VarYox mənə müasir Azərbaycan cəmiyyətində linqvistik vəziyyətin üç seqmentə – Azərbaycan və türkdilli, rusdilli və ingilisdillilərə – bölünməsi ilə bağlı fikirlərimi demək fürsəti verdi. Bundan əlavə, bir çoxlarımız kimi onu da bir mühüm problem narahat edir: nə üçün Azərbaycan dilində yazılmış və ya Azərbaycan dilinə tərcümə edilmiş mürəkkəb fəlsəfi, nəzəri, bədii mətnlər qənaətbəxş səslənmir?
Mənə elə gəlir ki, cəmiyyətimizin linqvistik təbəqələşməsi xüsusi təhlükə yaratmır. Yuxarıda sadaladığımız üç təbəqə arasında kifayət qədər məhsuldar birləşmələr mümkündür. Və onlar artıq var. Bunu ailəmi və dostlarımı nümunə gətirib əminliklə deyirəm.
Azərbaycandilli ailədən olduğuma rəğmən 15 ildən artıqdır ki, Azərbaycan dilindən rus dilinə tərcümə etməklə dolanıram. Azərbaycan və rus dillərini mükəmməl bilən iki bacım müəyyən səbəblər nəticəsində Almaniya və ABŞ-a mühacirət etmiş, alman və ingilis dillərini kifayət qədər yaxşı səviyyədə mənimsəmişlər. Həyat yoldaşım hazırda ingilis dilini öyrənir, lakin bundan əvvəl o, təkbaşına fars dilinin əsaslarını mənimsəyib. Yəni, məsələ tənbəllikdə yaxud bu və ya digər dilə guya aşağılayıcı yanaşmada deyil.
Məsələ həm də Azərbaycan dilinin strukturca pis, rus və ingilis dillərinin isə yaxşı olmasında da deyil. Dərin qatlarda güclü və zəif dillər yoxdur. Zəif olan Azərbaycan dilinin peşəkar daşıyıcıları oldu – şair, nasir, tərcüməçi, filosoflar. Rus həmkarlarından fərqli olaraq, onlar intellektual diskursun inkişafına əhəmiyyət verməyib konformizmə üstünlük verirdilər. Ölkəmizdə linqvistik dirçəliş yalnız 90-cı illərdə yaranmağa başladı. Ondan əvvəl sovet dövründəki ədəbiyyatımız Mandelştamın təbirincə desək, oğurlanmış hava yox, icazəli mətnlər idi.
Lakin ədəbiyyatdan fərqli olaraq Sovet Azərbaycanının rəssamlığı və musiqisi alternativ inkişaf yollarını bilirdi. Abşeron rəssamlıq məktəbini, Qarayevin dodekafoniyasını, Vaqif Mustafazadənin axtarışlarını nəzərdə tuturam. Yazıçılarla müqayisədə onlara bu alternativ yollarla getmək daha asan olub, çünki referentsiz səslər, cizgilər, rənglər, forma və fakturalar nitq, söz və diskursiv təfəkkürə nisbətən daha az ideolojikdir.
Bəs sovet dövründə söz adamları yüz faiz konformist idimi? Fərqli yaza və düşünə biləcəklərini heç bilmirdilər? (“fərqli” dedikdə mən plakat dissidentliyini yox ədəbiyyatın mahiyyətini təşkil edən estetik başqalığı nəzərdə tuturam) Özü də o dönəm heç rusların özündə “sandıq ədəbiyyatı” olmayan, bütün fərqli düşüncəliləri güllələmiş, yaxud sürgün etmiş adamyeyən Stalin dövrünü nəzərə almıram. Artıq 60-cı illərdə Moskva və Sankt-Peterburqda günümüzün klassikləri sayılan güclü əks-mədəniyyət müəllifləri var idi (onlardan biri həmyerlimiz, Yujin çevrəsinin üzvü Heydər Camaldır). Mən dəfələrlə qeyri-rəsmi söhbətlərdə bizim sovet dövrü yazıçılarının bu əks mədəniyyət nümayəndələrini tanıyıb, onlarla ünsiyyətdə olduqlarını eşitmişəm.
Bəs problem nədədir?
Problem isə təkcə dildə deyil, həm də azərbaycanlıların şüurundadır. Sözləri tərcümə etsək də, tərcümə sözlərin arxasında duran mənalara görə adekvat olur. Azərbaycanda, Azərbaycan dilində ilk növbədə mənalar yaranmalıdır. İstədiyimiz qədər Azərbaycan dilinə “varoluş”, “mövcudluq”, “kontinqentlik”, “performativlik” və s. terminləri və anlamları tərcümə etməyə cəhd göstərə bilərik. Bütün bunlar, ələkdəki su kimi, ağılda və ümumi lüğətdə qalmır. Çünki şüurumuzun özü ələyi xatırladır. Ağlımızı məşq etdirmədiyimiz səbəbdən ağlımız mücərrəd, axıcı məfhumları şüurda saxlayıb onlar üzərində düşünə bilmir. Problem azərbaycanlıların həddən artıq emosional olmasında və analitik təfəkkürün zəif inkişafındadır. Bu, həm İslamın təsiri (xüsusən də affektiv şiə variantı), həm çar Rusiyası dövründə tabeçilik mövqeyi, həm də xalqın öz meyli ilə bağlıdır. Özümüzü “qədim xalq” kimi təyin edərək, biz ibtidai müdrikliyi yaşca cavan olan ağıldan daha çox qiymətləndiririk (bax burada deyərlər “müsəlmanın sonrakı ağılı”). Müdrik insansa Molla Nəsrəddin kimidir – bilmirsən gicdi, yoxsa bicdi. Müdrik – qədim yunan dilində idiotusdur, yəni heç nəyə qarışmayan tərkidünya. Belə bir idiotus qərar qəbul etməz, hadisələrin gedişatına təsir etməz. Demokratik dövlətin ictimai həyatında iştirak edən tamhüquqlu vətəndaşdan fərqli olaraq.
Ali təhsilli insanlar dindar belə deyil, daha çox mövhumatçı olub, hansısa irrassional hərəkətlərə əl atmaqla Allahı, şeytanı, taleyi öz tərəflərinə çəkməyə çalışırlar. Belə bir halda hansı analitik təfəkkürdən danışmaq olar? (“Xurafat yoxsullar üçün azad fikirdir”, Nitsşe yazır). Belə insanlar üçün hər şey affekt üzərində dayanır və onlar Şekspirin təsvir etdiyi dəlilərə bənzəyir: “Nitqlərində səs-küy və qəzəb çoxdur, amma məna azdır”.
Bizim mədəniyyətdə antik dünyanın tərənnüm etdiyi ideallar yoxdur: evtümiya, apatea, ataraksiya. Yəni affektlərin, dağıdıcı ehtirasın söndürülməsi və bunun nəticəsində mənalı və tutarlı mühakimələrə yol açan bünövrə. Bu dəyərlər əvəzinə isə biz səmimiyyətin də bir konstruksiya olduğunu dərk etmədən yalnız həmən “səmimiyyəti” üstün tuturuq. VarYoxdan Sitarə xanım deyir: “Elə bu da bizi fərqləndirən cəhətlər. Onu da niyə səsləndirməyək? Olsun, bizim nəsilə dissonans yaradır, amma biz növbəti nəsilə nə ötürürük? Backgroundumuzdan utanmaq yerinə onu araşdırıb qəbul etmək olar. Keçmişimizi bilərək gözləntimiz də çox ola bilməz”.
Bizi fərqləndirən emosional aləmimiz olmamalıdı. Bizi fərqləndirən məhz düşüncə tarzimiz olmalıdı. Çünki düşüncənin özü, analitik, diskursiv düşüncə, əşyaları, simaları, hadisələri və anlamları bir-birindən fərqləndirən alətdir. Bir növ kəsici alətə oxşayır. Bu deyimlərdə də özünü göstərir. Ağıllı adam üçün deyirlər: ağılı kəsir. Yaxud: itizəkalı. Axmaq adam üçün: kütbeyin. (rusca da oxşar deyimlər var: остроумие – тупость). Analiz yunanca məhz bölmək, yarmaq mənasına gəlir. Bölgü aparmalısan ki, təsnifatlar təşkil edib, bir şeyi digərindən fərqləndirə biləsən.
Biz isə həmişə müdrikliyə can atmışıq. Müdriklik “nə şiş yansın, nə kabab” prinsipini əlində bayraq edir. Müdrik olanda hər şeyi malalayırsan, hər iki tərərfə, hətta üç tərəfə, beş tərəfə uyğun fikirlər səsləndirirsən. Molla Nəsrdəddinin yanına aralarında mübahisə düşmüş iki nəfər gəlir. Molla birini dinləyib deyir “sən haqlısan”. Digər tərəfi dinləyib yenə deyir “sən də haqlısan”. Bunu görən arvadı Mollaya qayıdır “Ay kişi, belə söhbət həll edərlər?”. Molla cavab verir “Arvad, sən də haqlısan”.
Bu müdriklikdi. Məişətdə müdrik olmaq pis olmazdı. Amma elmi, mədəniyyəti, fəlsəfəni, ədəbiyyatı, xüsusən də nəsri inkişaf etdirmək istəyiriksə, ağıllı olmalıyıq. Azərbaycan ədəbiyyatında nəsr çox az inkişaf edib, əvəzində poeziya, özü də folklor ənənələrinə söykənən poeziya həddən artıq yayılıb. Çünki o müdrikdi, belə poeziya düşünülmədən yazılır, o birbaşa bizim təhtəlşüurumuzun məhsuludu. Tutarlı nəsr əsəri yazmaq üçün isə fəlsəfi və tənqidi düşüncəni inkişaf etdirmək vacibdir.
Biz gələcək nəsilə bir çimdik müdriklik və bacardığımız qədər intellekt ötürməliyik. Yetər ki, uşaqları düzgün tərbiyə edək və onlar sual verməkdən çəkinməsinlər. Biz öz üşaqlığımızda ata-anaya sual verdikdə deyirdilər “otur yerində, mollalıq eləmə”. Fəqət fəlsəfə və elm sual vermək bacarığından başlayır. Fəlsəfədə cavabsız yaxud hər dövrə uyğun olaraq cavabları fərqlənən bir necə “əbədi sual” var. Yetər ki, o sullara gəlib çıxasan.
Həbsxanada olan insanın iki davranış strategiyası var: təslimçilik və üsyan. Təslimçilik və üsyan arasında orta yol da var – bu araşdırma, sorğu-sual, reallığa fəlsəfi yanaşmadır. Fəlsəfənin və elmin aydınlığı ondadır ki, fəlsəfə sual verməyi öyrədir, elm isə müvəqqəti, nisbi cavablar verir. Dinin və mistisizmin aldadıcı cəlbediciliyi ondadır ki, din birmənalı “cavab” verir, mistisizm isə “cavab” ovqatının subyektiv yaşantısını “bəxş” edir.
Bir-birimizlə danışmağı öyrənməliyik. İnsan sual verməyi öyrənməli və nəticədə başqaları ilə birləşərək həmrəyliyə nail olmaq üçün ümumi dil inkişaf etdirməlidir.
Nicat Məmmədov – şair, tərcüməçi, nasir. 1982-ci ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib (2004). “Струение. Axın. Streaming” (2010) və “Dilin Xəritəsi” (rusca) (2010) kitablarının müəllifidir. Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı tərcüməsi” nominasiyasında mükafatın laureatı (2004), Milli Kulturoloji mükafatın laureatı (2007) və Yeltsin Fondunun “Молодое перо” nominasiyasında mükafatın laureatı (2007). II Beynəlxalq Rus-Gürcü Poeziya Festivalının (2008) və VI Daşkənd Açıq Poeziya Festivalının iştirakçısı (2008).