Ötən ildən bəri festivallarda göstərilən, debütünü Toronto Beynəlxalq Film Festivalında edən “The Platform” filmi keçən ay Netflix xidmətində yayıma başladı. Əgər filmi izləməmisinizsə, bu məqalə sizin üçün müəyyən spoylerlər daşıya bilər, ona görə də oxumamağınız məsləhətdir.
Film ispan rejissor Qalter Qaztelu-Urrutianın üçüncü filmidir və orijinal dilində “El Hoyo”, yəni “Dəlik” adlanır. Qəhrəmanımız və digər məhbuslar “Centro de autogestión vertical” (Şaquli özünüidarə mərkəzi) adlı qurumda saxlanılırlar. Bu qurum yüzlərlə mərtəbədən ibarətdir. Ortasında isə dəlik var. Hər gün bu dəlikdən idarə olunma mexanizmi tam izah edilməyən bir platforma üzərində yemək servis edilir. Maraqlıdır ki, filmin ispanca adında dəliyə, ingiliscə adında isə yeməyin gətirildiyi platformaya diqqət çəkilir.
Filmin ilk 5 dəqiqəsi içində qəhrəmanımız Qorenq gözünü 48-ci mərtəbədə, öz otaq yoldaşı Trimaqasinin yanında açır. Lakin bu adların heç biri onların doğularkən ata-anası tərəfindən verilmiş adlar deyil. Qorenq buna görə də otaq yoldaşına “¿Que nombre le han asignado a usted?” (Sənə hansı adı veriblər?) deyir. Təsadüfi deyil ki, hər iki ad malay dilindədir – Qorenq malay dilində “qızardılmış yemək”, Trimagasi (تريما کاسيه – Terima Kasih) isə “təşəkkür edirəm” deməkdir.
Trimaqasi təcrübəli bir məhkum kimi Qorenqə əsas məlumatları verir, “dəliyin” və ya “platforma”nın necə işlədiyini başa salır. Qorenq ilk öncə gördüklərindən dəhşətə düşür. Çünki yeməklər heç də gigiyenik olaraq yeyilməyib, bəzənsə didilib atılıb. Ona ən qəribə gələn isə Trimaqasinin bunu tamamilə normal qəbul etməsi, aşağıdakı mərtəbələrdə olan şəxslərə özünə davranıldığı kimi davranılmasını rəva bilməsidir.
Sonrakı səhnələrdə Qorenqin buraya əslində elmi iş üçün istəyərək 6 aylıq bir müddətə gəldiyini, “boş vaxtını keçirmək üçün” yanında Don Kixot romanını gətirdiyini öyrənirik. Digər məhbuslar buna görə Qorenqə gülürlər. Çünki onlar özləri ilə həyatda qalmağa daha çox kömək edəcək silahlar və s. gətiriblər. Trimaqasinin bura niyə düşdüyünü də öyrənirik – təkrar edən reklamlara görə əsəbiləşib pəncərədən atdığı televizor bir qeyri-qanuni miqrantın üzərinə düşüb. Görünür ki, Trimaqasi də həbsə gəlməyi seçib, çünki “psixiatriya xəstəxanası”ndan daha yaxşıdır. Daha aşağıdakı səviyyədəki insanların ac qalacağını öyrənən və açıq ədalətsizliyə çarə tapmağa çalışan Qorenq anında kommunistliklə ittiham olunur. Bir insanın intihar etməsi onu daha da özündən çıxarır. Belə ki, daha yuxarı səviyyələrdə olan məhbusların yemək dərdi olmadığı üçün başqa şeylərin üzərində daha çox fikir çəkirlər. Bu da bir nöqtədə onların ağlını itirməsinə səbəb olur.
Növbəti səhnələrdə biz yeni bir obrazla tanış oluruq – Miharu. Miharu hər gün öz qızını axtarmaq üçün platforma vasitəsilə aşağı enir amma onu heç vaxt tapa bilmir. Miharu (見張る) yapon dilində “gözünü açmaq” deməkdir. Həqiqətən də Miharu sonda Qorenqin gözlərini açmağa təkan verir. Növbəti səviyyədə Trimaqasi tərəfindən yeyilməyə az qalmış Qorenqi o qurtarır. Yemək pozasında olan Qorenq bu dəfə Trimaqasini özü yeyir. Beləliklə həbsxana qaydalarına tam aşina olur.
Onun növbəti otaq yoldaşı isə İmoquiridir. İmoquiri də qədim bir şərq dilindən, sanksitcədəki “Himaqiri” (హిమగిరి) sözündən götürülüb, “qarlı dağ” deməkdir, Himalay dağları üçün istifadə edilən bir addır. Bir zamanlar “Platforma” administrasiyasından olan İmoquiri “sistemi içəridən dağıda biləcəyinə” inanır. Buna görə hər gün aşağıdakıları yeməyi hissə-hissə yeməyə çağırır amma bunda elə də müvəffəqiyyətli olmur. 202-ci mərtəbədə oyananda isə intihar edir. Qorenq onu da yeyir.
Qorenqin növbəti otaq yoldaşı bu dəfə Baharat olur. Baharat ərəb dilində ədviyyat deməkdir. Bu dəfə sistemdə inqilaba söz verən otaq yoldaşları yeməyi hamıya bərabər şəkildə paylaşmaqdan ötrü hətta digər məhbusları da öldürürlər. Hədəfləri isə sona bir yeməyi mükəmməl və toxunulmamış şəkildə buraxaraq bir mesaj vermək olur. Nəticədə isə istəmədən də olsa Miharunun qızını tapırlar. Administrasiyanın dəfələrlə inkar etməyinə baxmayaraq həbsxanada bir qızın olmasının daha güclü mesaj olacağını düşünən Qorenq platformanın üzərinə onu qoyur və yuxarıya gedişinə baxır. Özü isə bilinməz bir yerə gedir. Çox güman, ölür.
Qorenq əbəs yerə özüylə “Don Kixot”u gətirməyib. Don Kixot personajı xəyali düşmənlərə qarşı mübarizə aparması, qalib gəlinə bilməyəcək döyüşlərə girməsi və heç vaxt görmədiyi, uydurma bir şahzadəyə aşiqliyi ilə məşhurdur. Don Kixot onun kumiridir, lakin real həyat daha ağırdır.
“Şaquli Özünüidarə Mərkəzi” (bundan sonra ŞÖM) ilk baxışdan Mişel Fukonun Panoptikonunu xatırladır. Fukonun panoptikonunda həbsxana kameraları sadəcə bir yerə baxır və hər şey bir mərkəzi qüllənin ətrafında üzük qaşı kimi düzülür. Məhbus ona nəzarət edəni görmür, amma nəzarətçi daim hamını görür. Bununla belə, məhbus daim ona kiminsə baxdığından şübhələnir. Eyni prinsip ŞÖM-də müşahidə olunur. Panoptikondan yeganə fərqi burada ŞÖM-ün dövlətləri təmsil etməsidir. Dövlət öz vətəndaşlarına yeməkləri mükəmməl şəkildə hazırlayır və ötürür, gerisi ilə maraqlanmır. Bu bir nöqtədə həm kapitalizmin, həm də sosializmin tənqididir. Hamıya yemək hazırlayan kapitalizm onu ehtiyaclara uyğun şəkildə bölə bilmir. Ən yuxarıda olanlar acgözlüklə, ehtiyacı olmasa belə bir daha yeməyəcəkmiş kimi davranır, aşağıda olanlar isə varlananda özlərindən öncə varlı olanlara daha qəddar bir münasibət bəsləyirlər. Ədalət tələb edənlər isə “kommunizm”də günahlandırılır.
Sistem elə dəqiqliklə qurulub ki, hətta sistemin içindən olan biri belə “olmaz” dediyi şeyləri görür, ümidlə bu səhvləri reform edib düzəltməyə çalışır, insanlardan əlavə öz dostuna – iti Ramzesə də pay ayırıb qeydinə qalır amma nəticədə ən kiçik bir bəxtsizlikdə intihar edir. Bu isə “sistemi içəridən çökdürməyə çalışan” və özünü ağıllı sayan sadəlöhvlər üçün birbaşa tənqiddir.
Yanlış anlamayaq, “ac qoyan” təkcə kapitalizm deyil. ŞÖM həmçinin kommunist sistemlərə də bənzədilə bilər. Qırmızı Kxmerlərin başçısı Pol-Potun siyasətinin nəticəsi olaraq yarım milyona yaxın Kxmerin aclıqdan ölməsindən tutmuş Holodomora da oxşatmaq olar. “Mesaj” olaraq yeyilməmiş tortun istifadəsi bu yöndən önəmlidir.
Ən sonda, filmdə klassik xristian dini mesajları da var. Qorenq Müqəddəs Avqustinin 5-ci əmrini – “Öldürməyəcəksən” – xatırlayır. Hər səviyyədə aşağı düşdükcə insanlar daha da qəddarlaşır, lap aşağıya endikcə ümumiyyətlə insanlar ölüdür. Ən sonuncu səviyyə isə 333-dür. Hər mərtəbədə 2 nəfər olduğunu düşünsək, bu 666 edir. Dantenin müəyyən səviyyələrdən ibarət “Cəhənnəm” əsərinin metaforası da ola bilər.
“Platforma” və ya “Dəlik” filmi bizə üzərində düşünməyə əsaslı məsələlər, paralel aparmağa real nümunələr təklif edir. Yuxarıdakı, aşağıdakı yoxsa (yaşamağa çalışarkən) yıxılan olacağıq? Yoxsa sistem həqiqətən mükəmməldir və məğlub edilməzdir?