“Ulduzlara doğru”…  və ya bir az da o tərəfə

 “Ulduzlara doğru”…  və ya bir az da o tərəfə

Ceyms Qrey’in (“Ulduzlara doğru” filminin rejissoru) yaradıcılığı XX əsrin 90-cı illərindən başlayır. Artıq, ilk filmi ilə (“Kiçik Odessa”, 1994) diqqətləri cəlb edən rejissor, bu filmə görə “Venesiya Film Festivalı”nda “Gümüş Şir”(Silver Lion) mükafatına layiq görülmüşdü. “Kiçik Odessa” filmi, ailə münasibətləri mövzusunda çəkilmiş kriminal dramdır. Ceyms Qrey, bu mövzuya demək olar ki, bütün yaradıcılığı boyu toxunmuşdur. Onun filmlərində baş verən hadisələr, filmin, bir-biriylə qohum olan qəhramanları arasındakı gərginliyin təzahürüdür. Rejissor, “Kiçik Odessa” filmində nəhəng Maksimilian Şel ilə gənc, lakin çox istedadlı Tim Rot arasında düyünə saldığı ata-oğul münasibətlərini, “Ulduzlara doğru”  filmində ustad Tommi Li Cons’la, ondan heç də geri qalmayan Bred Pitt arasında bir növ açmağa çalışmışdır.

 

“Ulduzlara doğru” filminin baş qəhramanı, mayor-astronavt Roy Makbrayd işinin peşəkarıdır. Ən təhlükəli anlarda belə, Royun şüuru hisslərinə hakim kəsilə bilir. Filmin əvvəlində kosmik stansiyada qəza baş verir və bu qəza  Royun həyatına son qoya bilərdi, ancaq, hətta bu məqamda belə o, vəziyyəti idarə edə bilir, onun nəbzi səksəndən yuxarı qalxmır. Lakin, bütün film boyu peşəkarlıq maskası altında gizlənən soyuqqanlılığın iç üzü, Roy Makbrayd’ın, Mars planetindəki “NASA”-nın məxfi bazasında atasının sağ olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə ona səsli məlumat göndərməsi zamanı ifşa olunur. Bazanın əməkdaşları, Roy’un həyacanlandığını və hisslərini idarə edə bilmədiyini aşkar edirlər. Bu epizoddan sonra, tamaşaçı, xəyallarında qayıdır filmin əvvəlinə – kosmosda elmi-tədqiqat stansiyasında baş verən qəza zamanı Roy Makbrayd’ın kosmosdan yerə qədər yuvarlanması səhnəsini bir daha seyr edir. Aydın olur ki, skafandrın içindən çölə zillənən buz kimi baxışlar, soyuqqanlılıq heç də peşəkarlığın deyil, sadəcə, həyata, ətrafa, İv’ə (Liv Tayler), eləcə də ölümə necə biganə olmasının təzahürüdür. Məhz bu zaman tamaşaçıya aydın olur ki, Roy’un, sükutu, tənhalığı, bütün hissləri və hissizlikləri qeyri-müəyyənliyin bəhrəsidir. Roy, hər səfərində kosmosa uçanda, suallarına cavab tapacağı ümidiylə yola çıxır. O, başa düşməyə çalışır ki, on yeddi il əvvəl onu və anasını qoyub, ucu-bucağı olmayan kosmosa gedən atası sağdırmı?! Bəlkə, o, heç vaxt onları atıb getməyib?! Bəlkə, heç onun atası olmayıb?! Ata obrazı, bəlkə, anasının uydurmasıdır?! Bəlkə, elə İsa’nın atası, həm də onun atasıdır?!… Bütün bu suallar, Roy’u, reallıqla illüziya arasındakı qeyri-müəyənlikdə boğur.

 

Mayor Makbrayd’ı Mars planetinə aparan kosmik gəmi, yolda SOS siqnalı alır. Təlimata əsasən, gəmi heyəti SOS siqnalına cavab olaraq, siqnal gələn kosmik gəmiyə kömək etməlidir. Lakin, mayor Makbrayd bunun əlehinədir. Çünki, mayorun Mars planetinə çatdırılması məxfi tapşırığın tərkib hissəsidir. Makbrayd bildirir ki, gəmi, heç bir halda ləngiməməlidir! Bu fikir, gəmi heyətinə qeyri-insani görünür və Makbrayd’ın təkidlərinə baxmayaraq, səlahiyyətli gəmi kapitanı öz qərarını verir – gəminin kapitanı və mayor Makbrayd, SOS siqnalı gələn elmi-tədqiqat gəmisinə yollanırlar. Humanist kapitan, alimlərin elmi təcrübəsinin qurbanı olan meymunun hücumuna məruz qalır və həlak olur. Bu, tükürpədən, çox qorxunc bir səhnədir. Vəhşiləşmiş meymun, kapitanı diri-diri yeyir. Əslində, bu kadrı insan vəhşiliyinin metaforası kimi başa düşmək olar. Təbiətmi bizdən qisas alır, yoxsa özümüz-özümüzdənmi?!

 

Filmin sonunda Roy, atasını yerdən milyardlarla kilometr uzaqda, Günəş sisteminin dərinliklərində, Neptunda tapır. Bu qarşılaşma, tamaşaçıya oğlun atasına qovuşması təəssüratını bəxş etsə də, bir az sonra onu ayrılıqla məyus edir. Bəlkə də, Roy, atası ilə deyil, özüylə, öz qorxuları və tərəddüdləriylə üz-üzə gəlmişdi. Bu ayrılıq da, elə həmin tərəddüdlərə son qoymaq idi. Sual yaranır, özünu tapmaq üçün bu qədər məsafə qət etməlisənmi?!  Oğulun, atasını tapması üçün, kainatın bir ucundan, digər ucuna qədər ağlasığmaz məsafə qət etməsi, insanlar arasındakı anlaşılmazlığın, məsafənin metaforasıdır. İnsanlar arasındakı məsafə ulduzlardan da o tərəfədir… Toz qədər xırda bir məxluqun – insanın, özü ilə ruhu arasındakı kosmik məsafəni qət etməsi, həmişə yanında olan, lakin, heç vaxt görmədiyi yaxınlarını tapmasına kömək oldu. Roy Makbrayd, özünə, öz qorxularına, tənhalığına və İv’sizliyə qalib gəldi.

 

“Ulduzlara doğru” filmində, Bred Pitt, Roy Makbrayd’ın xarakterini, obrazın fəlsəfəsini, özünün rəngsiz, lakin zillənmiş  baxışları, qulaq batıran sükutu və Axillessayağı soyuqqanlı davranışları ilə çox gözəl yaşaya bilmişdir.

 

Operator işinə gəldikdə isə, artıq, “Ulduzlararası” (rejissor-Kristofer Nolan, 2014) filmindən ucsuz-bucaqsız kosmosu və heybətli planetləri kameranın obyektivindən görməyi bacaran Hoyte van Hoytema’nın “Ulduzlara doğru” filmindəki iri planlı çəklişləri göz oxşayır. Filmdə ata Makbrayd’la, oğul Makbrayd’ın ayrılıq səhnəsi, ucsuz-bucaqsız kosmos, nəhəng planetlər və bu ahəngdarlığın fonunda toz dənəciyi qədər iki xırda məxluqun – insanın, bir-birilərini yenidən itirmələri səhnələri düşündürücüdür. Tamaşaçıya elə gəlir ki, filmin operatoru Hoyte van Hoytema (və  rejissor  Ceyms Qrey), xırda insanları kosmos, planetlər, sonsuzluq kimi nəhəng fenomenlərin fonunda kamerasının obyektivinə salmaqla, bütün gərginliklərinə, arzularına, iddialarına, idarə etmək istəklərinə, yaşamaqlarına, törəməklərinə, ölməklərinə, hətta, sevməklərinə belə  baxmayaraq, insanların həqiqətən də bir toz dənəciyi qədər-hər mənada-xırda olmaqlarına işarə edir. Bu mənada operator işi təqdirə layiq hesab edilə bilər.

 

Bu film, sonsuzluq və əbədiyyət, insanlar arasındakı uzun ayrılıqlar, sonsuz məsafələr və tənhalıq haqqındadır… Bir də qovuşmaqlar haqqındadır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir