

 

Hekayəsi əslində nə deyirsə desin, bu animasiya çox rəğbət toplamış və güldürmüşdü. 1966-cı ildə “Ən yaxşı qısa metrajlı animasiya” nominasiyası üzrə Oskar mükafatına da layiq görüldüyünü nəzərə alsaq, illər sonra bu animasiyanı uşaq yox, daha yetkin, daha aydın beyinlə yenidən izləməyə dəyər.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir